Düşmən hər zabitimizə fərdi kartoteka açıb – Ədalət Verdiyevin yazısı

   Düşmən hər zabitimizə fərdi kartoteka açıb –    Ədalət Verdiyevin yazısı
  04 Avqust 2021    Oxunub:5397
" "Azərbaycanın Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı möhtəşəm Qələbədən sonra Ali Baş Komandan İlham Əliyev Ordu quruculuğunda mühüm əhəmiyyət daşıyan iki qərar qəbul etdi. Bunlardan biri Azərbaycanın türk ordu modelinə keçməsi, digəri isə Ordunun Ştat strukturunun genişləndirilməsilə bağlıdır.
Ordu modelinin dəyişdirilməsi birmənalı olaraq 44 günlük Müharibədəki nailiyyətlərdə Türkiyə Silahlı Qüvvələrindən öyrəndiyimiz nəzəri biliklərin kifayət qədər effektiv olması ilə bağlıdır və bu, təəccüblü deyil. İkinci qərar isə çoxları üçün gözlənilməz idi, çünki adətən müharibələrin sonunda orduların ştat strukturlarında ixtisarlar edilir. Amma Azərbaycan Prezidenti bundan sonra da ərazilərimizin suverenliyinin, müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün heç bir məsrəfi gözə almayacağını, zəruri olan və düşməni bundan sonra da iqtisadi məngənədə saxlayacaq addımlardan çəkinməyəcəyini göstərdi.
Müdafiə Nazirliyi vətəndaşlara və KİV-ə müraciət edib

Əslində ordu modelinin dəyişməsi ilə ştat strukturunun genişləndirilməsi hədəfləri bir-birilə bağlıdır. Artıq proseslərə başlanılıb. Yeni Ordu modelinin tətbiqi zamanı Quru Qoşunlarının komandanlığının yaranması və Baş Qərargahın Silahlı Qüvvələrə deyil, Azərbaycan Ordusuna aid olduğu müəyyənləşdi. Yeni qoşun növünün qərargahı, yeni birlik və birliyə aid çoxlu yeni hərbi hissələrin yaradılması ilə bərabər, mövcud birliklərin ştat strukturları da genişləndirilir. Sadalananlar yalnız Azərbaycanın hərbi potensialının artırılmasına yönələrn addımlardır. Bütün bu proseslər minlərlə şəxsi heyətin, silahların və texnikaların orduya cəlb edilməsilə müşaiyət olunur. Genişlənən strkturlarının rəhbərliyi də vəzifələrə görə müvafiq rütbələrə malik olmalıdır. Təkcə Quru qoşunlarının qərargahında cox sayda general və bundan on dəfə artıq baş zabitlərin xidmət edəcəyini nəzərə almalıyıq. Onların təyinatı prosesi gedir, lakin bunlar mediada, yaxud, sosial şəbəkədə müzakirə ediləcək məsələlər deyil.

Zabit və ya general xidmət ərazisini və vəzifəsini özü seçmir, Vətən onu hara məsləhət bilsə, ora göndərir və zabit həmin yerdə xidmət etməlidir. Təbii ki, yerdəyişməni həyata keçirən orqan bunu müvafiq qanunlar çərçivəsində etməlidir. Yeri dəyişən zabitin əvəzinə isə digəri təyin edilir. Türk ordu modelinə keçidin bu prosesləri daha şəffaf şəkildə aparmağa imkan verəcəyini düşünürəm. Məsələn, türk ordusunda hər bir zabit standart vəziyyətdə nə zaman hansı ərazidə və hansı vəzifədə xidmət edəcəyini bilir, buna görə də ailə və digər münasibətlərini qismən planlaşdırmaq imkanı var.

