İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir - TƏHLİL

   İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir -    TƏHLİL
  22 İyun 2021    Oxunub:5523
Ölkə iqtisadiyyatında müsbət meyillər maydan etibarən özünü göstərməyə başlayıb. Bunu həm pandemiya şəraitinin sovuşmaq istəyi şərtləndirir, həm neftin dünya bazar qiymətləri, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də iqtisadi aktivlikdə bərpa işartıları.
Ümumiyyətlə, makroiqtisadi dayanıqlıq möhkəmləndikcə, iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid artırdı. Budur: cari ilin ilk 5 ayının nəticələrinə əsasən, tənəzzül dayanıb. 2021-ci ilin yanvar-may aylarında ölkədə 31 milyard 532,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azaldığı halda, qeyri neft-qaz sektorunda 4,5 faiz artıb.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşüb.

Əlbəttə, ümumi iqtisadi tənəzzüllə bağlı eniş nə vaxtsa səngiməli idi. Pandemiya sovuşduqca, karantinsiz rejim bərkidikcə, xarici təsirlərin də olmadığı bir şəraitdə iqtisadi azalma dayanmalı idi və dayanacaqdı da... Dünya iqtisadiyyatının aparıcı ölkələrində bərpa prosesi də özünü büruzə verəcəkdi. Düzdür, ölkə iqtisadiyyatının ümumən genişlənməsi və artması üçün intensiv inkişaf tələb olunur ki, buna da “daxildən qaynaqlanan inkişaf” deyilir və bizdə də, məhz buna nail olmaq vacib sayılır. Ancaq tənəzzülün dayanması ilkin şərtdir.

Lakin tənəzzülün dayanması fonunda bir cəhət diqqəti cəlb edir ki, o da bundan ibarətdir: istehlak bazarında qiymətlərdə ilin əvvəlindən başlayan artım davam edir və yanvar-may aylarının yekununa əsasən, məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4 faizdən çox yüksəliş əldə edib. Bu zaman, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil edib.

Ümumiyyətlə, may ayı ərzində qiymətlərin artım sürəti daha yüksək tempdə təşkil edib ki, bu da tənəzzülün qarşısının alınması və yaxud səngiməsi ilə üst-üstə düşdüyündən işgüzar fəallığın dirçəlməsi ilə əlaqədar baş verdiyi təəsüratı yaranır. Halbuki, belə deyil. Bəs, qiymətlərin bahalaşması nə ilə bağlıdır?

İnflyasiyaya dair ötən yazımda qeyd etmişdim ki, bahalaşmanın iki səbəbi var: birincisi, ən çox işlənilən enerjidaşıyıcısı olan Aİ-92 benzinilə dizel yanacağının bu ilin yanvarında bahalaşması və fevralın 1-dən suyun tarifinin artırılması; ikincisi isə pandemiya şəraitinin təsirləri (istehsala zərbə dəyməsi)... Digər tərəfdən, neftin qiymətinin 70 ABŞ dolları ətrafına qalxması ilə tələbatın bərpa olması və s. kimi amillər səbəbindən ilin əvvəlindən dünya üzrə də bahalaşmanın baş verməsi də az əhəmiyyətli sayılmır.

Ancaq inflyasiyanın davam etməsinin başqa səbəbləri də var. Bu da ö lkəyə idxalın genişlənməsidir. Özü də əsas ticarət tərəfdaşı olan ölkələr tərəfindən. Hansı ki, həmin ölkələrdə milli valyutalar həm də ABŞ dollarına nəzərən ucuzlaşmaqdadır. ABŞ dolları dünya üzrə də möhkəmlənir, manatsa bunun müqabilində eyni nöqtədə “ilişib qalıb”. Yəni, bahalaşmağa meyillidir. Belə şəraitdə isə istehlak bazarında qiymətlərin yüksəlməsi qaçılmaz xarakter daşıyır və daşımalıdır da.

Cari ilin ilk 5 ayı ərzində idxal-ixrac əməliyyatlarında qonşu və qardaş Türkiyə, Gürcüstan və Rusiya Azərbaycanla ticarət əlaqələrində müsbət saldoya sahib olublar. Yəni, daha çox ixrac ediblər, nəinki idxal. Məsələn, bu ilin yanvar-may aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarətin həcmi 1,867 milyard ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,2 faiz çoxdur.
Amma diqqət yetirin: Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,207 milyard dollar təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 3,4 faiz az, idxalın həcmi isə 660,433 milyon dollar olub ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 7,5 faiz çox təşkil edib.

Gürcüstanla da vəziyyət eynidir. Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 408 milyon 124,1 min ABŞ dolları təşkil edib ki, bu zaman Gürcüstandan Azərbaycana 195,5 milyon dollar dəyərində məhsul (illik müqayisədə 14,6 faiz çox) ixrac olunduğu halda, adı çəkilən ölkənin Azərbaycandan idxalı 4,7 faiz azalaraq 212,5 milyon dollara bərabər olub.

O cümlədən, Rusiya ilə də... İlk 5 ay ərzində Rusiyaya ixrac 291 360.82 min ABŞ dolları təşkil edibsə, bu ölkədən idxal 767 961.74 min dollara bərabər olub. Ümumiyyətlə, ölkəmizə idxalda Rusiya birincidir.

Bütün bu faktlar ciddi araşdırma və nəzarət tələb edir. Bəli, Azərbaycan iqtisadiyyatının bərpası inamla davam edir. 2021-ci ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artaraq, 908 milyon dollar təşkil edib ki, bu, olduqca müsbət hadisədir. Cari ilin ilk beş ayı ərzində ümumi ixrac da əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.

Ancaq nə qədər ki, manat möhkəmlənməyə meyilli olduğundan, ölkəmizə idxal stimullaşdırıcı xarakter daşıyır, bizdən ixrac üzrə artım ləng inkişaf etməklə yanaşı, istehlak qiymətləri indeksi də daha çox yüksəkliyə doğru istiqamət götürəcək. Hökumətin inflyasiyaya aid cari ilə dair proqnozu 4 faiz ətrafındadır və qeyd olunur ki, bu, özünü doğruldacaq. İstehlak qiymətlərinin real artım səviyyəsi isə bunu gözləməyə əsas vermir.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər:





Xəbər lenti