Erməni terrorunun yer altındakı davamı - TƏHLİL

   Erməni terrorunun yer altındakı davamı -    TƏHLİL
  20 İyul 2021    Oxunub:4249
Tədqiqatçı Hit U.Louriyə görə, erməni terror təşkilatlan təkcə türk vətəndaşlarını qətlə yetirməklə kifayətlənmirdilər. Müxtəlif millətdən olan günahsız adamlar - amerikalılar, portuqaliyalılar, isveçlilər, kanadalılar, fransızlar, avstraliyalılar... da tez-tez bu sərsəm ideyanın qurbanları olublar.
Erməni terror birləşmələri tərəfindən ABŞ, Fransa, İtaliya, Almaniya, Böyük Britaniya və digər ölkələrdə həyata keçirilmiş terror hadisələri, tələbləri, nəticələri haqda kiçik tarixi ekskurs etdik. Qayıdaq erməni terrorunun danışan dili – polkovnik Qumaşyan məsələsinə.

Burada məsələnin anlaşılmaz tərəfi ABŞ-ın hüquq-mühafizə orqanlarının susqunluğudur. Həmin ölkəyə sığınıb, iyrənc formada, təkəbbürlə, açıq-aşkar şantaj və terror tələbli fikirlərini sosial şəbəkələrə axıdan bu terrorçunun hələ də sorğu-sual edilməməsi anlaşılan deyil. Axı, cinayət tərkibli bu açıqlama təkcə Azərbaycana deyil, ümumiyyətlə, regiona, insanlığa qarşı çağırışdır. Minsk Qrupunun həmsədr dövləti belə açıq, cinayət dolu çağırışa, insanlıq əlehinə olan bu şantaja niyə reaksiya vermir? Elədirsə, erməni terrorunun xronologiyasına bir daha baxmaq məsləhətdir. Orada amerikalı məmurların, müxtəsəssislərin açıqlamaları da var. Təkrar diqqətlə oxuyun. Hələlik bu şərtlər Azərbaycana qarşı irəli sürülür, zaman gələcək, hücumun hədəfi dəyişəcək. Bunu yaddan çıxarmayın.
Kurskda pensioner kilometrlərlə ərazini minaya düşmədən keçib

Digər tərəfdən, biz müharibəyə qədər, müharibə vaxtı və ondan sonra ermənipərəst təşkilatların, KİV-in, şəxslərin bəyanatlarını çox eşitmişik. Amma işğaldan azad olunmuş Kəlbəcərdə erməni silahlı qüvvələrinin terror məqsədilə basdırdığı minada həlak olan 2 azərbaycanlı jurnalistin haqqında onlardan heç bir kəlmə də eşitmədik. Bəli, bu, ikiüzlük və riyakarlıq olmaqla yanaşı, müasir dünyanın ədalətsiz kəsiminin görünüşüdür.

Ən qəribəsi budur ki, Azərbaycanda hər dəfə mülki şəxs mina partlayışında həlak olanda Ermənistanda sosial şəbəkələrdə ehtiraslar cuşa gəlir, gur alqışlar eşidilir, hətta bir-birini təbrik edənlər də az olmur. Bunun insanlıqla bir araya necə sığdığını izah etməkdə çətinlik çəkirik. Təsəvvür edin, rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 25 vətəndaşı həlak olub, yüzdən çox insan yaralanıb. Ümumilikdə isə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb. Belə dəhşətli statistikanın fonunda bir tərəfdə Ermənistanda yaşanan sevinc impulslarını, bir-birini təbrikləri, sanki qələbə çalıbmışlar kimi şadyanaqlığı, digər tərəfdə isə Ermənistanın mina xəritələrini təqdim etməkdən imtina etməsi və ya şərtlə təqdim etməyə razılaşmasına heç bir dövlət, heç bir beynəlxalq təşkilatın, heç bir müvafiq instansiyanın reaksiya verməməsini göz önünə gətirin. Beynəlxalq ictimaiyyət, o cümlədən, ATƏT-in Minks qrupunun həmsədr dövlətlərinin başçıları – ABŞ və Fransa prezidentləri işğaldan azad edilmiş ərazilərdə heç vaxt olmamış erməni “mədəni abidələrinin” qorunması və Azərbaycanda olmayan erməni əsirlər haqqında canfəşanlıqla bəyanatlar verir, özlərini ədalətli vasitəçi kimi göstərməyə çalışırlar.



Ancaq onlar və eyni siyasi cinahdan çıxış edən dövlətlər indiyədək Ermənistana minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinə dair bir cümləlik belə bəyanat ünvanlamayıb, bu addımı atmadığı üçün rəsmi Yerevan qınanılmayıb, heç bir təzyiqə məruz qalmayıb. Azərbaycana qarşı torpaqlar işğal altında olanda tutduqları mövqedən çəkilməyiblər. Onda Ermənistanı işğalçılıq fəaliyyətinə görə tənbeh etmirdilər, indi minalanmış ərazilərin xəritələrinin vermədiyi üçün irad tutmurlar.

İndi isə məsələnin hüquqi tərəfi haqda. Ermənistanın mina xəritələrilə şantajı hansı beynəlxalq akt və hüquqi sənədlə mühakimə olunmalıdır?

