Qarabağdakı istənilən silahlı erməni Azərbaycan üçün legitim hədəf olmalıdır – Ədalət Verdiyevin yazısı

      Qarabağdakı istənilən  silahlı erməni  Azərbaycan üçün    legitim hədəf    olmalıdır –    Ədalət Verdiyevin yazısı
  17 Avqust 2021    Oxunub:6604
Azərbaycan Prezidentin Laçın və Kəlbəcər rayonlarına səfəri həm Ermənistana, həm də onu silahlandırmağa çalışan havadarlarına ünvanlanmış növbəti ünvanlı mesaj kimi qəbul edilməlidir.
Müharibədə darmadağın olunan Ermənistanın məruz qaldığı itkilər fonunda məğlubiyyətini qəbul edərək, Kəlbəcər və Laçın rayonlarından çıxması, Azərbaycan ordusunun bu əraziləri əməliyyatlar keçirmədən və itki vermədən nəzarətə götürməsi Prezidentin diplomatik məharətinin və Ordunun real döyüş potensialının məntiqi nəticəsi idi. Kəlbəcər rayonu hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, burada müharibənin ilk günlərində Azərbaycanın xüsusi təyinatlı qüvvələri kifayət qədər uğurlu əməliyyatlar həyata keçirərək, Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması ilə düşmənin hərəkətlərini məhdudlaşdırmışdı. Nəticədə düşmən Basarkeçər-Kəlbəcər yolundan istifadə etməklə Qarabağ əməliyyatlar teatrına əlavə qüvvələr cəlb edə bilmirdi. Bu isə onun manevr imkanlarını məhdudlaşdırmaqla, Azərbaycan Ordusunun digər istiqamətlərdə həyata keçirdiyi uğurlu əməliyyatlarla müharibənin taleyini həll etməsinə imkan yaradırdı.

Ermənistanın işğal dövründə Basarkeçər rayonundan Kəlbəcərə çəkdiyi və “Qarabağa 2-ci dəhliz” adlandırdığı maqistral yoldan artıq Azərbaycanın müdafiə və təhlükəsizliyinin təmin edilməsində aktiv şəkildə istifadə olunur. Bundan başqa, Azərbaycan hazırda işğaldan azad edilən sərhədyanı ərazilərdə 700 kilometrlik yolların çəkilişini həyata keçirir. Qışa qədər bu layihələrin təqribən 80 faizi başa çatdırılacaq. Laçın rayonunda beynəlxalq hava limanının, Kəlbəcərdə isə iki tunelin təməli qoyulub. Bütün bunlar və həyata keçirilən digər infrastruktur layihələri Azərbaycanın hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməsində, mövsüm şərtlərindən asılı olmayaraq, sərhədlərimizin müdafiə və təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət daşıyacaq.

Ermənistan və orada baş qaldıran revanşist qüvvələr Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqımızın birmənalı dəstəyilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfərin nəticələrini qəbul etməli, ən qısa müddətdə sərhədlərin təyin olunması və sülh sazişinin hazırlanmasına başlanılmalıdır. Əks halda bu Ermənistan tərəfinin Birgə Bəyanatın tələblərindən imtina etməsi və Azərbaycanın da bu Bəyanatdan çıxması ilə nəticələnə bilər. Hadisələrin bu fonda inkişafı isə əzilmiş Ermənistan üçün daha ağır nəticələr vəd edir.
Son 100 ildə əldə etdiklərini 44 gündə itirən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Əsgərinin çoxəsrlik tarixində buna bənzər Qələbə qazanmadığını və bu Zəfərin nəticəsində özünün ən yüksək mənəvi-psixoloji üstünlüyünü nəzərə almalıdır. Ermənistan qarşısında Müzəffər Ali Baş Komandanımızın və qalib Azərbaycan Əsgərinin dayandığının fərqində olmalıdır.

