Gülən camaatının gizlinləri, şifrəli adlar - ARAŞDIRMA

Gülən camaatının gizlinləri, şifrəli adlar - ARAŞDIRMA
  18 Mart 2014    Oxunub:2033
Bir müddətdir Türkiyə və eyni zamanda Azərbaycan mediasının gündəmini Gülən camaatı və nurçularla bağlı yazılar zəbt edib. Bu mövzuya böyük marağın olduğunu nəzərə alıb Gülən camaatı ilə bağlı yeni araşdırma apardıq.

Fətullah Gülən Türkiyənin son illərdəki ən populyar adlarından biridir. Sevənləriylə sevməyənləri istər-istəməz ondan gen-bol danışır, onun haqqında müxtəlif formatlarda yazılar dərc etdirir. Fətullah Gülənin adı hansı məclisdə keçsə orada mütləq emosional hislər qalxacaq, söhbət qızışacaq. Gülən camaaatı həyatında heç bir böyük vəzifə tutmayan insanın öndərliyi ətrafında toplaşsa da dövlət içində özlərinə dərin bir bünövrə qoyublar. Eyni zamanda camaat daxilində yaradılmış nizam-intizam onların hər bir sahədə irəli getməsinə səbəb olub.

Camaat üzvlərinin sayının 8-10 milyon olduğunu iddia etmək olar. Amma camaatın daxilindən bu barədə məlumat olmadığından tam dəqiq söyləmək mümkün deyil. Bu günə kimi Fətullah Gülən haqqında çox yazıldı, çox planlar çizildi. Gülən camaatı demokratik hakimiyyətə qarşı heç zaman loyal yanaşmayıb. Amma birbaşa dirəniş də göstərməyə o qədər də cəhd etməyib. Ən yaxşı yolu hər zaman hakimiyyətlə razılığa gəlməkdə görüblər.

Bu bəzən hansısa işbirliyi olur, ya da hakimiyyətlə camaatın yerləşdiyi ölkələrdə etnik razılıq. Etnik razılaşmaları daha çox Mərkəzi Asiyada müşahidə etmək mümkündür. Maraqlı olan budur ki, camaat üzvləri daha çox dinin dövlətdən ayrı olduğu ölkələrdə geniş yayılır. Bu sıradan Azərbaycan, Mərkəzi Asiya, Amerika, Avropa ölkələrini göstərmək olar. Onlar söhbət əsnasında islam ümməti kimi dünyəvi ümmət yaratmaq niyyətlərinin olmadığını dilə gətirir, hakimiyyəti devirib şəriət dövləti qurmaqda maraqlı olmadıqlarını söyləyirlər.

Fətullah Gülən üçün ordu ən önəmli yerlərdən birini tutur. Hətta özü məktəb illərindən ordu ilə maraqlanıb. Ordunun hansı gücə malik olmasını bilən camaatın son hərəkətləri də ortadadır. Türkiyədə son illərdə ordunu az qala yerlə-yeksək edərək silahlı qüvvələrin əsas dayaqlarının həbsə atılması bu planların tərkib hissədir. Məqsəd isə özlərinə yaxın çevrələrin rütbəcə daha tez yüksələrək həmin boşluğu doldurmaqdır. Siyasi və iqtisadi hakimiyyətdən sonra ordunun ələ keçirilməsi isə bütöv hakimiyyət demək olardı. Lakin son aylar hakimiyyətdə bölünmə planın müəyyən vaxta kimi təxirə salınmasına səbəb olub.



Gülən piramidası...

Biz Gülən camaatını piramidaya bənzətsək əlbəttə ki, onun başında Fətullah Gülən dayanır. Camaatın ilk quruluş illərində Gülən şəxsən özü düşərgə-düşərgə gəzərək gələcək kadrlara xeyir-dua verib və onları müəyyən şəkillərdə təlimatlandırıb. Daha sonralarsa ABŞ-da yaşayan Gülən artıq belə görüşlərini yaşadığı ölkədə gerçəkləşdirir.

Güləndən sonra piramidanın aşağı pilləsində onun “danışmanları” dayanır. Onların camaatın işinin qurulmasında, yönləndirilməsində böyük payı var. Təbii ki, piramida burada bitmir.

