Femisidi - qadın qətllərini necə durduraq?

      Femisidi    - qadın qətllərini necə durduraq?
  08 Oktyabr 2021    Oxunub:2994
Bu gün yenə qadın qətli haqqında informasiya yayıldı. Xırdalan şəhərində 30 yaşlı ər 22 yaşlı gənc xanımını “ailə münaqişəsi zəminində” çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Son zamanlar belə cinayətlər o qədər çoxalıb ki, demək olar, hər gün qulağımız bu mövzuda nəsə eşidir. İstər mətbuatdan, istər sosial mediadan, istərsə də elə ağızlardan. Ancaq bəlkə də son zamanlar artan qadın qətəlləri deyil, sadəcə informasiyadır.
Əlimdə hələ ki dəqiq statistik məlumatlar yoxdur, ancaq məntiq deyir ki, bəli, informasiya ilə yanaşı, qətllərin sayı da artıb.

Artıbsa, deməli, adiləşərək kütləviləşib və sosial bəlaya çevrilib. Yaxşı, bəs neyləyək ki, bu fəlakətin qarşısını alaq?

Yazıya elə belə, şəxsi fikirlərimlə də davam edə bilərdim, ancaq düşündüm ki, kiçik bir araşdırma aparım, femisidə ölkəmizdə və dünyada olan münasibətə də bir göz atım. Mütəxəssislərin fikirləri ilə həm özüm tanış olum, həm də oxuculara müəyyən məlumat verim.

Dinlədiyim bir Yutub rolikində qadın qətllərinin siyasiləşdirildiyini gördüm. Daha dəqiqi, onu hüquq-mühafizə orqanlarının bu istiqamətdəki fəaliyyətinin yetərsizliyi ilə əlaqələndirirlər. Yəni hüquq mühafizə orqanları ailə-məişət zəminindəki zorakılıqlara lazımi diqqət yetirmir, barışdırma, “malalama” yolu tutur, yalnız cinayət, qətl baş verdikdən sonra peyda olurlar. Başqa səbəb göstərilmirdi. Milli resurlarımızda, təəssüf ki, daha tutarlı arqumentlər gətirən materiallar tapmadım.

Amma bu fikirlə razılaşmamaq mümkün deyil, əlbəttə, mən hətta bəzi əlavələr də edərdim. Hüquq mühafizə orqanları, xüsusilə də, sahə müvəkkilləri zorakılığın ilkin simptomlarının özünü göstərdiyi, baş verdiyi ailələrlə bağlı informasiyalara malik olmalıdırlar. Bu informasiyanı əldə etmək, zənnimcə, onlar üçün çətin deyil. Çünki bir çox digər məlumatları öz bildikləri üsullarla asanlıqla əldə edirlər. Onları bu barədə təzyiqə məruz qalan qadınlar özləri də məlumatlandıra və ya bunu başqalarının köməyilə edə bilərlər. Bu məsələdə ictimai fəallar, müvafiq qeyri-hökümət təşkilatlarının üzvləri yardımçı ola bilər və olmalıdırlar. Ancaq stimul, təşviqat, təbliğat olmalı, dövlət orqanları problemə laqeyd yanaşmamalıdırlar.

Onu da bildirim ki, problem təzə deyil. Hələ gənc ikən rayonda qonşuluqda bir kişinin öz namuslu arvadını baltalayaraq öldürməsi xəbəri hamını dəhşətə gətirmişdi. Səbəb dəhşətli idi. Gecəni başqa yerdə keçirən “mömin” kişi səhər evə gəlib arvadından “qüsl vermək” üçün su qızdırmasını tələb etmiş, itaət etmək istəməyən və ərinin əxlaqsız hərəkətini ifşa edən həyat yoldaşını susdurmaq üçün onu baltalamışdı. Qadın canını tapşırana qədər susmamış, sözünü demişdi...

Ancaq bəzi yazarlarımızın düşündüyü kimi, belə hadisələr təkcə Azərbaycanda baş vermir. Qadın, arvad öldürməyin tarixi dünyada da qədimdir və bir çox ölkələr bunu çoxdan araşdırmağa, elm predmeti kimi tədqiq etməyə başlayıblar.