Sosial şəbəkənin Azərbaycan seqmentində Ordumuzun zabit və generallaının yerdəyişmələri ilə əlaqədar kifayət qədər geniş müzakirələr gedir. Bunların bəziləri tamamilə absurd mülahizələrə əsaslanır və sağlam məntiqə sığmır. Zabit və ya general hərbi xidməti müddətində bəzən 10 dəfə vəzifəsini və hərbi hissəsini dəyişir. Bunu şəxsi təcrübəmə əsasən də iddia edə bilərəm. Kadr dəyişikliyi bundan sonra da, həm də daha geniş şəkildə aparılacaq. Lakin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusunda baş verən ştat dəyişikliyinin, şəxsi heyətin rotasiyasının, kadr islahatlarının və Ordunun fəaliyyətinə dair digər məlumatların rəsmi qaynaqlara istinad etmədən yayılması yanlış addımdır. Bu müzakirələr heç bir təyinatı dəyişə bilməz, amma düşmənə məlumat ötürməklə Ordumuzun gündəlik fəaliyyətlərə maneələr törədəcəyi şübhəsizdir.

Bəzən heç əsgərlikdə olmamış bir şəbəkə istifadəçisi Azərbaycanın qururu sayıla biləcək general barədə absurd xəbər icad edir, başqa biri isə bütün varlığı ilə Vətənə bağlı olan və 40 ilini Orduya həsr etmiş qəhrəmanımızın ailəsinin milliyətini müzakirəə çıxarır. Əslində Azərbaycan kişisi başqasının ailəsini müzakirə etməli deyil, çünki Vətən Müharibəsində digər millətlərin Qarabağımız uğrunda şəhid olduğu tarix çox yaxındadır.

Ermənistanın həm hərbi kəşfiyyatı, həm də Milli Təhlükəsizlik xidməti Ordumuzun birlik və hissələrinin vəzifələri, cavabdehlik zolağı, stat strukturu, silahlanması, tərkibi, komplektləşdirilməsi, imkanları və komandir heyəti barədə fasiləsiz rejimdə məlumatlar toplayır. Bu məlumatların toplanılması üçün hazırda ən rahat mənbə sosial şəbəkələrdir. Bu məlumatlar düşmənə həm sərhəd bölgəsində fəaliyyətlərini planlaşdırmağa, həm də əraziyə aid saxta məlumatları yaymağa kömək edir. Başqa sözlə desək, düşmən məsələn, Şuşada yerləşən strukturun vəzifələrini, tərkibini, komandirinin rütbəsini, soyadını, adını və atasının adını bilmirsə, ona aid dezinformasiya xarakterli təbliğat aparmağı bacarmır. Yox, əgər bu məlumatlar əks tərəfə məlumdursa, o zaman “yüz doğrunun içində 1 yalan” prinsipilə dezinformasiya fəaliyyətini rahatlıqla həyata keçirəcək. Bundan başqa, düşmən tabor komandirindən başlayaraq hər bir zabit üçün fərdi kartotekda məlumat toplamaqla, onun karyerasını izləməklə də məşğuldur.

Müdafiə Nazirliyi şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifələrinin yerdəyişməsi kimi məlumatların xidməti xarakter daşıdığını və hərbi-dövlət sirri sayıla biləcəyini rəsmən elan edirsə, o zaman vətəndaşlarımız bizə Qarabağın azad edilməsinin qürurunu yaşadan hərbçilərimizin xahişinə diqqətlə yanaşmalı, rəsmi məlumatlara etibar etməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 24 sentyabr 2014-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" 742№-li sərəncam imzalayıb. Bu sərəncam Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zonada) təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən, sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədilə imzalanıb.
Odur ki, bizim Şanlı Bayrağımızı Şuşaya qədər şərəflə daşıyan Ordumuzun fəaliyyətinə mane olacaq və ya Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına xidmət edəcək fəaliyyətlərdən tam çəkinməliyik. Amalımız 44 günlük Müharibədə dünyaya səs salan Şanlı Ordumuza şərəfli missiyasını davam etdirməklə Xankəndi üzərində Bayrağımızı dalğalandırmaq üçün müqəddəs vəzifələrinin yerinə yetirməkdə dəstək vermək olmalıdır. Ordumuz qürurumuzdur!

Ədalət Verdiyev
Hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün


Teqlər:   Ordu   Hərbi-sirr   Sosial-şəbəkə  





Xəbər lenti