Mina xəritələrinin verilməsi heç də Ermənistanın xoşməramlı hərəkətinin nümayişi deyil, bu haqda danışdıq artıq. Bunu həmin ölkənin razılaşdığı, imzaladığı beynəlxalq hüquqi aktlar tələb edir. Həmin sənədlərdən biri və demək olar ki, ən vacibi - 1980-ci ilin oktyabr ayında qəbul olunmuş “Çox zərər törədən və böyük dağıntılara səbəb olan bəzi adi silahların istifadəsinin qadağan olunması və ya məhdudiyyətlər qoyulması haqqında Cenevrə Konvensiyası”na görə döyüş bölgəsində mina və digər partlayıcı qurğuların basdırılması mütləq qeydə alınmalıdır. Belə çıxır ki, əgər Ermənistan minalı sahələrin qeydiyyatını aparmayıbsa, beynəlxalq akta görə məsuliyyət daşıyır. Yox, əgər mina xəritələri varsa və təqdim olunmursa, bu da beynəlxalq hüquq və normaların kobud şəkildə pozulmasıdır, yenə də məsuliyyət daşıyır.

Qeyd etdiyimiz Cenevrə Konvensiyasının “Minaların, mina-tələlərin və digər qurğuların tətbiqinin qadağaın olunması haqda 2-ci Protokolu”nun 7-ci maddəsində deyilir: “Minalı sahələrin, minaların və mina-tələlərin qeydiyyatı və aşkar olunması üçün məlumatların verilməsi”. Bu maddəyə görə, konfliktdə olan tərəflər mütləq qaydada minalı sahələrin qeydiyyatını aparmalı, müharibə bitdikdə isə xəritələrin təqdim olunmasını təmin etməlidilər. Həmin Konvensiyanın 2-ci Protokolundakı 6-cı maddədə deyilir: Bəzi növ mina-tələlərin tətbiqinin qadağan olunması. Yəni, formasından, vurduğu ziyanın böyük-kiçikliyindən, maskalanma nəticəsində minaya oxşayıb-oxşamamasından asılı olmayaraq, beynəlxalq tanınmış emblem, işarə və siqnallara, xəstələrə, yaralılara, həlak olanlara, qəbirstanlıqlara və kütləvi dəfn yerlərinə, tibb obyektlərinə, tibb ləvzimatlarına, uşaq oyuncaqlarına, sanitar avtomobil maşınlarına, dini xarakterli obyeklərə və əşyalara, tarixi aidələrə, incəsənət vasitələrinə, heyvanlara bağlamaq, asmaq, bundan sui-istifadə etmək qəti qadağandır.

Bu Konvensiyanın tələbləri yadımıza iki faktı salır.
Birincisi, 44 günlük müharibə dövründə döyüş meydanında həlak olmuş Azərbaycan əsgərlərinin cəsədləri altında mina gizlədilməsi kadrları yayılmışdı. Erməni terrorçular bilirdilər ki, Azərbaycan əsgəri öz yoldaşlarının nəşini götürməyə gələcək və bu səbəbdən, daha çox insanın xəsarət alması üçün belə qeyri-insani metoda əl atmışdılar. Halbuki, Azərbaycan tərəfi müharibə bitəndən bu günə kimi 1600 erməni cəsədini qarşı tərəfə təhvil verib - minasız, təlafatsız, şərtsiz.

Digər fakt. Ermənistan tərəfinin mülki əhaliyə qarşı mina terroru 1994-cü ildə bağlanmış atəşkəs sazişindən bəri sürəkli davam edib. Belə ki, Ermənistan ərazisindən Azərbaycanın Tovuz rayonundan keçən çayla axıtdıqları oyuncağa qoşulan minanın partlaması nəticəsində 1994-cü və 2011-ci illərdə iki azyaşlı uşaq mina terrorunun qurbanı olub.

Yekun?

Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı. BMT TŞ-nin 4 qətnaməsi, Avropa İttifaqının, AŞPA-nın, ATƏT PA-nın, İslam Əməkdaşlıq Şurasının tələb və təkidlərinə baxmayaraq, işğalçı siyasətə davam etdi. Yekunda Azərbaycan təkbaşına həm öz torpaqlarını azad etdi, həm də BMT qətnamələrini yerinə yetirdi.
Beynəlxalq hüququn norma və aktlarına məhəl qoymayan Ermənistan özünü yiyəsi tərəfindən ərköyün böyüdülmüş pişik kimi aparır. Yəni, elə bilin, sahibləri xama oğurlamış pişiyə onu yeməmək haqqında öyüd-nəsihət verir. Nə xahiş, nə qışqırıq, nə şillə effekt verəcək, pişik o xamanı yeyəcək.
Bəlkə dünya nəhayət ki, bu ərköyün uşağı tərbiyələndirsin? Hələ dünya tarixində beynəlxalq hüquq normalarına, aktlara bu qədər sayğısız yanaşan, vecinə almayan, ayaq altına atmasına rəğmən, hər hansı cəza tətbiq edilməyən ikinci bir dövlətə rast gəlinməyib.
Bəlkə, yetər?!.

Sənan Nəcəfov
Xüsusi olaraq Azvision.az üçün



Teqlər: Mina   Erməni-terroru  





Xəbər lenti