Virus əks-hücuma hazırlaşır: Şans vermək olmaz

Virus əks-hücuma hazırlaşır:  Şans vermək olmaz
  23 İyun 2021    Oxunub:1694
Azərbaycan son ildə dünyaya pandemiya ilə mübarizədə bir sıra nümunələr göstərdi. Həm pandemiyanın ilk günlərindən səhiyyə sistemində infrastrukturun yaxşılaşdırılması, modul tipli xəstəxanaların tikilməsi, həm peyvəndlənmə işlərinə erkən başlanması, həm də digər tədbirlər sonda öz sözünü dedi. Zamanında atılan addımlar nəticəsində Azərbaycan iqtisadiyyatı və ümumilikdə cəmiyyəti başqa ölkələrlə müqayisədə daha az zərərlə üzləşdi.
Son aylarda isə, Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma sayında ciddi azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə olunur. İlin əvvəlindən başlamış vaksinasiya xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılmasına imkan yaratdı. İnsanlar artıq əvvəlki tək açıq havada maska taxmaq məcburiyyətində deyillər, uzun müddət qapalı qalmış idman zalları, məscidlər, mollar açılıb. Hətta epidemioloji vəziyyət yaxşı olan ölkələrlə hava əlaqəsi də bərpa edildi. Bu günlərdə isə, əhalinin ən çox müzakirə etdiyi məsələ - toyların keçirilməsi ilə bağlı yumşalmalara gedildi. Amma bütün bunlar həm də riskin artması deməkdir.

Əhalinin peyvəndlənməsi göstəricilərinə görə MDB-də liderik


Dünyanın aparıcı ölkələrilə eyni vaxtda vaksinasiyanın həyata keçirilməsinə başlayan Azərbaycan hazırda əhalinin peyvəndlənməsi göstəricilərinə görə MDB məkanında liderdir. Bu göstəriciyə nail olmaq asan deyildi. Dünyada vaksin qıtlığı yaşananda Azərbaycan hökuməti nüfuzundan istifadə edərək, operativ davranmağı bacardı və əhalinin tələbatını ödəmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş vaksinlərin ölkəyə gətirilməsini təmin etdi. Yeri gəlmişkən, Azərbaycan yalnız bir ölkəyə məxsus olan vaksindən yararlanmadı. Hazırda əhalinin ayrı-ayrı şirkətlərə məxsus bir neçə peyvənd arasında seçim imkanı var.



Artıq əsasən vaksinasiyanın yaratdığı kütləvi immunitet sayəsində yoluxmalar azalıb. Ölkə yavaş-yavaş əvvəlki həyatına qayıdır. Amma bir şeyi unutmaq olmaz ki, virus təhlükəsi hələ sovuşmayıb, hər an yeni dalğaların yaranması gözləniləndir. Bəzi ölkələrin təcrübəsi göstərir ki, təhlükə realdır, özü də bu dəfə mutasiya olunmuş viruslardan gəlir. Məsələn, Hindistan artıq neçə aydır ki, pandemiya ilə mübarizədə ağır zərbələr alır, ölkədəki yoluxma və ölüm sayı rekord vurur. Məhz “Hindistan ştamm”ı dünyanı yeni təhlükələrlə üz-üzə qoyub.

Hindistandan Peruya qədər

Hindistanda yayılmış ştamm artıq ikinci dəfə mutasiyaya uğrayıb. Koronavirusun yeni variantına hətta xəstəlik daşıyıcısı olan birinin yanından sadəcə maskasız keçməklə də yoluxmaq olur. Bundan əlavə, həkimlər və səlahiyyətlilər "Delta-plus" (B.1.617.2.1) adlanan yeni mutasiyanın monoklonal antikorlara qarşı davamlı olmasından narahatdırlar. Hazırda alimlər mövcud peyvəndlərin yeni ştammla mübarizədə nə qədər təsirli olduğunu qiymətləndirmək üçün araşdırmalar aparırlar. "İndia Today"in məlumatına görə, Hindistanın Tibb Elmləri İnstitutunun direktoru Randip Quleria "Delta-plus"un ölkədə güclü dalğanın yaranması təhlükəsini artırdığını deyib.



Bu azmış kimi, "Peru ştammı" da digər tərəfdən yayılır. Rusiyada tüğyan edən “Hindistan ştamm”ı artıq Gürcüstan və Belarusda da qeydə alınıb. Gündəlik 5-6 yoluxma halı qeydə alınan İsrailin özündə belə, gün ərzində bu rəqəm 125-ə yüksəlib. Artıq orada ölkənin rəhbərliyi məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və revaksinasiyaya hazırlaşır.

Qısası, son aylarda görülən operativ tədbirlər və effektiv peyvəndlənmə kampaniyası təhlükəni tam aradan qaldırmır, yeni dalğanın baş qaldırması riski qalır. Nəzərə almaq lazımdır ki, hazırda bütün dünyanı qayğılandıran “Hindistan ştamm”ı artıq sərhədlərimizə qədər gəlib çata bilib. Demək, Azərbaycana keçmə ehtimalı yüksəkdir. Bu mənada, vətəndaşlarımız daha məsuliyyətli olmalı, əvvəlki tövsiyələrə əməl etməli, gigiyena qaydalarını qorumalı və ən əsası, hazırda yoluxmaların xeyli dərəcədə azalmasına səbəb olan vaksinasiya prosesində fəallıq göstərməlidirlər. Əks halda virusun əks-həmləsi yenidən məhdudiyyətlərə də gətirə bilər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Koronavirus   Hindistan-ştammı  





Xəbər lenti