"Sarı vəba", yaxud İranın terrorçu balası

 "Sarı vəba", yaxud  İranın terrorçu balası
  10 Oktyabr 2021    Oxunub:4068
Dünyanın ən çox lənətlədiyi bəlalardan biri terrordur. Amma təəssüf ki, bəzi dövlətlər bu bəlanı yaratmağı, silahlandırmağı və maliyyələşdirilməyi müqəddəs iş kimi qələmə verməyə çalışırlar. Bu baxımdan, çoxdandır ki, terrorçu qrupları dəstəkləməkdə ittiham olunan İranın iştirakı ilə yaradılan “Hizbullah”ın fəaliyyəti geniş coğrafi məkanda böyük təhlükəyə çevrilib.
Livan şiələrinin hərbi-siyasi partiyası kimi meydana çıxan “Hizbullah” ölkədə İran tipli islam dövləti yaratmaq məramını açıqlamışdı. Təsadüfi deyil ki, təşkilatın baxışlarının təməlində İran teokratik dövlətinin banisi Ayətullah Xomeyninin ideologiyası dayanır və 1982-ci ildə onun təsis olunmasında İranın İslam İnqilabı keşikçiləri korpusu birbaşa iştirak edib. Bir çox tanınmış ekspertlər Livandakı “Hizbullah” qruplaşmasını İrandakı eyniadlı təşkilatın flialı sayırlar.

1985-ci ildə qəbul etdiyi manifestdə təşkilat 3 əsas məqsədini açıqlayıb:
1) Livandan bütün kolonial idarələrin çıxarılması;
2) Törətdikləri cinayətlərə görə “falanqçılar”ı (əsasən Livan xristian-maronitlərinin maraqlarını təmsil edən sağ milliyyətçi siyasi partiya) məsuliyyətə cəlb etmək;
3) Ölkədə islam rejiminin yaradılması.


1985-ci il sentyabrın 30-da Livanın paytaxtı Beyrutda SSRİ səfirliyinin 4 əməkdaşının “Hizbullah”ın üzvləri tərəfindən oğurlanması Moskva üçün bomba partlayışı effekti yaratdı. Moskvanı heyrətləndirən SSRİ-nin ərəblərlə münasibətlərinin yaxşı olması və daim onlara dəstək göstərməsi qarşılığında sovet vətəndaşlarının oğurlanması idi. Amma terrorçu üçün sənin yaxşı və yaxud pis olmağının heç bir fərqi yoxdur. O vaxt Moskva böyük çətinliklərlə, hətta terrorçulara qarşı xüsusi əməliyyatlar keçirməklə 3 vətəndaşını geri qaytara bildi. Səfirliyin konsulluq şöbəsinin katibi Arkadi Katkov isə aldığı yaranın törətdiyi qanqrena səbəbindən həlak oldu.
Həmin cinayətin təşkilatçısı 23 yaşlı “Goreşən” ləqəbli İmad Muhniyə idi. Onun heç bir ideya müdafiəçisi yox, əsl quldur olduğu bildirilir. “Hizbullah”a qoşulmuş bu terrorçunun hələ 1983-cü ilin aprelində ABŞ-ın Beyrutdakı səfirliyinin binasını partlatması nəticəsində 63 adam qətlə yetirildi. 1985-ci ildə Mərkəzi kəşfiyyat idarəsinin Livandakı rezidenti polkovnik Uilyam Baklini oğurlayan “Goreşən” onun azad olunması üçün 200 min dollar pul tələb etdi. Amma bu pulu alsa da onu azadlığa buraxmayıb, ekstremistlərin nəşrlərindən birində polkovnikin cəsədinin şəklini yerləşdirdi. Amerikalılar “Goreşən”in tutulması üçün 2 milyon dollar miqdarında mükafat vəd etsələr də, buna müyəssər olmadılar.


Livanın cənubunda İsrailin iştirakına qarşı mübarizə kontekstində antiamerikan və antiisrail əhval-ruhiyyəsi zəminində yaradılmış “Hizbullah” isə 1992-ci ildə ilk dəfə qoşulduğu parlament seçkilərində 128 mandatdan 12-ni qazandı. BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən 2000-ci ilin mayında İsrail hərbi hissələri çıxdıqdan sonra Livanın cənubunda nəzarət hökumət qoşunlarına keçməli olsa da, olmadı. Livan hökuməti xəlvəti “Hizbullah”a bütün ölkəni nəzarətə götürmək imkanı verdi. Terrorçu təşkilat İsraillə sərhəd boyu güclü müdafiə qurğuları şəbəkəsi yaratdı. Təşkilatın rəhbəri Həsən Nəsralla 2006-cı ilin may ayında Beyrutda çıxışında "İsrailin bütün şimalı bizim raketlərimizin vura biləcəyi zonadır. Haızrda bizim qüvvələrin 12 mindən çox raketi var. Mən 12 mindən çox deyəndə 13 mindən çox olmadığını düşünmək lazım deyil",- bildirdi.


