Əsəd Cahangir AzVision.az-ın sorğusundan yazdı

Əsəd Cahangir AzVision.az-ın sorğusundan yazdı
  12 Mart 2014    Oxunub:1483
AzVision.az saytının keçirdiyi “Müstəqillik dövrünün ən yaxşı 3 şairi kimdir?” sorğusuna tanınmış tənqidçi Əsəd Cahangir də öz fikrini bildirib. Tənqidçi bildirib ki, sorğuda ən çox adları çəkilən Salam Sarvan da, Qulu Ağsəs də son 20 ildə ən istedadlı şairlərimizdəndir.
“Təsadüfi deyil ki, mənim son iyirmi illik poeziyamıza həsr etdiyim “Devrimdən doğulanlar” adlı məqaləmdə bu şairlərin hər ikisinə xüsusi yer ayrılıb. Odur ki, sorğunun nəticələrini ümumən obyektiv sayıram. Hər ikisini təbrik edirəm. Amma hesab eləmirəm ki, bu nəticələrin onlar üçün xüsusi önəmi olsun. Onlar bu nəticələrsiz də son iyirmi ilin ən sevilən, seçilən şairləri, müasir şeirimizin simasını müəyyən edən imzalardır. Əlbəttə, müşfiqanə dillə desək, “şeirdən, şairdən dövlətli ölkəmizdə” digər istedadlı şairlərimiz də var. İşıqlı lirik şeirlər müəllifi Əlizadə Nuri, Səhər Əhməd, siyasi lirika nümunələri ilə seçilən Pərviz Cəbrayıl, modern forma axtarışları ilə yadda qalan Həyat Şəmi. Mənim üçün Məhəmməd Astanbəyli, yaxud İbrahim İlyaslı kimi şairlər özlərinin sufizmi, Elxan Zal Qaraxanlı türkçü ruhu, Xanəmir modern sufizmi, Murad Köhnəqala tipik postmodernizmi ilə də az önəm daşımır. Yaxud da gənclərdən Emin Piri, Qılman İman, Fərid Hüseyn, Ramil Əhməd və Anar Amin. Məncə, adlarını qeyd etdiyim bu şairlərin hər birinin sorğuda yer tutmaq imkanı var idi.

Amma ictimai rəylə hesablaşmaq lazımdır. Xalq belə istəyir və belə seçir. Bu mənim, sənin, onun istəyindən asılı deyil. O ki qaldı resipiyentlərin cavablarındakı sıralanmanın gözlənilməməsinə, Elxan Zal haqlıdır, bu məsələdə gərək dəqiqlik olaydı. Adlar hansı ardıcıllıqla deyilmişdisə, o ardıcıllıqla da qeyd olunmalıydı.

Ümid edirəm ki, sorğunun təşkilatçıları tutulan iradlardan məyus olmayacaq. İş olan yerdə, söz-söhbət də olmalıdır. İstənilən halda isə sorğunu ədəbi mühitdə canlanma yaradan pozitiv bir olay kimi dəyərləndirirəm. Arzu edirəm ki, Azvision.az saytı bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirsin”.


Teqlər:





Xəbər lenti