Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert

   Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq -   Ukraynalı ekspert
  08 Sentyabr 2021    Oxunub:3497
Nikolay Zamikula
Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi
Xüsusi olaraq Azvision.az üçün


Əfqanıstanda hakimiyyətin “Taliban”ın əlinə keçməsinin regional siyasətə və Rusiyanın mövqeyinə necə təsir edəcəyi ilə bağlı fərqli fikirlər mövcuddur. Bir tərəfdən Amerika hərbçilərinin Əfqanıstanı tərk etmələri Rusiya təbliğatına ABŞ-ın məğlubiyyəti, amerikalıların müttəfiqlərini qoruya bilməməsi, Vaşinqtonun qlobal liderlik iddialarının əsassız olması ilə bağlı müddəaları tirajlamaq üçün əla fürsət verir. Bu, Moskva üçün müsbət məqamdır.
Digər tərəfdən, Amerikanın Əfqanıstanda iyirmi ildir mövcudluğu Rusiyanın inteqrasiya layihələrində iştirak edən və rəsmi Moskvanın ənənəvi olaraq öz maraqları zonası hesab etdiyi Mərkəzi Asiyanın postsovet respublikalarının cənub sərhədlərinin təhlükəsizliyini de-fakto olaraq təmin edirdi.

Amerikalılar gedəndən sonra Moskvanın bu bölgəyə daha çox diqqət yetirmək məcburiyyətində qalması məntiqlidir. Əslində son aylarda bu diqqətin təzahürlərini görürdük.Rusiya mətbuatındakı ritorika və diplomatik dairələrin nümayəndələrinin (Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov da daxil olmaqla) açıqlamaları göstərir ki, Moskva “Taliban”la əməkdaşlıq edərək, vəziyyəti sabitləşdirməyə çalışır. Bu məsələdə iki məqsəd güdür: İmic (ABŞ -ın tərk etmək məcburiyyətində qaldığı yerlərdə diplomatik həll yolunu dünyaya göstərmək) və praktik məqsəd (“Taliban”ın regional ekspansiyasının qarşısını almağa nail olmaq).


İkincinin üzərində dayanmaq vacibdir. Belə ki, Rusiya üçün hazırda bölgədəki əsas təhlükə “Taliban” hərəkatının qonşu Orta Asiya dövlətlərinə sıçraması ola bilər. Hərəkatın təməlində duran fikirlər prinsipcə belə bir siyasəti istisna etmir. Axı, “Taliban”ın islam fundamentalizmini, müstəmləkəçilərin bölgədə çəkdiyi dövlət sərhədlərini sarsılmaz qəbul etməsi ehtimalı azdır. Nəzəri olaraq, “Taliban” yenidən qurduğu “əmirliyi” genişləndirmək yolunda qonşu islam dövlətlərini potensial əngəl kimi qəbul edə bilər.


Ancaq praktikada belə halın baş verməsi ehtimalı azdır. Son illərdə “Taliban” imici üzərində fəal işləyir. Özlərini ölkədə nizam-intizam yaradan və sabitliyi təmin edə bilən milli qüvvə kimi təqdim etməyə çalışdılar. Rejimin qanuniləşdirilməsini təmin edəcək beynəlxalq tanınma da onlar üçün vacibdir. Bundan irəli gələrək, tolerant (əlbəttə ki, yalnız öz standartlarına görə deyil, beynəlxalq ictimaiyyətin nöqteyi-nəzərindən də) daxili siyasət həyata keçirəcəklərinə və beynəlxalq arenada konstruktiv mövqe tutacaqlarına söz verirlər. “Taliban” səlahiyyətliləri hər cür ekspansiya planlarını inkar edir. Onlar xarici genişlənmə ilə məşğul olmayacaqlarına dəfələrlə söz veriblər.


Rasional baxımdan bu, doğru yanaşmadır. Amma “Taliban”ın ideoloji təməli Qərblə barışmağı mümkünsüz edir. Çünki, ziddiyyətlər çox dərindir. Buna əsaslanaraq, “Taliban” üçün Avropa və ABŞ-ın qlobal rəqiblərinin dəstəyini almaq vacibdir.

Beləliklə, silahlıların Çin və Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək marağı təbiidir. Söhbət “talib”lərin Moskvaya xüsusi ehtiramından getmir. Axı onlar Rusiyadan asılı olan oyunçu deyillər. Bununla birlikdə, maraqlarını təmin etmək üçün “talib”lərlə əməkdaşlığa qarşı heç bir dəyəri, mənəvi məhdudiyyətləri olmayan ruslarla ünsiyyət qurmaq onlar üçün faydalıdır. Buna əsaslanaraq, fikrimcə, ən azından yaxın gələcək üçün tərəflər sabit dostluq və qarşılıqlı anlaşmaya deyil, maraqların, yumşaq güzəştlərin situativ uzlaşmasına əsaslanan ortaq bir dil tapacaqlar.

Nikolay Zamikula
Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi
Xüsusi olaraq Azvision.az üçün
Tərcümə: İlkin Nəcəfzadə


Mövzu ilə bağlı digər materiallar:

“Taliban” daha nələrə Kabildir: Dünya sürprizlərə hazırlaşır – TƏHLİL
Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir - Qırğız politoloq (Eksklüziv)
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantları nə gözləyir – TƏHLİL
"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)
Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL
“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)
Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert
Talibləri gözləyən 4 əsas problem - TƏHLİL



Teqlər: Rusiya   Əfqanıstan   ABŞ  





Xəbər lenti