Rusiyanı qapadan "Hindistan ştammı": Dünya yeni dalğa ilə üzləşə bilərmi?

  Rusiyanı qapadan "Hindistan ştammı":  Dünya yeni dalğa ilə üzləşə bilərmi?
  18 İyun 2021    Oxunub:6046
Hindistanda aşkar edilən koronavirus ştammı Dünya Səhiyyə Təşkilatı tərəfindən “Delta” adlandırılıb. Onun daha yoluxucu, daha ağır fəsadlara səbəb olduğu və vaksinlərə, dərmanlara daha az təslim olduğu bildirilir.
Bu ştamm koronavirusun digər növlərindən E484Q və L452R -in iki əsas mutasiyası ilə fərqlənir. Mütəxəssislər etiraf edirlər ki, bu variantdakı üçüncü mutasiya, P681R, potensial olaraq "gücləndirilmiş ötürücülüyə" səbəb ola bilər.

Hindistan variantının əlamətləri hansılardır?

Hindistan ştammına yoluxmuş xəstələrdə koronavirus infeksiyası simptomları tipik deyil. Yeni ştamma yoluxan insanlar səhvən "COVID-19"a mübtəla olmadıqlarını düşünürlər. Məsələn, Hindistan ştammında qoxu hissinin itməsi yoxdur. Bu zaman xəstəlik mədə-bağırsaq probleminə, simptomları isə zəhərlənməyə bənzəyir.



Rusiyada vəziyyət necədir?

Hindistanda əhalinin kütləvi şəkildə yoluxmasına, ağırlaşmaların və ölüm hallarının artmasına səbəb olan yeni ştamm Rusiyada da sürətlə yayılmağa başlayıb. İyunun 3-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova ölkədə yeni koronavirus ştammına yoluxma hallarının 1000-dən çox olduğunu, onlardan 70 faizinin Britaniya, 24 faizinin Hindistan variantı təşkil etdiyini vurğulayıb. Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, koronavirusun Hindistan ştammına yoluxma müalicəsi ənənəvi müalicə sxemindən fərqlənmir, lakin bu, müəyyən düzəliş tələb edə bilər.

Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdyev deyir ki, “Delta” ştammına yoluxma xəstəliyin daha ağır gedişatına səbəb ola bilər.

Məlumata görə, Rusiyada "COVID-19"a yoluxmada Hindistan ştammının payı son dörd həftə ərzində 80% -i keçib. Rusiyada son sutkada koronavirusa 17 262 nəfər yoluxub. Beləliklə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 5 281 309-a çatıb. Son dövrdə 453 nəfər, ümumilikdə isə 128 445 nəfər xəstəlikdən ölüb. Hindistan ştammının sürətlə yayılması səbəbindən artıq Moskvada bir sıra məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, ÜST Hindistan ştammı barədə Avropa ölkələrini xəbərdar edib. Bildirilib ki, bu ştamm hətta immuniteti yüksək olanları da haqlaya bilir. ÜST keçən ilin səhvlərini təkrarlamamağa çağırıb.



Tibb elmləri doktoru, professor Adil Qeybulla Azvision.az -a bildirib ki, Hindistan ştammı ilk dəfə Şərqi Benqaliya ştatında, Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb.

“Müəyyən edilib ki, virusda ikili mutasiya əmələ gəlib. Bunlar B.1.617 B.1.618 mutasiyalarıdır. Nəticədə virusun genomunda olan arxitektonika nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb. İkiqat mutasiya nəticəsində virusun immun reaksiyadan yayınma qabiliyyəti yaranıb”.

Professor qeyd edib ki, Hindistan ştammı ikiqat mutasiya uğrayan ştamm olduğu üçün virus xeyli dəyişikliyə uğrayıb, onun xassəsi də dəyişib:

“Onun törətdiyi COVID-19 xəstəliyinin klinikası əvvəlkilərdən xeyli fərqlənir. Daha çox mədə-bağırsaq əlamətləri ilə davam edir. Dünya mütəxəssisləri bu ştammın yayılmasından ciddi narahatdırlar. Yeni ştamm yayılarsa qorxulu, dördüncü dalğanın yaranmasına səbəb ola bilər. Bəzi mütəxəssislər Hindistan ştammının yayılmasının yeni pandemiyanın başlanğıcı ola biləcəyini qeyd edib”.

Son günlər ölkədə epidemioloji vəziyyətin stabilləşdiyini deyən A.Qeybulla karantin qaydalarına ciddi əməl etməyin vacib olduğunu qeyd edib: “Rusiyada, Gürcüstanda artıq Hindistan ştammına yoluxanlar var və bu say artır. Ölkəmizdə hazırda yumşalamalara gedilib. Lakin ehtiyatlı olmalıyıq və qaydalara əməl etməliyik. Nəzərə almalıyıq ki, epidemioloji vəziyyət yenə də sərtləşə bilər. Azərbaycana digər ölkələrdən uçuşların bərpasına artıq başlanılıb. Xəstə insanların Azərbaycana gəlməsi və buradan getməsi mümkündür. Ona görə də transsərhəd ərazilərdə nəzarət gücləndirilməlidir. Hansısa xəstəlik əlaməti, mədə-bağırsaq pozuntusu olan, dad və iy bilməni itirən, ümumiyyətlə COVID-19-a xas digər əlamələtləri olan şəxslər yaxşı olarkı karantinə alınsın. Lakin istənilən halda miqrasiya xəstəliyin yayılmasına rəvac verə bilər. Epidemioloji vəziyyət stabil olduğu üçün uçuşların bərpası müvəqqəti xarakter daşıyır. Əgər proses bu şəkildə davam edərsə, pandemiyanın sonuna kimi problem yaşanmaz. Epidemiolji vəziyyət pisləşərsə, karantin qaydaları da sərtləşəcək. Ola bilsin ki, uçuşlar dayandırılacaq, ölkə daxilindəki müəyyən hərəkət məhdudluğu tətbiq edilər”.

A.Qeybulla bildirib ki, Hindistan ştammına vaksinasiyanın təsiri ilə bağlı müxtlif fikirlər var: “Lakin hər halda vaksinasiya olunmaq və xəstəliyi keçirənlər arasında immun sistemi yaranan şəxslər nə qədər çox olarsa, bu xəstəliyə davamlılıq artar. Hesab edirəm ki, həmin şəxslər xəstəliyə yoluxsalar belə daha yüngül keçirərlər. Bu baxımdan vaksinasiya olunmaq istənilən situasiyada vacibdir və başqa alternativ yoxdur. Digər tərəfdən konkret olaraq bu ştammlara vaksinlərin münasibəti tam aydınlaşdırılmayıb. "Pfizer" firması vaksinlərinin “Delta” ştammına təsir göstərməsi istiqamətində iş aparır . Molekulyar biologiya səviyyəsində çalışmalar davam etdirilir ki, xəstəlik bu gün dünyaya yayılarsa lazımi vaksinlər olsun”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Hindistan   Ştamm  





Xəbər lenti