Litvada Azərbaycana həsr olunmuş sərgi açıldı - FOTO

Litvada Azərbaycana həsr olunmuş sərgi açıldı - FOTO
  25 Mart 2014    Oxunub:1282
Azvision.az Trend-ə istinadən xəbər verir ki,Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən Mikolos Romeris Universitetində "Azərbaycan litvalı gənclərin gözü ilə" adlı fotosərgi açılıb.

Litva Azərbaycanlı Gənclər Təşkilatından (AYOL) verilən məlumatına görə, martın 24-dən etibarən ictimaiyyətə tam açıq olan bu sərgidə Azərbaycanın gözəl guşələri, mədəniyyəti və adət-ənənələrini əks etdirən 40-dan çox foto nümayiş etdirilir.

Sərgidə 19 nəfər litvalı gəncin "Azərbaycan litvalı gənclərin gözü ilə" fotosərgi çərçivəsində yaratdığı rəsm əsərləri də yer alıb. Rəsm əsərləri ilə bağlı elan olunmuş müsabiqənin qalibləri AYOL adından diplom, pul mükafatı ilə təltif edilib, digər iştirakçılara isə hədiyyələr təqdim olunub.

Şəhər sakinlərinin böyük marağına səbəb olan sərgi aprel ayının ikinci həftəsinə kimi davam edəcək.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin ideya müəllifi, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) idarə heyətinin üzvü Toğrul Əliyevin sözlərinə görə, layihənin başlıca məqsədi litvalı gənclər arasında Azərbaycan haqqında məlumatların daha geniş yayılmasından, onların Azərbaycana maraqlarının artırılmasından, o cümlədən ölkəmizə dair məlumata malik gənclər tərəfindən Azərbaycan haqqında fikirlərini öz rəsm əsərləri ilə çatdırmasından ibarətdir.
Sərgi artıq ilk gündən xeyli ziyarətçi toplayıb. Litvanın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulan bu sərgiyə təşkilati dəstək AYOL tərəfindən verilir.

Qeyd edək ki, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) Litvada yaşayan və təhsil alan gəncləri bir araya gətirmək və gənclərlə iş sahəsində ölkəmizi layiqli təmsil etmək məqsədilə 2012-ci il 26 iyun tarixində Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinin dəstəyi ilə yaradılıb.

Qalereya




Teqlər:  





Xəbər lenti