Rusiyanın bölgə siyasətindəki simptomlar və Prezidentin diaqnozu – TƏHLİL

   Rusiyanın bölgə siyasətindəki simptomlar və Prezidentin diaqnozu –    TƏHLİL
  22 Avqust 2021    Oxunub:6321
Prezident İlham Əliyevin “CNN Türk” telekanalına verdiyi müsahibəsində əsas məqamlardan biri Rusiya ilə bağlı söylədiyi fikirlər idi. Dövlət başçımızın bu fikirlərini Rusiya ilə münasibətlərin pozulması kimi qiymətləndirmək doğru olmaz, ancaq eyni zamanda, ikitərəfli münasibətlərdə müəyyən narazılıqların mövcudluğunu deməyə kifayət qədər əsaslar var.
Məsələn, müsahibə zamanı prezidentin Rusiyanı Ermənistanın “yaxın müttəfiqi”, Azərbaycanın isə “qonşusu” adlandırması çox mühüm mətləblərdən xəbər verir : “Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bölgədə xüsusi rol oynayır”- İlham Əliyev deyib.

Prezident Azərbaycanın narahatlığının səbəbini də açıqlayır: “Bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir”,- deyən dövlət başçımız sonra əlavə edib ki, “Bir neçə gün bundan əvvəl Rusiyanın müdafiə naziri Ermənistanın müdafiə naziri ilə görüşü zamanı söyləmişdi ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlayıb. Bu, çox narahatedici bir məsələdir”.

Güman etmək olar ki, Moskva II Qarabağ müharibəsindən sonra Ermənistanı nəzarətində saxlamaq üçün əldə etmək istədiyi siyasi nəticələrə nail ola bilmədiyi, yəni, Paşinyanı devirib, Koçaryanı onun yerinə keçirə bilmədiyi üçün Cənubi Qafqazla bağlı siyasətində dəyişikliklər etmək qərarına gəlib. Prezident İlham Əliyev “Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik yenidən xalqdan səs alır” deməklə əslində bu məqama işarə edir. Ardınca “Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır” söyləməklə Rusiyanı Qafqazı nəzarətində saxlamaq üçün yenidən separatçıları silahlandırmaq kimi ənənəvi uğursuz siyasi xəttdən çəkinməyə çağırır. Çünki bu siyasətin Rusiya üçün ciddi fəsadları ola bilər.

Güman etmək olar ki, Rusiyanın siyasi elitasında Cənubi Qafqazda izləniləcək siyasi xəttlə bağlı müəyyən fikir ayrılıqları mövcuddur və Moskvanın gedişlərində kardinal dəyişikliklərin müşahidə olunması siyasi qüvvələr arasındakı mübarizədən xəbər verir. Təbii ki, Rusiyanın Azərbaycana qarşı birbaşa hərbi müdaxiləsi mümkün deyil. Bunun bir sıra səbəbləri var, ən əsası isə ona görə mümkün deyil ki, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik haqqında bəyannamə imzalanıb. Prezidentin müsahibə zamanı “Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı” deməsi təsadüfi deyil və Rusiyadakı aqressiv siyasi xəttin tərəfdarlarına xatırlatma xarakteri daşıyırdı.

Məhz bu səbəbdən, R usiyanın erməni separatçılarını silahlandırmaq yolu ilə hansısa formada Qafqazda təsir gücünü saxlamaq siyasətini davam etdirəcəyi ehtimal olunur. Lakin bu variantin Rusiya üçün nə dərəcədə effektiv olacağı da sual altındadır. “Nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib,- onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında sərgilənir,- buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik” - deməklə İlham Əliyev bu sualı incə diplomatik dillə Kremlə xatırladır və əlavə edir ki, “Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, çox məsələləri həll edir”.

Üstəgəl Prezident, erməni hərbçilərinin kabusuna çevrilmiş PUA-larla bağlı suala cavab verərkən “Biz Türkiyədən təkcə PUA-lar deyil, başqa silahlar da almışdıq - “Qasırğa”lar, hərbi maşınlar, “Kobra”lar. Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq” fikrini vurğulamağı lazım bilir.

Prezident hadisələrə hərbi yolla müdaxilənin region ölkələri ilə yanaşı, Rusiyanın özü üçün də əlverişli olmadığını kifayət qədər samballı dəlillərlə əsaslandırdı. Bu mənada iqtisadi faktorları önə çəkməsi təsadüfi deyildi. Söhbət ondan gedir ki, daha əvvəl elan olunmuş “3+3” formatı pozulacağı halda həm Rusiya, həm də İran bu regional əməkdaşlıqdan kənarda qala bilərlər. Belə ki, bu formata əsasən, Cənubi Qafqazın üç ölkəsinin Türkiyə, Rusiya və İranla iqtisadi əməkdaşlığı nəzərədə tutulurdu və Azərbaycanla Türkiyənin üzərinə düşən əsas məsələ Rusiya ilə münasibətləri pozulmuş Gürcüstanı hansısa formada formata cəlb etmək idi.

“Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir”,- deyən İlham Əliyev bu məqamı xatırlatmaqla yanaşı, “Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq”,- söyləməklə üçtərəfli formatın mükünlüyünü də istisna etmədi.

Əslində üçtərəfli formatın qüvvəyə minməsi Gürcüstanın Rusiya ilə məcburi əməkdaşılığının aradan qaldıracaq, Azərbaycandan Ermənistana əlavə dəhlizin açılması isə ermənilərin öz mallarını birbaşa Rusiyaya daşımalarına şərait yaradacaq. Belə olan halda Ermənistanın İrandan asılılığı aradan qalxacaq. Gürcüstanla Ermənistan bu formata daha həvəslə qoşulacaqlar. Nəticədə uduzan Rusiya və təbii ki, İran olacaq.

Odur ki, Rusiyanın regiona hər hansı formada təsir göstərmək, həmçinin, Avropaya əlavə ticarət xəttinə çıxış əldə etməsi üçün 10 noyabr bəyanatının müddəalarının icrasını dəstəkləməkdən başqa çıxış yolu qarmır.

Tofiq Vahid
Azvision.az



Teqlər: Rusiya   Azərbaycan   Ermənistan   Güney-Qafqaz  





Xəbər lenti