Qadınları uşaqların qanını içməyə məcbur edirdilər...

Qadınları uşaqların qanını içməyə məcbur edirdilər...
  31 Mart 2013    Oxunub:2706
Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı günüdür.
1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuş Stepan Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi.

Şaumyanın ciddi səyləri ilə Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə qayıtmaq əvəzinə Bakıda toplaşdılar. Daşnak-bolşevik birləşmələrini narahat edən əsas məsələ Azərbaycanda milli qüvvələrə başçılıq edən “Müsavat” partiyasının nüfuzunun getdikcə artması idi. Bu səbəbdən də onlar Bakını inqilabla əksinqilab aramında mübarizə meydanı elan etmişdilər. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.

1918-ci ilin martında siyasi gərginlik özünün kulminasiya nöqtəsinə çatdı. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat etməyə bilməzdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və terrorçu “Daşnaksütyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar.

Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı. 1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər.

Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçmişdilər.
Müsəlmanlar yaşayan hissədə xristian əhalidən yalnız ruslar və gürcülər qalmışdı. Əvvəllər də bir neçə dəfə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərən ermənilərin əsas məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi.
Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Bəzi faktlar bunu açıq-aşkar sübut edir. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə məruzəsində yazırdı:
“Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Müsəlmanları qətlə yetirməklə yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan əşyaları isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar.
Ermənilər öldürməyə macal tapmadıqları qadınları isə öz hörükləri ilə bir-birinə bağlayaraq başıaçıq, ayaqyalın arabalara mindirib aparır, yolda isə tüfənglərin qundaqları ilə onları döyür və şikəst edirdilər.
Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakı şəhərində 10 mindən çox türk-müsəlman öldürülmüşdü. Bütün Azərbaycan ərazisində öldürülənlərin sayı isə 50 mini keçirdi.
Onların çoxunun meyiti tapılmamışdı. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, törətdikləri cinayətin izini itirsinlər.
Maddi-mədəniyyət və tarixi abidələrimizi belə dağıtmaqdan çəkinməyən erməni quldurlarının vəhşiliyi nəticəsində xalqın bir çox ziyarətgahları və tarixi abidləri yerlə yeksan edilmişdi.
Uzaqvuran toplarla Təzə pir məscidi zədələnmiş, dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin, “Kaspi” qəzetinin, “Dağıstan” mehmanxanasının binalarına və digər bir çox nadir tikililərə od vurularaq yandırılmışdı.

Mart hadisələri zamanı erməni daşnakları təkcə Bakıda deyil, bütün Azərbaycan ərazilərində kütləvi qırğınlar törətmişdilər. Qədim şəhərlərimizdən olan Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Qaniçən Lalayevin başçılıq etdiyi quldur dəstələri şəhərin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurmuşdular. Axund Cəfərqulunun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Şamaxı qəzasının müsəlmanlar yaşayan 80 kəndinin taleyi də bu cür olmuşdu. 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında göstərilir ki, Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdu.

Ermənilərin törətdikləri dəhşətli qırğınlardan ən çox ziyan çəkən şəhərlərimizdən biri də Quba şəhəri idi. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı bolşevik əsgərləri də yaxından iştirak edirdi. Faciəni səciyyələndirən başlıca cəhət odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirilmişdi. Çoxsaylı qüvvə ilə hücuma keçən quldurlar küçələrdə qarşılarına çıxan bütün adamları ucdantutma güllə yağışına tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə dəlmə-deşik edir, gözlərini ovurdular. Şahidlərdən biri yazır: “Amazasp adlı bir erməni quldurunun dəstəsi Quba camaatını bir yerə yığdıqdan sonra 4-ü qadın, 2-si yeniyetmə gənc olmaqla 6 günahsız insanı meydanın mərkəzinə gətirdilər. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra isə Amazasp əsgərləri cərgə ilə düzdürüb əhaliyə atəş açmağı əmr etdi. Nəticədə yüzlərlə günahsız insan qətlə yetirildi”.

Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan məhv edilmişdi. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü, tat və digər millətlərin nümayəndələri öldürülmüşdü. Quba qəzasında dağıdılmış 162 kənddən 35-i hazırda mövcud deyil.
Mart hadisələri zamanı ən dəhşətli qırğınlardan biri İrəvan quberniyasında həyata keçirilmişdi. Buradakı müsəlmanların məruz qaldıqları faciəni qələmə almaq mümkün deyil. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 200-ə çatırdı. İrəvan quberniyasının yarım milyonluq əhalisinin nə kimi müsibətlərə düçar olduğunu sənədlərdəki faktlar daha dəqiq göstərir.


Teqlər:  





Xəbər lenti