Daha sonrakı yerlərdə isə imamlar gəlir. İmamlar müxtəlif ölkələrdən olur ki, onların da hər birinin öz ölkələrində hər hansı sahədən cavabdeh imamları var. Həmin imamlar ölkəsinin əsas imamına işləyərək onun tapşırıqlarını yerinə yetirir.



Türkiyədəki imamların şəhərlər üzrə cavabdeh köməkçi imamları da var. Hər şəhər böyüklüyünə görə ərazilərə ayrılır və ərazilər səmtlərə bölünür. Bütün səmtlərin və ərazilərin başında da cavabdeh bir şəxs dayanır. Beləliklə şəhər imamlarından sonra səmt imamları, daha sonra yurdlardan və məhəllələrdən ibarət cavabdeh şəxslər piramidanın təbəqələrini bölüşdürür.

Hər kəs həftəlik camaat toplantılarında bir araya gəlir. Özlərinə bağlı olan sahələrin və insanların işlərini anladır, əllərindəki medialar haqqında hesabat verir. Bütün bu proseslərə nəzarət etmək, tapşırıqları çatdırmaq üçün müxtəlif ictimai bayramlar, xüsusən də dini ayin dövrləri seçilir.

Burada Qurban bayramını xüsusi qeyd edə bilərik. Bayram zamanı dəri toplanması kimi “xeyriyyə”ayini həyata keçirilir, camaat üzvləri qapı-qapı gəzərək bir-birlərini ziyarət edirlər.

Və beləcə camaat üzvlərinin ən rəhbər üzvündən ən sonuncusuna kimi tapşırıqlar çatdırılmış olur. Bu kimi tədbirlər məktəblərdə, şagirdlik dövründən başlayıb. Demək olar ki, Türkiyədə hər bir məktəbdə onların təşkilatlanmış qrupları fəaliyyət göstərir.

Camaat daxilində yeganə işi ticarətçilərlə ilgilənmək və işləmək olan xüsusi qrup var. Həmin qrupa ağzı bütöv, söz qaçırmayan şəxslər seçilir. Onların işi biznesmenlər arasından özlərinə adam toplamaq və onları camaata üzv etməkdir. Bu qruplar Türkiyədən kənar əsas işlərini qonşu ölkələrdə, xüsusən Azərbaycan və Mərkəzi Asiyada açdıqları məktəb və universitetlərin əliylə və vasitəçiliyi ilə həyata keçirirlər.
Məktəblərdə şagirdlərin fəaliyyət dövrü xüsusi olaraq qeydə alınır və həmin camaat üzvünün gələcək karyera yüksəlişində və hansı qrupa daxil edilməsində önəmli rol oynayır.

Camaat üzvlərinin sayı çoxaldıqca yalnız ticarət deyil, digər iş əlaqələri də genişlənməyə başlayır. Camaat üzvləri ortaq banklar açır, kapital qoyuluşu qoyur, maliyyə və iş sektorunu ən azından ortaq formada olsa da ələ keçirməyə başlayır.

Gülənçilər arasında qoyulmuş əsas qaydalardan biri üzvlərin öz tərəfdaşlarından alış-veriş etməsi, onların tabeçiliyində olan məktəblərə yardım edənlərə həmin insanın öz ölkəsində dəstək göstərmək və.s.dir.
Bu iş nə qədər qəribə görünsə də camaat üzvləri öz şagirdlərindən istifadə edirlər. Həmin gənclərin karyera yüksəlişinin əsas təməllərindən biri də budur.

Camaatın əsas mənəvi kitabları, hamının bildiyi kimi Səid Nursinin yazdığı kitablardır. Camaat üzvləri həmin kitablarda Quranın bütün sirlərinin açıqlandığına, şifrələrinin çözüldüyünə inanırlar. Hətta camaat üzvlərinin qəbul etdiyi fikirlərdən biri budur ki, Quranı anlamaq üçün hökmən Səid Nursinin kitablarına yiyələnməlisən. Hətta Quranı anlamaq çətin olduğundan Səid Nursini oxumaq kifayətdir.

Bəzilərinin inancına görəsə Səid Nursinin “Risalə-Nur”unu Allah özü göndərib.



Gülən camaatının şifrəli adları

Sizə camaat daxilində işlənən bəzi terminlərin izahını veririk:

Bediüzzaman - Səid Nursiyə onun davamçıların verdiyi addır. Mənası zamanının bənzərsizi deməkdir.

Şagird - Gülən camaatının özlərinə verdiyi xitab şəklidir. Mənası bildiyimiz öyrənən deməkdir.

