Atmadığımız raket, yaxud erməni ekspertin SOM nağılı – Ədalət Verdiyevin yazısı

 Atmadığımız raket,    yaxud erməni ekspertin SOM nağılı –    Ədalət Verdiyevin yazısı
  22 Sentyabr 2021    Oxunub:5855
Cənubi Qafqazda “müharibə tərəzisinin” Azərbaycan tərəfə ciddi şəkildə əyilməsini nə Ermənistan, nə Rusiya, nə də İranın hərbi elitası qəbul edə bilir, lakin son günlərdə bu ölkələrdən olan bəzi azsaylı müstəqil mütəxəssislər Vətən Müharibəsinin nəticələrinə düzgün qiymət verməyə çalışırlar. Bu, daha çox həmin şəxslərin ictimaiyyət arasında simasını qorumaq məqsədilə bağlı ola bilər, çünki ortada təkzibedilməz faktlar mövcuddur.
Amma bəzi mütəxəssislər Vətən Müharibəsində Azərbaycanın Qələbəsini qəbul etdikləri halda, açıqlamalarında mənbəyi məlum olmayan faktları səsləndirirlər. Odur ki, həqiqəti ortaya çıxarmaq, saxta məlumatların təsiri altına düşməmək üçün mütəxəssislər öz sahələri üzrə istənilən informasiyanı, xüsusilə də düşmən və rəqib ölkə platformaları tərəfindən sızdırılan məlumatları araşdırmalı və cəmiyyətə çatdırmalıdırlar. Bəzən düşmən resursları bizim qulağımıza xoş gələn informasiyanın tərkibində özünə sərfəli olan yalanları da cəmiyyətimizə ötürməyə nail ola bilirlər.

Bir neçə gün əvvəl Ermənistandan olan hərbi ekspert Van Ambartsumyan müharibə zamanı Azərbaycan tərəfindən bir çox silahların, o cümlədən, SOM-B1 raketlərinin istifadəsi barədə müsahibə verib. Ambartsumyanın məlumatlı biri olduğunu nəzərə alaraq, onun SOM-B1 raketlərinin tətbiqinə dair informasiyanı hansı mənbədən əldə etdiyi maraq doğurur. SOM-B1 raketlərinin tətbiqinə aid məlumatların heç bir əsası yoxdur, çünki nə Vətən Müharibəsi zamanı, nə ondan əvvəl, nə də sonra Azərbaycan Hərbi Hava Qüvvələri bu raketlərdən qətiyyən istifadə etməyiblər. Bəlkə də buna ehtiyac duyulmayıb.


Azərbaycan Ordusunun gözlənilən döyüş əməliyyatlarında tələbatını ödəmək üçün aktiv şəkildə Tükiyədən, İsraildən, Rusiyadan, Belarusdan, Pakistandan və bəzi Qərb ölkələrindən hərbi təyinatlı avadanlıqlar alması heç kimə sirr deyildi. Bunların arasında Ermənistanı ciddi şəkildə narahat edən taktiki qanadlı raketlər, YARS-lar, HHM kompleksləri, PUA-lar, dəqiqliyinə görə OTRK hesab edilən uzaqmənzilli artilleriya sistemləri, smart sursatlar və s. yer alırdı. Onların əksəriyyətinin Vətən Müharibəsi zamanı döyüşlərdə tətbiqi barədə məlumatlar açıq mənbələrdə mövcuddur.

Böyük ehtimalla, V.Ambartsumyan Azərbaycanın son illərdə əldə etdiyi bütün silah sistemlərindən istifadə etdiyini düşünərək, gümanlarını həqiqət kimi qələmə verməyə çalışıb. Onun çıxışını “çoxlu doğru məlumatın içində bir az yalan” kimi də dəyərləndirə bilərik.

Erməni ekspertin verdiyi yanlış məlumatlar yalnız SOM raketi ilə bitmir. Van Azərbaycan ərazisinə atılan “İskəndər-M” raketlərinin sayını ikisi Bakıya tuşlanmaqla, 4-ə qədər artırıb, halbuki, Bakıya “İskəndər” atılmasını nə Azərbaycanının rəsmi qurumları, nə də mütəxəssislər təsdiqləyiblər.


Yəqin ki, Amabartsumyan Azərbaycanın LORA, “Polonez”, TRLG-230, “Qasırğa”, “Smerç”, LYNX, LAR-160, DANA və s. kimi hucum silahlarını müharibədə tətbiq etdiyi halda, yüksək dəqiqlikli SOM qanadlı raketlərinin döyüşdə imkanlarının yoxlanılmamasını Bakı tərəfindən qardaş Türkiyəyə qarşı “haqsızlıq” kimi dəyərləndirdiyi üçün belə bir qənaətə gəlib.