Onun bu hədəsini şərtləndirən amillərədən biri də 2005-ci ilin parlament seçkilərində “Hizbullah”ın artıq 23 mandat qazanaraq, hökumətdə energetika və su ehtiyatları naziri portfelini alması idi. 2009-cu ilin iyununda isə “Hizbullah”ın başçılıq etdiyi “8 mart” koalisiyası parlament seçkilərində 128 mandatdan 57-nə yiyələndi. Bu uğurlardan başı gicəllənən “Hizbullah” Yaxın Şərq ölkələrində öz fəallığını və bölgədə nüfuz sahibi olmağa yönəlik cəhdlərini artırmağa başladı. 2008-2009-cu illərdə “Hizbullah”ın Sami Şihabın rəhbərliyi altında Misirdə bir sıra terror aktları törətmək planı açıldlanqdan sonra həmin ölkədə bu təşkilatın üzvlərinin kütləvi həbslərinə başlandı.

“Hizbullah”ın törətdiyi ən qalmaqallı terror aktlarından biri də 2005-ci il fevralın 14-də Livanın o vaxtkı baş naziri Rafiq Həririnin və 21 adamın qətlə yetirilməsidir. Livan üzrə xüsusi Beynəlxalq Tribunalın ittihamnaməsində məhz “Hizbullah”ın 4 üzvünün bu terror aktını törətdiyi bildirilir. Əsas təşkilatçı rolunda “Hizbullah"ın iki yüksək vəzifəli üzvünün adı çəkilir. Bunlardan biri təşkilatın əks-kəşfiyyatının rəhbəri Mustafa Əmir Bədrəddin özünü livanlı xaçpərəst Sami İssa kimi qələmə verib. Maraqlıdır ki, Bədrəddin 2008-ci ildə Dəməşqdə öldürülən İmad Muhniyənin (“Goreşən”) qohumudur. Öldürülən zaman “Goreşən” artıq “Hizbulla”hın əməliyyat konadanı idi. Mustafa Bədrəddinin özü isə 2016-cı ilin may ayında Suriyada öldürüldü. Necə deyərlər, su sənəyi suda sınar.


Rafiq Həririnin və daha 21 insanın ölümü ilə nəticələnən terror aktının ikinci təşkilatçısı “cəza bölməsi”nin rəhbəri Səlim Cəmil Ayaş olub. Şübhəli bilinən daha iki terroçu Hüseyn Həsən Oneysi və Əsəd Həsən Səbradır. Tribunal cinayət yerində tapılan bəzi sübutların hansı səbəbdənsə Livanın təhlükəsizlik qüvvələri tərəfindən gizlədildiyi faktını da açıqlayıb.
2004-cü il yanvarın 29-da və fevralın 22-də Yerusəlimdə törədilən terror aktını da “Hizbullah”ın maliyyələşdirildiyi bildirilir. Həmin hadisələrdə 19 adam həlak oldu, 110 nəfər isə yaralandı.


Son illərdə “Hizbullah” fəaliyyət corafiyasını xeyli genişləndirib. Məsələn, “Corriere della Sera” qəzetinin yazdığına görə, hələ 2011-ci ildə Kubada özünün dayaq bazasını yaratmaq üçün təşkilatın 3 yüksək səviyyəli təmsilçisi Meksikadan Kubaya gəlib. Sonradan onlara daha 23 yaraqlının qoşulacağı və bazının salınması üçün 1,5 milyon dollar ayrıldığı bildirilirdi. Məqalədə “Hizbullah”ın uzun illərdir ki, Latın Amerikasında əsasən İranın maraqları çərçivəsində fəalliyyət göstərdiyi də vurğulanır. Təşkilat Paraqvayda, Braziliyada, Venesuela və Atgentinada dayaq məntəqələrinə malikdir. İranın dəstəyilə “Hizbulla”hın üzvləri Argentinada İsrail səfirliyinə və yəhudi təşkilatının nümayəndəliyinə hücum ediblər. Ekspertlərin fikrincə, “Hizbullah” İran xarici siyasətinin mərkəz prinispinin – İslam İnqilabının ixracının ilk və uğurlu nümunəsidir.


Təşkilatçılıq baxımından ilk dövrlərdə “Hizbullah”ın dəqiq struktura malik deyildi və onun üzvlərinin “üzvlük biletləri və dəqiq vəzifələri” yox idi. Hazırda isə terrorçu təşkilat dini liderlərin rəhbərliyi prinsipinə söykənən formal struktura malikdir. İsrailin xüsusi xidmət orqanlarınıməlumatıan görə, hələ 2004-cü ilin əvvəllərində “Hizbullah”ın hərbi dəstələrində 10 motorlu və hər biri 250 nəfərdən ibarət 6 piyada batalyonu var idi. Döyüşçülərin ümumi sayı 4000 nəfərdir, ehtiyatda isə daha 5000 adam var. Digər bir məlumata əsasən, “Hizbullah”ın daimi üzvlərinin sayı 1000, ehtiyatda olanlarla birgə isə 7-11 min nəfərdir.
Hərbi texnika sarıdan da “Hizbulla”hın təchizatı qənaətbəxş sayıla bilər: Yalım atəşi açan 1000-ə qədər raket sistemləri və onlar üçün 100 mindən çox raket, artilleriya qurğuları, PUA-lar və İran istehsalı olan gəmi əleyhinə raketlər, habelə tank əleyhinə müxtəlif tirpli raket kompleksləri.
2010-cu ildə “Times” qəzetində dərc olunan məqalədə “Hizbullah”ın Suriyadakı bir neçə gizli silah anbarlarında “yer-yer” raketlərinin saxlanıldığı bildirilirdi. Bundan başqa, terrorçu təşkilatın “M-600” və “Skad” tipli raketlərə də malik olduğu vurğulanır. 2012-ci ilin əvvəlində Suriyanın “Hizbullah”a hətta Rusiya istehsalı olan “Osa” ZRK-ları verdiyi barədə də məlumat yayıldı. Terrorçu təşkilatın yüzlərlə bunkeri olduğu isə maraqlananlar üçün sirr deyil.


“Hizbullah” öz fəaliyyətini və ideologiyasını ixtiyarında olan KİV vasitəsilə də yayımlayır. Bunlar ilk növbədə Beyrutdan yayımlanan “Əl-Manar” peyk kanalı və “Əl-Nur” radiostansiyasıdır. “Əl-Manar” İordan çayının qərb sahilindəki Qəza sektorunda və İraqda kamikadzelərin terrorçu aktlarını təşviq edir. “Hizbullah” öz ideologiyasını uşaqların arasında yaymaq istiqamətində də fəallıq göstərir. Təşkilatın internet-bürosunun 2003-cü ildə buraxdığı “SpeciaI Force” kompüter oyununda oyunçu israilli ilə döyüşməlidir. Qalib milli qəhrəman və şəhid adına layiq görülür.

Hazırda “Hizbullah” Kanada, Niderland, İsrail, ABŞ, Misir, İran körfəzi ölkələri, Ərəb ölkələri liqası, qismən Avropa İttifaqı, Avstraliya və Böyük Britaniya tərəfindən terroçu təşkilat sayılır. ABŞ həmçinin “Hizbullah”ın ruporu olan “Əl-Manar” kanalını da terrorçu təşkilatlar siyahısına salıb. İsrail artıq neçə ildir ki, BMT-ni “Hizbullah”ı terrorçu təşkliatlar sırasına salmağa çağırır.
1985-ci ildə SSRİ səfirliyinin əməkdaşları ilə bağlı yaşanmış qanlı hadisəyə baxmayaraq, Sovet İttifaqının varisi olan Rusiyada “Hizbullah” terrorçu təşkilat sayılmır.


“Hizbullah” ilə mübarizə aparan dövlətlər hazırda terrorçu təşkilatı maliyyə mənbələrindən məhrum etməyə çalışırlar. Təşkilatın maliyyələşmə mexanizmininin fəaliyyətini poza biləcək məlumata görə “Ədalət məhkəməsinə dəstəyə görə mükafat” təşkilatı 10 milyon dollar vəd edib. Hələlik isə İranın birbaşa maliyyə dəstəyi, beynəlxalq biznes və investisiyalar, donor şəbəkələri, korrupsiya və çirkli pulların yuyulması vasitəsilə “Hizbullah”ın ildə bir miyard dollara qədər aldığı bildirilir.

Terrorçu təşkilatın gen-bol maliyyəşdirilməsi sözsüz ki, onunla mübarizəni qeyri-effektiv edir. Buna görə də, ilk növbədə “Hizbullah”ın ayaqda qalmasını şərtləndirən qüvvələrlə, yəni törəmə ilə yox, törədənlərlə mübarizə aparılmalıdır.

Sahil İsgəndərov, politoloq
Azvision.az


Teqlər: Hizbullah   İran  





Xəbər lenti