Femisid (ingiliscə: femicide ) cinsi və gender ələmətləri zəminində baş verən cinayətin adıdır. Dünyada “qadınların və ya qızların sadəcə qadın olmalarına görə qəsdən öldürülmələri” mənasında geniş işlədilir. Hərçənd, bu tərif mədəni kontekstdən asılı olaraq dəyişə bilir. Femisidin “kişilərin qadınlara qarşı nifrətindən, yaxud patriarxal maraqlardan doğan və dövlətin səhlənkarlığı ilə müşayiət olunan qətl” olduğu qənatəndə olanlar da var.
Feministlər hesab edir ki, femisid öz motivinə görə, androsiddən (kişi qətli) kəskin fərqlənir. Çünki kişilər adətən küçə zorakılığının qurbanı olduqları halda, qadınlar evdə döyülür və öldürülürlər.

Abşeronda ər arvadını bıçaqla qətlə yetirib
Problem təkcə bizdə yox, bütün dünyada aktualdır. Femisidlə mübarizə üzrə Ümumavropa koalisiyası 20-dən artıq ölkədə fəaliyyət göstərir və qadın qətllərinin statistikası ilə məşğul olur. BMT femisidlə bağlı hər il hesabat hazırlayır.

Bizdə bu işlə ciddi məşğul olanlar haqqında məlumatlı deyiləm. Məsələ feministlərin ara-sıra səsləndirdiyi “qadına şiddət” ümumi bayağı şüarından o yana keçmir. Azərbaycanda femisidin rəsmi statistikasına rast gəlməmişəm, deyəsən, heç qeyri-rəsmisi də yoxdur.
Rəsmi statistika nəinki bizdə, heç Rusiyada da yoxdur. Qonşu ölkədə qeyri-rəsmi statistikanı toplayan “Moskva qadın muzeyi” təşkilatı hesab edir ki, real qadın qətllərinin cəmi 10 faizini qeydə ala bilir.

Dünyada hər gün yüzlərlə qadın qətlə yetirilir. Araşdırmalar göstərir ki, qadınların öldürülmə səbəbləri müxtəlif olsa da, mahiyyətcə demək olar, eynidir.
Əksər qətllər qısqanclıq, ailə-məişət problemləri, intim münasibətlər zəminində baş verir və əksər qadınları əks cinsin nümayəndələri, yəni kişilər öldürür. Azərbaycanda qatillər əsas etibarilə qanuni partnyorlar, yəni ərlərdir.



Qayıdıram yazının əvvəlində verdiyim suala: nə etməli? Neyləyək ki, sözün əsl mənasında hamımıza baş əskikliyi gətirən bu rüsvayçı bəladan qurtaraq? Heç olmasa, gün-gündən artmağa qoymayaq, mümkün qədər azaldaq. Həqiqətən də, kişi özündən zəifə, xüsusilə də qadına əl qaldırarmı? Hələ onu bıçaqla deşik-deşik etdiyini demirəm. Bu, kişiyə yaraşan hərəkətdirmi? Məncə, yox. Ancaq, əfsuslar olsun ki, cəmiyyətimiz bu həqiqəti dərk etməkdə acizdir. Deməli, kişiliyin meyarı, ölçüləri, parametrləri itib. Ya da elə əvvəldən düzgün olmayıb və əyri yolla da davam edir.

Odur ki, ictimai rəyi yönləndirməyə, tərbiyələndirməyə ciddi ehtiyac olduğunu düşünürəm. Bu istiqamətdə ən böyük yük də məhz medianın üzərinə düşür.
Dünyada aparılan bir çox araşdırmalara görə, KİV, ədəbiyyat, kinematoqrafiya daha çox femisidin funksional modellərini formalaşdırdığı kimi, situasiyanı dəyişmək potensialına da malikdir. Zərərçəkənlərin günahlandırılması, qətl motivinin romantikləşdirilməsi stereotipləri bütün dünyada olduğu kimi, bizdə də var. Mütəxəssislər hesab edir ki, qatili yox, qurbanı diqqət mərkəzinə gətirmək, onun üzərinə fokuslanmaq ənənəvi mental modelləri və situasiyanı müsbət yöndə dəyişdirərdi.

