Novruzun simvolu: niyə çərşənbə axşamı? – MARAQLI

Novruzun simvolu: niyə çərşənbə axşamı? – MARAQLI
  17 Mart 2014    Oxunub:1515
Sabah Azərbaycanda İlaxır çərşənbə – torpaq çərşənbəsi qeyd ediləcək. Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətaf aləm canlanır. Adətən xalqımız Novruz bayramı öncəsi dörd çərşənbə axşamını yüksək əhval-ruhiyyə ilə qeyd edir.

İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir.

Bayrama necə başlamaq lazımdır?

Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılıb.

Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axırçərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Axırçərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.

Maraqlıdır, bayramöncəsi təmtəraqla hazırlaşdığımız bu mərasimlər niyə məhz çərşənbə axşamında qeyd olunur? Bunun hər hansı xüsusi bir tarixçəsi varmı?

Folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Kəmalə İslamzadənin sözlərinə görə, həmin mərasimlərin niyə məhz çərşənbə axşamlarında keçirilməsi ilə bağlı dəqiq fikir yoxdur. Ancaq bu barədə ehtimallar da müəyyən qədər məlumat verir.

Ehtimal 1: Təqvim çərşənbə axşamında hasil olub:

“Novruz qabağı bir aylıq boz ay deyilən bir müddət var. 4 çərşənbə də həmin boz ayda keçirilir. Onların tarixçəsi ilə bağlı bir neçə ehtimal var. Onlardan biri də odur ki, e. ə 487-ci ildə Şərq alimləri bir yerə yığışıb günləri, ayları illəri göstərən, həmçinin, illərin müxtəlif heyvanlar üzərində təhvil olunmasını əks etdirən təqvim hesablayıblar. Həmin təqvim çərşənbə axşamında hasil olub. Elə ona görə də, çərşənbə axşamlarında qeyd edirlər”.

Ehtimal 2: Xalq əvvəlcədən işini ehtiyatlı tutub ki, dörd ünsür acıqlanmasın

Foklorşünas ikinci bir ehtimalın da olduğunu bildirib: “Bu, ondan ibarətdir ki, bir çox dünya xalqlarında, o cümlədən də, bizdə çərşənbə günü ağır gün hesab olunur. Həmçinin, çərşənbə cahar-şənbə deməkdir. Yəni onda dörd çərşənbənin ağırlığı var. Dədə-babalarımız çərşənbələrin xətərsiz ötüşməsi, ruhların razı qalması üçün əvvəlcədən işlərini ehtiyatlı tutublar. Onları bol süfrə, şadyanalıqla qarşılayıblar. Belə rəvayət olunur ki, məhz çərşənbə axşamında təbiətin dörd ünsürü, Novruzun elçiləri bu xalqdan xəbər tutmağa gəlir. Onlar gələndə xalqın onları necə qarşılamasından asılı olaraq, özlərini aparırlar”. Onun sözlərinə görə, xalq əvvəlcədən işini ehtiyatlı tutub ki, həmin dörd ünsürü acılandırmasın: “Çünki insanların həyatı bilavasitə o ünsürdən asılıdır. Suyun, odun, küləyin, torpağın gücündən insanlar öz həyatlarında istifadə edirlər. Ona görə də, bu dörd ünsürü müqəddəs hesab ediblər”.

İlaxır yox, ilağır çərşənbəsi

Astroloq, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy isə bildirir ki, əslində ikinci gün həftə ərzində ən çətin gündür.: “Çünki həmin gün Marsın günüdür. Mars da cəngavərliyin, qan-qadanın, müharibənin himayəçisidir. Ona görə də, ikinci gün daha çox dava-dalaş olur, bir-biri ilə insanlar yola getmirlər, sözlərini həzm edə bilmirlər. Heç nədən qaşınmayan yerdən qan çıxır. Bu günün bir neçə adı var dilimizdə. Duz günü, çərşənbə, ağır çərşənbə. İlaxır sözü də “ilağır”dan yaranıb. Belə ki, ilağır, yəni ilin ağır çərşənbələri. Bunu xüsusi bayram şəklində keçirirlər ki, günün mənfi energetikası insanlara ziyan verməsin. Əslində camaat ilaxır deyir, amma bu ilağır olmalıdır”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti