Paşinyanın manevrləri (sər)həddini aşır - Şərh

Paşinyanın manevrləri (sər)həddini aşır -  Şərh
  29 İyul 2021    Oxunub:3976
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan hər dəfə “qoşunların qarşılıqlı geri çəkilməsi” və sərhəd boyu Rusiya sərhədçilərərinin, yaxud, beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifilə çıxış edir. Paşinyan iddia edir ki, bu, sərhədlərin demarkasiyayı prosesini başlatmağa imkan yaradacaq.
Aydın məslədir ki, Paşinyan sərhədlərin demarkasiyasında maraqlı deyil. Onun təklifinin altında yatan məqsəd başqadır - “beynəlxalq müşahidəçilər” mövzusunu yenidən gündəmə gətirmək. Bu məsələnin gündəmə gətirilməsində maraqlı tərəf təkcə Paşinyan deyil. İrəvana 2,6 milyard avro həcmində sanballı yardım vəd edən Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də regiona səfəri zamanı AB-nin müşahidəçilərini bölgəyə yerləşdirməyə hazır olduğunu bildirmişdi. Təkcə bu fakt, təklif məsləsində Ermənistanla Fransanın əlbir olduğunu deməyə rəvac verir.

Üstəlik, bu təklif həm də, Ermənistan və Fransanın Qarabağ planları ilə bağlı yayılan söhbətlərin fonunda irəli sürülüb. Rusiya KİV-lərinə "sızan" məlumatlara görə, Ermənistan və Fransanın təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurası Qarabağ və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı yeni qətnamə qəbul edə bilər. Hərçənd, bunun dezinformasiya ola biləcəyi də istisna deyil.

O ki, qaldı Rusiyaya, təklifdən bir həftə keçməsinə baxmayaraq, rəsmi Moskva hərbçilərinin Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşdirilməsilə bağlı İrəvanın istəyinə ciddi reaksiya göstərməyib. Bunun bir neçə səbəbi var.

Birincisi, Rusiya onsuz da, region ölkələrinə kifayət qədər sülhməramlı göndərə bilib. Qarabağda 2 minə yaxın sülhməramlı kontingetə sahibdir. Taliban təhlükəsilə üzləşən Orta Asiyada hərbi mövcudluğunu gücləndirib. Ukrayna ilə gərginlik fonunda sərhədlərə yerləşdirdiyi əsgərləri də var.

Ermənistanın könlünü xoş tutmaq üçün bölgəyə əlavə hərbi qüvvə göndərmək əvəzinə, Rusiya "dəmir yumruğ"un təsirindən birtəhər ayılıb, yenidən avropalı müttəfiqlərinə verdiyi vədlərini yada salan Paşinyanı danışıqlarla başa salmağa üstünlük verir. Paşinyanın Rusiya səfərindən cəmi bir neçə gün sonra Putin onu telefonla da başa salmağa çalışmışdı. Amma o, ya Rusiyanı anlamır, ya da anlamaq istəmir.

Bu yerdə,Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Moskvanın Avropa İttifaqının (Aİ) sülhməramlı təşəbbüslərinə münasibəti barədə verdiyi açıqlamanı xatırlamaq yerinə düşər. Peskov demişdi ki, Aİ-nin sülhməramlı təşəbbüsləri 10 noyabr razılaşmasının həyata keçirilməsinə töhfə verəcəksə, Moskva bunu alqışlayacaq.Yəni, Moskva Peskov vasitəsilə Brüsselə çatdırmışdı ki, onun potensial "sülhməramlı fəaliyyət" dəhlizinin kitabı ötən ilin 10 noyabrından etibarən üçtərəfli razılaşma ilə bağlanıb. Peskov həmçinin bildirmişdi ki, əlavə sülməramlıya ehtiyac yoxdur. Diplomatik dildən tərcümədə, bu o deməkdir ki, Avropa Birliyindən gələn siqnallar Yerevanı Rusiyanın vasitəçiliyilə Bakı ilə aparılan danışıqlarda güzəşt etməməyə sövq edərsə, Aİ-nin sülhməramlıları təşəbbüsü alqışlanmayacaq.

Kreml onu da yaxşı bilir ki, Ermənistan tərəfi əlavə hərbçilərin yerləşdirilməsi təklifilə sərhədlərin demarkasiyası prosesini qeyri-müəyyən vaxta qədər uzatmağa çalışır. Bununla yanaşı, Rusiyanın “hərbi çətir”indən istifadə edir. Bu yanaşma heç bir şəkildə Moskvanın maraqlarına cavab vermir. Rusiya rəhbərliyi anlayır ki, sərhədlərin effektiv demarkasiyası və 10 noyabr 2020, eləcə də 11 yanvar 2021-ci il tarixli razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması bir-birilə sıx əlaqəli proseslərdir, bu prosesə mane olmaq Vladimir Putinin irəli sürdüyü regional konstruksiyalara xələl gətirə bilər.

İkinci "seçim" - Avropalı müşahidəçilərin yerləşdirilməsi – Paşinyanın Moskvaya qarşı istifadə etmək istədiyi "diplomatik qamçı"dır. O demək istəyir ki, əgər Rusiya hərbi qüvvələri yerləşdirməzsə, bölgəyə qərblilər gələcək. Buna Paşinyanın ilk növbədə Ermənistan dövlətçiliyi üçün təhlükəli və axmaq oyunundan başqa bir ad qoymaq olmaz.

Paşinyanın Rusiya ilə Qərb arasında asta-asta manevr etməyə çalışdığı bir vaxtda, Azərbaycan prezidenti Rusiyaya səfər etdi və Vladimir Putinlə birgə saatların əqrəbini kommunikasiyaların blokdan çıxardılması istiqamətinə çevirdi. Qeyd edək ki, bu səfərin də nəticələri Bakı üçün kifayət qədər uğurlu oldu. Mətbuatda Zəngəzur Dəhlizi problemilə bağlı Azərbaycan və Rusiya liderləri arasında ortaq fikirdə olduqları vurğulanır. Moskvada Vladimir Putin İlham Əliyevə şəxsən təşəkkür edərək bildirdi ki, Azərbaycan lideri hər zaman güzəştli həll yolları tapa bilir. Bununla Putin həm də Azərbaycanın məsələlərə konstruktiv yanaşmasını vurğuladı. Bəs Ermənistan rəhbərliyi oxşar münasibət nümayiş etdirə biləcəkimi? Bu sualın cavabı Ermənistan-Azərbaycan sərhədində və Qarabağda hadisələrin gələcək inkişafını təyin edəcək.

Səbinə Həsənova
Azvision.az



Teqlər:





Xəbər lenti