Gəlin, son hadisəyə diqqət yetirək. Bu hadisə haqqında oxuyan kimi, dərhal bir cümləlik status yazaraq, birmənalı olaraq qətli pislədim və hətta qatili aşağıladım. Yazdım ki, “ Xırdalanda 30 yaşlı kişi öz "kişiliyini" sübut etmək üçün 22 yaşlı gənc xanımını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib...” Rəy yazanların hamısı kişilərdir və onların əksəriyyətinin fikirlərində qurbanı ittiham etməyə, qatilə isə bəraət qazandırmağa meyil var. Məsələn, yazırlar ki, qadın xəyanət edibsə, neyləməlidir? Mən bu suala əvvəlki yazılarımda dəfələrlə cavab vermişəm, amma görünür, yetərli deyil. İnsanlar ya fərqli, yeni fikri oxumur, ya da sadəcə dərk etmək istəmir. Patriarxal düşüncə adil olmağa, gerçəkləri görməyə mane olur. Oğlum, mən sizə dəfələrlə izah etmişəm: xəyanətə uğramısınıza, o bıçağı öz qarnınıza soxun. Çünki o “xəyanət” dediyiniz şey, sizin öz fəaliyyətinizin meyvəsidir. Xəyanət heç vaxt qəfil olmur. Heç kəs yolda getdiyi yerdə ayağı sürüşüb, xəyanətə uğrayıb kiminsə qucağına düşmür. Bunun üçün vaxt, münbit şərait lazımdır və o şəraiti siz özünüz yaratmısınız. Adam öz günahını, öz axmaqlığını, öz gönüqalınlığını başqasının qanıyla yumaz. Bıçağı öz qarnına soxmağa duxun çatmırsa, papağını götür get. Əbədi yox ol, qoy camaat sənin xəcalətindən əriyib qeyb olduğunu düşünsün... Qadının qarnına soxulan bıçaq səni buynuzlu olmaqdan xilas etmir, bunu anla...

Məncə mediamız, ədəbiyyatımız, kinomuz, seriallarımız məhz bunu təbliğ etməlidir, özü də hər gün, durmadan təkrarlayaraq. İnsan, qadın öldürmək hansı motivlə olursa olsun təqdir oluna bilməz. Bu bizim qanunlarımızda var, ancaq ictimai şüura da yeridilməlidir. Zoru, qətli, qatili bütün hallarda pisləmək, ictimai qınağa məruz qoymaq lazımdır.

Yoxsa qatin qatilləri bilirsiniz nə düşünürlər? Öldürdümsə, demək, namusumu təmizlədim. Artıq başımı dik tutub gəzə, el arasına alnı açıq, üzüağ çıxa bilərəm. Eşitdiyimə görə, bu canilərə guya ədalətin fışqırdığı həbsxanada “oğru qanunlarına” əsasən namus keşikçisi kimi baxır, hörmətlə yanaşırlar. Son dərəcə yanlışdır. Namuslu adam yatıb-yatıb, bir də feli xəyanətə uğrayanda qəfil dik atılıb oyanmaz. “Qeyrətsizin qeyrətə gəlməsi” rolunu oynamaz. Bəziləri hətta özünə bəraət qazandırmaq üçün namuslu arvadlarına şər də atırlar. Gedib kənarda içir, çəkir, arvadbazlıq edir, gəlir evdə də aravın üzərinə xod gedir, istəyir qadın buna baş əysin, itaət etsin. Kişidi bu! Arvad da bir gün dözür, iki gün dözür, axırda səbr kasası dolur və partlayır. Bu da susdurmaq üçün bıçağı çıxarıb öldürür və qorxaqlığından iftira atır ki, mənə xəyanət edib...

Zora məruz qalan, döyülən, öldürülən qadınların suçu varmı? Birmənalı deyirəm: yoxdur! Çünki bu dünyanın güclü cinsi, sahibi kişilərdir. Hər şeyə görə də onlar cavabdehlik, məsuliyyət daşıyırlar. Qadın ən ağır cinayətə yol verərək xəyanət edibsə belə, günahkar kişidir. Çünki yerində olmayıb, öz funksiyasını lazımınca yerinə yetirməyib, reallığı görməyib. Çox xırda detallara varmaq istəmirəm, amma yaxşı kişi yelbeyin, ayağısürüşkən arvadının yüngül, qeyri-adekvat davranışını, hərəkətlərini vaxtında aşkar edə və müvafiq tədbir görə bilər.

Bir fransız filmində yaşlı ər gənc arvadının qonşuluqdakı cavan oğlana meyilləndiyini gördükdə bilirsiniz neyləyir? Bir gün arvadına deyir ki, biz evi satıb buradan köçməliyik. Arvadı məsələnin nə yerdə olduğunu anlayır və razılaşır.

Biz fransız deyilik, əlbəttə. Amma insanıq. İnsan olmağın, insan qalmağın isə minlərlə yolu, üsulu var...

Nadir Qocabəyli
Azvision.az


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.18 Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması




Teqlər:   Qadın-qətli  





Xəbər lenti