Abi -Yaşca böyük şagirdlər. Qadın şagirdlər üçünsə belə vəzifəni abla adlanan şəxslər yerin yetirir. Qadın və kişilərə bölünmələrinin səbəbi isə ayrıca yaşamaları göstərilir.

“Hizmət” - Şagirdlərin insanları və cəmiyyəti islamlaşdırmaq cəhdi, eyni zamanda camaata yeni üzvlər qatmasıdır. Camaat üzvlərinin çoxu düşünür ki, onların istəyi dövlətə şəriəti gətirmək yox, insanları dini şəkildə yaşamağa çağırmaqdır. Bütün qadınları bunu Allahın əmri kimi qəbul edir. Əks halda cəhənnəmdə yanacaqlarını düşünürlər.

Söhbət - Fətullah Gülənin və ya Səid Nursinin kitablarından hissələrin oxunması və həmin hissələrin abilər tərəfindən dinləyənlərə başa salınmasıdır.

İstişarə - Yurd evinin, camaat üzvlərinə bağlı evlərdə imamların keçirdiyi toplantılar. Bu adətən günlük və ya həftəlik keçirilir. Günlük qərarlar burada qəbul olunur. Bu imamlar özləri də özlərinin tabe olduğu imamların istişarələrində olur. Burada isə daha dərin söhbətlər olur və tapşırıqlar alınır. Beləcə piramidanın üst dərəcəsinə kimi bu istişarələr keçirilir. Təbii ki, yuxarı dərəcələrin keçirdiyi istişarələrdə daha ciddi qərarlar qəbul olunub və daha önəmli tapşırıqlar verilir. Beləcə istişarələr Gülənin özünə kimi gəlib çıxır.

Ölkə, bölgə, səmt, ev imamı - Cavabdeh olduğu yerə görə oradakı insanlara cavabdeh olan şəxs. Bu imamlar yuxarıdan gələn tapşırıqları nə dərəcə yerinə yetirdiyi və ağızlarının bütövlüyünə görə seçilir. İşlərini daha uğurlu yerinə yetirdikdən sonra daha yuxarı vəzifələrə göndərilir.

Əsnaf - Camaata pul dəstəyi verən iş adamlarına deyilir. Bəziləri kiçik əsnaf bəziləri isə böyük holdinq sahibləridir. Onlar məktəblərdə özlərinə yaxın şagirdləri oxudur, şirkətlərində iş verir.

Dost - Şagird olmayan, camaat üzvü də olmayan? amma camaata qarşı yumşaq mövqeyi ilə seçilən insnalara deyilir. Aralarında hətta xristian rahiblər də var. Ən qəribəsi isə həmin dostların içində ateistlərin də olmasıdır. Lakin onlar camaatın daxili işlərini bilməzlər və ya bun aimkan yaradılmaz.

Nurçu - Səid Nursinin yazdığı “Risale-Nur”un davamçıları. Gülən camaatı bunların arasında müqayisə edilməyəcək dərəcədə ən güclüləridir. Hər nə qədər nurçular siyasi proseslərə çox qoşulmasa da səslərini bir yerə yönləndirməklə özlərinə lazım olan birinin böyük səs toplamasına yardımçı olurlar. Onlar daha çox təhsil sahəsində bütün təbəqələri ələ keçirməyə çalışır. Çünki bu heyəti böyütmək öz ideologiyalarını yaymaq üçün ən gözəl vasitədir.

Müstəp - Camaata dəstək vermək gücündə olan insanlar. Onların içində də dərəcələri var.

Əhli-Dünya - Dini həyat sürməyən hər kəsə verilən ümumi addır.

Himmət – “Hizmət” üçün verilən yardımlardır.

İşıq evləri - Camaat evləri üçün istifadə olunan saxta ad.

Maraqlanmaq - Bir şagirdin camaata işləməsi, maraqlandığı adamlar haqqında yuxarı dərəcələrə raport çatdırmasıdır. Onlar maraqlandığı insanın hansı kitablar oxuduğunu, namaz qılıb qılmamasını araşdıraq, həftəlik istişarələrdə yuxarı dərəcəyə çatdırılar. Gənc şagirdlər bəzən öz arasında buna baş qatmaq da deyirlər.

Hazırdı: Emin Piri


Teqlər:





Xəbər lenti