Lavrovun Abdullahiana verdiyi dərs - TƏHLİL

 Lavrovun Abdullahiana verdiyi dərs -  TƏHLİL
  08 Oktyabr 2021    Oxunub:2243
İranın yeni Xarici İşlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya səfəri bir sıra önəmli məsələlərin müzakirəsi ilə yanaşı, onun rusiyalı həmkarı, çox təcrübəli diplomat Sergey Lavrovla yaxından tanışlıq və çox şey öyrənmək üçün əlverişli fürsət idi. Lakin Abdullahian bu imkandan yararlana bilmədi.
Abdullahianın Moskva səfərindən əli ətəyindən uzun qayıtmasının günahkarı özü idi. Rəsmi Tehranın da son günlər sərgilədiyi mövqe və səsləndirdiyi bəyanatlar bu səfərin fiaskoya uğramasını labüd edirdi. Məşhur klassik deyimdə dilin diplomata düşüncələrini gizlətmək üçün lazım olduğu vurğulansa da, Abdullahian hələ Lavrovla görüşüb söhbət etməmiş, yəni əsl müsəlman kimi bir “bismillah” deməmiş, elə Moskvanın “Vnukovo” aeroportunda açdı sandığı, tökdü pambığı. Sandıq da ki, nə sandıq, pambıq da ki, nə pambıq. Hamısı Tehranın fantaziyalarının məhsulu olan, heç bir real faktlara əsaslanmayan hipotetik təhdidlər. Ən əsası isə Cənubi Qafqazda mövcud sərhədlərin dəyişdirilməsinin yolveriməzliyi barədə “xəbərdarlıq”. Həm də daim uğurlarına qısqanclıqla yanaşdığı Azərbaycana yox, Moskvanın özünə.

Əslində rəsmi şəxsin istənilən bir görüşdən əvvəl müzakirəsi nəzərdə tutlan mövzuların detallarını açıqlaması, xüsusilə də asıb-kəsməsi nəinki dipomatik etiket qaydalarına hörmətsizlik kimi qiymətləndirilir, həm də bu şəxsin ümumiyyətlə diplomatiya sahəsində təsadüfi bir adam olduğuna dəlalət edir. İranın Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə bir növ səmimi söhbətdən əvvəl belə davakar “xəbərdarlığı” son vaxtlar Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın müəlliflərindən olan Moskvanın heç də xoşuna gəlmədi. Görüşün nəticələri üzrə nazirlərin keçirdikləri birgə mətbuat konfransında biz bunun əyani şahidi olduq. Belə ki, nazirlər ikitərəfli münasibətlərin inkişafının zəruri olduğunu vurğulasalar da, bu danışıqlarda Moskva ilə Tehranın indiki məqamda əslində fərqli məsələlərin həllinə önəm verdikləri aydınlaşdı.

Əgər Sergey Lavrovu daha çox İranın nüvə proqramı üzrə Qərblə ortaq məxrəcə gəlinməsi problemi düşündürürsə, Abdullahian Azərbaycanın və onun tərəfdaşlarının davranışından narahat olduğunu sərgiləyirdi. Bu reallıqdan çıxış edən İran regionda geosiyasi vəziyyətin və xəritənin dəyişə biləcəyi perspektivlərinin yolverilməzliyi barədə xəbərdarlıq səsləndirir. "Regionun xəritəsində dəyişiklik" dedikdə, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 21 kilometrlik hissəsi üzərində rəsmi Bakının öz suveren hüquqlarını bərpa etməsindən İranın narazı qalması fikrinin gizləndiyi tam aydındır. Amma bu reallıq məhz Rusiyanın da yaxından iştirakı ilə ərsəyə gələn və imzalanan üçtərəfli Bəyyanamənin şərtlərini özündə ehtiva edir. İndi Tehranın bununla bağlı narazılığı və Azərbaycana əzələ nümayiş etdirməsi əslində Moskvaya ünvanlanmış çağırış deməkdir. Təsadüfi deyil ki, mahir diplomat olan Sergey Lavrov birgə mətbuat konfarnsında da iranlı həmkarının səsləndirdiyi bu məntiqsiz iddianı özünəməxsus ustalıqla rədd edib.