Əsgərimiz Vətən müharibəsində “Böyük Ermənistan” ideyası ilə birgə “Qəhrəman erməni əsgəri” mifini darmadağın edib. Müharibə zamanı Azərbaycan əhalisinin 7-dən 77-yə orduya yazılmaq üçün növbəyə durduğu və müharibə zamanı 1 nəfər belə fərarimizin olmadığı halda, Ermənistan ordusunda müharibənin ilk 5 günündə 1500, sonunda isə 10 min fərarisi olub. Bu, “Qəhrəman erməni əsgəri” barədə deyilənlərin sadəcə boş bəyanat olduğunu, əslində isə ölən və yaralananları çıxsaq, erməni ordusunun 50 faizinin fərarilərdən ibarət olduğunu göstərir.

Ermənilərin Xocalıda dinc əhalini qətlə yetirdikləri üçün “qəhrəman” hesab etdikləri Koçaryan, Sarkisyan, Ohanyan kimi “görkəmli sərkərdələri” 44 günlük müharibə zamanı Qarabağa gəlsələr də, Azərbaycan Ordusu ilə döyüşə girməyə risk etmədilər, bir neçə gün Xankəndində var-gəl edib, İrəvana qaçdılar. Prezident İlham Əliyev də məhz buna görə son çıxışında haqlı olaraq bu “sərkərdələri” ancaq əliyalın əhali ilə müharibə apara bilən “fərarilər, satqınlar, cəlladlar və qorxaqlar” adlandırdı.

Artıq “məğlubedilməz erməni ordusu” bütün silah və texnikaları ilə birgə məhv edilib. Erməni hərbi ekspert azərbaycanlı jurnalistə verdiyi müsahibədə ordularının 80 faizinin məhv olunduğunu etiraf edib. Əslində buna heç kim şübhə etmirdi, sadəcə, erməni tərəfi faktı boynuna almırdı. Əgər kimsə erməni ekspertin dediklərinə şübhə edirsə, İrəvandakı “Erablur” panteonuna və Bakıdakı “Hərbi Qənimətlər Parkı”na təşrif buyura bilər.

Belə olan vəziyyətdə sual olunur: Əgər “Böyük Ermənistan” ideyası yoxdursa, “görkəmli erməni sərkərdələri” nağılı iflasa uğrayıbsa, “məğlubedilməz erməni ordusu” mifi bütün silah və texnikaları ilə birgə məhv edilibsə, o zaman Ermənistan nəyə ümid edərək, Azərbayan əleyhinə bəyanat səsləndirir? Boşuna inad göstərməklə ordularının qalan 20 faizini də itirmək niyyətləri varsa, o zaman bunu açıq şəkildə bəyan etsinlər. Zəmanət verirəm ki, bu arzularına ən qısa müddətdə çatacaqlar.

Kimlərinsə ermənilərə tula payı əvəzinə silah verməsinə də çox ümid etməsinlər, çünki bu, elə də asan olmayacaq. Nə olsun ki, təchizatçının real addımları hələlik diqqəti cəlb etmir?! Artıq bu barədə Ermənistana və dəhlizə nəzarət edən rus sülhməramlılarına xəbərdarlıq edilib. Qarabağa daxil olan erməni silahlılarına və texnikalarına preventiv zərbələr endiriləcək.

Ümumiyyətlə Qarabağda hərbi geyimdə görünən istənilən silahlı erməni və ya onun texnikaları Azərbaycan üçün legitim hədəf olmalıdır.
Onların Azərbaycan ərazilərindən çıxarılmasını 9 ay gözlədik, bu, kifayət qədər uzun müddət idi. Əgər onlar Azərbaycan torpalarından öz xoşları ilə sağ-salamat çıxmaq istəmirlərsə, günah bizdən getdi. Belə olan halda həmin silahlıları erməni keşişin duaları ilə “üfiqi” vəziyyətdə, daha əvvəl Prezidentimizin göstərdiyi məlum ünvana göndərmək Əsgərimiz boynunun borcu olacaq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün


Teqlər:





Xəbər lenti