Azərbaycan mətbuatında 2018-ci ildən sonra mən də dəfələrlə SOM-B1 raketlərinin Azərbaycanın aviasiya vasitələrinə inteqrasiyasını, daha sonra düşmən müdafiəsinin operativ dərinliyində yerləşən strateji əhəmiyyətli hədəflərə qarşı tətbiqini mümkün hesab etmişəm. Amma Azərbaycanda ağlı başında olan heç kim SOM-B1 raketinin Vətən Müharibəsində tətbiqinə dair bir kəlmə də işlətməyib.

Digər tərəfdən, LORA, “Polonez”, TRLG-230, “Qasırğa”, “Smerç”, LYNX, LAR-160, DANA, “Bayraktar-TB2 və s. kimi hucum və müdafiə xarakterli silahlarının müharibədə tətbiqinə dair görüntüləri paylaşan Azərbaycan niyə SOM-B1-in tətbiqini məxfi saxlamalıdır? Bu ən azından onillərlə əməkdaşlıq etdiyimiz istehsalçı ROKETSAN şirkətini narazı salmazdımı?


Əgər Ambartsumyan iddia etdiyi SOM tətbiqinə dair faktları görüntülərlə və ya raketin qalıqları ilə isbat edə bilərsə, buyursun. Əgər Azərbaycan SOM-B1 tətbiq edilibsə, onun qalıqları Ermənistan ordusunun əlində olmalıdır. Əminəm ki, nə Van, nə də İrəvan belə faktlara malik deyil. Olsaydı, çoxdan sosial şəbəkədə müşahidə edərdik. Odur ki, Ambartsumyanın Azərbaycan tərəfindən SOM-B1 raketinin tətbiqinə və Azərbaycan ərazisinə 4 ədəd “İskəndər” raketinin atılmasına dair dedikləri ağ yalandır.

Amma bu, o demək deyil ki, Azərbaycan SOM-B1 raketlərini ambarda saxlamaq üçün alıb. Həmin raketlər 2017-ci il oktyabrın 31-də Azərbaycanla Türkiyə ilə arasında imzalanan müqaviləyə əsasən əldə edilib. Çatdırılma sonrakı ilin əvvəlindən başlayıb. 2018-ci ilin iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi şərəfinə keçirilən hərbi paradda SOM-B1 ilk dəfə ictimaiyyətə təqdim olunub. Azərbaycan bu raketlərin əsasən hava platformalarından buraxılmasını nəzərdə tutur.

SOM ailəsi yüksək dəqiqlikli qanadlı raketlər sinifinə aiddir. Raket trayektoriyası boyunca yerin relyefini təkrarlayaraq, Ermənistanın mövcud olmayan HHM sistemini rahatlıqla yarmaq imkanına malikdir. Hələ 2018-ci ildə SOM-B1 raketlərinin Ermənistan ərazisini həm eninə, həm uzununa “örtərək”, Rusiya tərəfindən dərinliklərdə yerləşdirilən S-300 ZRK-ya aid RPN 30N6E tuşlama RLS-lərinə və 5N66M/76N6 aşağı hündürlük aşkaretmə stansiyalarına kütləvi zərbə endirmək məqsədilə istifadə edilə biləcəyini yazmışdım. Amma bu vəzifəni daha sadə üsullarla həll etdik. SOM-dan istifadə etsəydik, Ermənistan Ordusundan nə qalardı?


Ermənistan ordusu kiçik sürətli hava hədəflərinə qarşı mübarizədə məğlub oldu, gözlənilmədən dağ silsilələrinin arxasından çıxan 0.01 km.m effektiv əksolunma səth (EOP) əmsalına malik SOM-B1 raketlərinə qarşı nə edə bilər? Qanadlı raketləri vurmaq üçün Ermənistana bəlkə müasir S-400 ZRK kömək edə bilərdi (halbuki Suriyada S-400 komplekslərinin onlarla “Tomohavk” raketlərindən bir dənəsini belə məhv edə bilmədiyi faktdır). S-400 kompleksləri isə yaxın onillikdə İrəvan üçün əlçatmazdır, çünki Rusiya hələ öz qoşunlarını bu komplekslərlə heç 30 faiz təchiz edə bilməyib.

Dağlıq coğrafiyada hücum edən SOM qanadlı raketini radioüfüq sərhədlərindən kənarda ələ keçirmək imkanı da Ermənistan üçün daim əlçatmaz olub. Bunu bacarmaq üçün Ermənistanın HHM qoşunları ən azı bir ədəd A-50U tipli uzaq radiolokasiya aşkarlama və tuşlama təyyarəsinə malik olmalıdır. Ermənistanda isə nə S-400 kompleksi, nə də RLS təyyarəsi mövcuddur.


Azərbaycanın əldə etdiyi SOM-B1 raketlərinin Fransa istehsalı TR40 mühərriklərlə təchiz olunması isə təkcə V.Ambartsumyan üçün deyil, erməni ictimaiyyəti üçün də maraqlı olar.

Ədalət Verdiyev, hərbi ekspert
Azvision.az


Teqlər:





Xəbər lenti