- Rusiya tərəfi hərbi fəallığı və təxribatçı təlimləri təqdir etmir. Bakı ilə Tehran arasındakı sualları tənzimləmək üçün Moskva başqa plan irəli sürüb. Biz “3+3” – Güney Qafqazın 3 ölkəsi və onların 3 böyük qonşusu: Rusiya, İran və Türkiyə formatı yaradılması təşəbbüsünü müzakirə etmişik. İran ideyanı bəyənib. Azərbaycan və Türkiyədə də belə münasibət nəzərə çarpır. Erməni həmkarlarımızla işləyirik. Məsləhətləşmələrin belə mexanizmi uzun müddət həllini tapmamış münaqişələr üzündən regionda staqnasiya vəziyyətində qalmış münasibətlərin sürətli inkişafına kömək edə bilər - Sergey Lavrov vurğulayıb.

O, bu müstəvidə Tehranın Xəzərin statusu barədə Konvensiyanı hələ də imzalamamasının da özünəməxsus rol oynadığını diqqətə çatdırıb. “Əgər İran Xəzər regionu məsələlərinə kənar oyunçuların qarışmamasına nail olmaq istəyirsə, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı tez bir zamanda təsdiqləməlidir. Çünki həmin sənəd qeyri-xəzər ölkələrinin hərbi qüvvələrinin Xəzər dənizində iştirakına birbaşa qadağa qoyur”,- Lavrov bildirib.

Maraqlıdır ki, hələ 2018-ci ilin avqustunda qəbul olunmuş bu Konvensiyanı 4 Xəzəryanı dövlətin – Azərbaycan, Rusiya, Qazxstan və Türkmənistan - prezidentləri təsdqilədiyiy halda, bu məsələdə daim cığallıq edən İran destruktiv mövqeyini dəyişmək istəmir.

Rusiya Xarici İşlər nazirinin iranlı həmkarı ilə birgə mətbuat konfransında dediklərini diplomatik formuldan sadə dilə çevirəndə Moskvanın Cənubi Qafqazda onun maraqlarına cavab verən yeni geosiyasi konfiqurasiyanı dəyişdirmək sevdasına düşən qüvvələrə, ilk növbədə isə rəsmi Tehrana xəbərdarlıq ünvanladığı anlaşılır. Yəni, daim regionda sülhün və sabitliyin tərəfdarı olduğunu bildirən İrana çatdırılır ki, bu məsələ Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistan baş nazirinin 2020-ci il 9-10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyannamədə öz təsbitin tapıb. Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Türkiyə-Rusiya hərbi monitorinq mərkəzi və rusiyalı sülməramlılar isə həmin təhlükəsizliyin və sabitliyin qarantı rolunda çıxış edirlər. Bu baxımdan, digər dövlətlərin sözügedən məsələyə müdaxilə cəhdləri birmənalı şəkildə rədd ediləcək və buna yol verilməyəcək. Qalan məsələlərə - humanitar, mədəniyyət, iqtisadi-ticari, sosial və digər saələrdə əməkdaşlıq – gəldikdə isə təklif edilmiş “3+3” formatı İran da daxil olmaqla, yalnız region ölkələri üçün yox, regiondan kənar aktorlar üçün də optimal əməkdaşlıq variantıdır. İstəyən buyura bilər. Suyu bulandırıb balıq tutmaq sevdasına düşənlər isə layiqli cavablarını alacaqlar.

P.S. Nə hikmətdirsə sözügedən mətbuat kofrnasından sonra “Rossiya-24“ telekanalına müsahibə verən Abdullahian qonşularla əlaqələrin inkişaf etdirilməsinin İranın yeni hökumətinin başlıca prioritetlərindən biri olduğunu deyib. “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı ola bilmərik. Bizim xarici siyasətimiz balanslaşdırılmışdır. İki gün əvvəl erməni həmkarım Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarım da İranı ziyarət edərdi. Fürsət düşən kimi mən də Bakı və İrəvanı ziyarət edəcəyəm”,- İranın XİN rəhbəri bildirib.
Görünür, Sergey Lavrovun verdiyi dərs hədər getməyib. Amma rəsmi Tehran Azərbaycanla münasibətlərdə mehriban qonşuluq siyasəti məcrasına qayıtmasa Bakının verəcəyi dərs daha sərt və daha ibrətamiz olacaq. Özü də yalnız diplomatik dərs yox.

Sahil İsgəndərov, politoloq
Azvision.az


Teqlər: İran   Rusiya   Abdullahian  





Xəbər lenti