Məğlubiyyət etikası olmayanda: Ermənistan ləyaqətini bərpa etməyin son şansını da itirir

      Məğlubiyyət etikası olmayanda:    Ermənistan ləyaqətini bərpa etməyin    son şansını da itirir
  24 İyul 2021    Oxunub:6513
“Düşmən cavab atəşilə susdurulub” – bu şablon ifadə artıq keçmişdə qalmalı idi axı... Amma yox: Biz yenə də onu eşidirik; özü də, bəzən bu ifadənin eşidilmə tezliyi postmünaqişə dövrü üçün normadan artıq olur. Hətta düşmənin açdığı atəş nəticəsində şəhidimiz də var... Nə baş verir?
Əvvəl belə ifadələri eşidəndə bilirdik ki, atəşkəsdir və onun arada pozulmaq kimi bir xüsusiyyəti var. Bilirdik ki, atəşin açıldığı mövqe də Azərbaycan torpağındadır və bir gün o torpağı qaytarandan sonra daha “düşmən atəşkəsi pozmayacaq”. O gün gəldi, torpağımızı qaytardıq, düşmən məğlub edildi, amma... atəş yenə açılır.

Əvvəlcə bu vəziyyətin bir hüquqi izahını vermək lazımdır. Atəş haradan açılıb? Əgər Ermənistan ərazisindən açılıbsa, bu, praktik olaraq, xarici müdaxilədir və məsələ beynəlxalq hüquq müstəvisinə çıxarılmalıdır. Hər bir dövlətin, o cümlədən də, Azərbaycanın özünü müdaxilədən müdafiə etməyə haqqı var. Amma bunu təyin etmək üçün əvvəlcə dəqiq sərhəd xətti çəkilməlidir. Əgər sərhəd yoxdursa, onda qoşunların təmas xətti var. Və həmin zonada bir gün şillə-təpik açılırsa, növbəti gün atəşin açılmayacağına heç kim zəmanət verə bilməz.

Əvvəllər bizin diplomatiyamızın və jurnalistikamızın dilində tez-tez işlənən bir ifadə vardı: “Beynəlxalq birlik Ermənistana təzyiq etməlidir...” İndi yenə də onu köynəkdən çıxarmağın vaxtıdır. Bu dəfə sərhədlərin müəyyənləşməsi üçün. Dünya birliyi, əlbəttə, bu məsələdə də Ermənistana heç bir təzyiq etməyəcək. Və bir müddətdən sonra Azərbaycan artıq sınanmış metodu işə salmalıdır.

Problem ondan qaynaqlanır ki, iki tərəfin gündəliyi arasında ciddi bir desinxronizasiya var. Biz postmünaqişə dövrünün başladığını elan etmişik, Ermənistan isə hələ münaqişə dövründədir və oradan çıxmaq istəmir. Əvvəl məkanımıza soxulduğu kimi, indi də zamanımıza soxulub. Azərbaycan ləyaqətlə qələbə qazanmışdı və indi də qələbə etikasının bütün prinsiplərini gözləyərək, özünü Qalib ləyaqətilə aparır; Ermənistan isə birinci Qarabağ müharibəsini ləyaqətsiz şəkildə udmuşdu, ikinci müharibəni ləyaqətsizcəsinə uduzdu, heç olmasa, indi məğlub etikasının prinsiplərinə əməl etməklə, itirdiyi ləyaqətini az da olsa bərpa edə bilərdi, fəqət heyhat... Ləyaqətsizlik silsiləsi davam edir.

İstənilən müharibədə qalib və məğlub tərəf var; aktiv hərbi əməliyyatlar bitəndən sonra hər bir tərəf döyüşlərdən çıxdığı statusuna uyğun davranmalıdır. Məğlub tərəf sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır. Ermənistan isə məğlub tərəf ola-ola qalib tərəfin sərhədlərini tanımaq istəmir... Dünya siyasəti hələ bu qədər absurd görməyib.

Bu vəziyyəti heç bir sağlam məntiqlə izah etmək mümkün deyil. Yeganə izah bu ola bilər ki, Ermənistan müstəqil dövlət kimi yox, kiminsə uzantısı kimi çıxış etdiyi üçün belə davranır. Amma kimin? Rusiya proseslərin bu cür inkişafında açıq-aşkar maraqlı deyil. Hazırda yalnız Fransa ermənilərin “münaqişə bitməyib” iddiasına açıq dəstək verir.

Azərbaycan prezidenti bu sualı dəfələrlə təkrarlayıb: “Münaqişə bitməyib” deyənlər münaqişənin bitməsini necə təsəvvür edirlər? Qarabağa xüsusi status heç bir halda verilməyəcək. Azərbaycan prezidentinə, onun xarakterinə və prinsiplərinə bələd olanlar bunu əla bilirlər. Qarabağın statusu müharibədən əvvəl danışıqların predmeti ola bilərdi, danışıqları isə Ermənistan pozdu. Azərbaycan torpaqlarını döyüşərək azad edəndən sonra Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur. Elə isə, münaqişənin bitməsi üçün nə lazımdır? Nə qalır?

Vəziyyət dalana dirənir.
“Münaqişə bitməyib” – bu, çox təhlükəli situasiyadır. Kəlbəcərdəki atışmaya məhz onun fəsadı kimi baxmaq lazımdır. “Münaqişə bitməyib” demək azdır, bunu sübut da eləmək lazımdır. Ən yaxşı sübut isə güllə səsidir. Ona görə də, Ermənistan tərəfi dediyini bu yolla isbatlamağa çalışır.

Bu dalandan yeganə çıxış var: Məğlub tərəf özünü məğlubiyyət normalarına uyğun aparmalıdır. Ermənistan məğlub olduğunu bilir, amma qəbul eləmək istəmir. Ya ermənilər acı da olsa, reallıqla barışmalıdırlar, ya da növbəti toqquşma gec-tez qaçılmaz olacaq. İstisna deyil ki, bu, kiməsə lazımdır. Həmin o “kimsə” Azərbaycan deyil. Əslində, heç Ermənistan da deyil. Özləri bunu nə qədər tez başa düşsələr, o qədər yaxşı olar.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti