“İstəsələr xoşluqla, istəməsələr zorla!” - Postmüharibə dövründə azad etdiyimiz ərazilər

      “İstəsələr xoşluqla, istəməsələr zorla!” - Postmüharibə dövründə azad etdiyimiz ərazilər
  28 Oktyabr 2021    Oxunub:5745
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il iyulun 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə vermişdi. Müsahibədə dövlət başçısı Qarabağ və Zəngəzurun bərpası, o cümlədən, açılışı artıq baş tutan Füzuli və digər hava limanları, minatəmizləmə fəaliyyəti, SES və elektrik təsərrüfatının yaradılması, 700 km.-lik yol-nəqliyyat infrastrukturu, onların hərbi əhəmiyyəti və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşünün bəzi detallarına toxunmuşdu.
Düşündürən bəyanat

Şarl Mişelin ölkəmizə səfəri ilə bağlı dövlət baçşımızın səsləndirdiyi fikirlər maraqlı idi. Ali Baş Komandan belə bir bəyanat vermişdi: “Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, hələ nəticə çıxarmalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini “mübahisəli ərazilər” adlandırdı. Mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. İki-üç metrlik qar olduğundan, ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, möhkəmlənirik və möhkəmlənəcəyik. Ermənistanın məyus olması ondan irəli gəlir ki, yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib”.

Suallar

Bu bəyanatın səslənməsindən 3 ay keçsə də, məni düşündürən məsələlər hələ də qalmaqda idi. Onlar təxminən aşağıdakılardan ibarət idi:
- Qar əriyəndən sonra biz hansı mövqelərə, nə zaman və hansı qüvvə ilə çıxmışıq?
- “Lazım bildiyimiz və götürdüyümüz nöqtələr” konkret olaraq hansı ərazidə yerləşir?
- Götürdüyümüz, yerləşdiyimiz, möhkəmləndiyimiz və möhkəmlənəcəyimiz ərazilərin ümumi siyahısında daha hansı ərazilər mövcuddur?
- Bir neçə yükçək vəzifəli Ermənistan rəsmilərinin 2 həftə içində istefası və bunun qar əriyən dövrdə baş verməsi Azərbaycanın yeni mövqelər azad etməsilə əlaqədar ola bilərmi?

Qış cavabı

Ermənistan silahlılarının Azərbaycana aid sərhəd zonalarından çıxarılmasına üçtərəfli Birgə Bəyanatın imzalanmasından sonra başlanılıb. Ağdam, Kəlbəcər və Laçın rayonlarından başqa, Qubadlı və Zəngilanın 100-ə yaxın kəndindən erməni silahlılarının çıxarılması barədə rəsmi məlumatlar olmasa da, bu proseslərin dekabrın sonuna qədər yekunlaşdığı məlumdur.


Ordumuz tərəfindən azad edilən digər əhəmiyyətli ərazi Kəlbəcərin Söyüdlü qızıl yatağı oldu. Yatağın Azərbaycana aid olan 75 faizi noyabrın 26-da, yəni Kəlbəcərin boşaldılmasından sonra Ordumuz tərəfindən nəzarətə götürüldü.

2021-ci ilin ermənilərə ilk sürprizi isə Qubadlının Şurnuxu kəndində təqdim edildi. Şurnuxuda yaşayan ermənilərə Azərbaycan ərazilərinin boşaldılması üçün yanvarın 5-dək vaxt verildi. Sərhədlərin müəyyənləşdirilməsi prosesi zamanı Şurnuxu kəndinin Azərbaycana aid olan hissəsi nəzarətimizə keçdi. Sovet dövrü xəritələrinə əsasən də bu kəndin bir hissəsi Azərbaycanın tərkibinə olub.

Fevralın 4-də isə qəhrəman Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini Qubadlı rayonunun Xinzirək və Dığ kəndlərindən çıxardı.

Yaz cavabı

Qalan ərazilərdə sərhədlərimizin bərpası yaz aylarında davam etdi. “Qar əiyəndən” sonra, mayın 10-dan 12-nə qədər Azərbaycan Ordusu 2 motoatıcı bölüyə qədər qüvvə ilə Laçın rayonu ərazisində, 3550 metr hündürlüyə malik İşıqlı yüksəkliyini və Qaragölün ətrafını demək olar ki, tamamilə düşməndən azad etdi.
İşıqlı yüksəkliyi Gorus-Qafan yolu ilə bərabər, Ermənistanın Sünik bölgəsinin böyük ərazilərini vizual müşahidə altında saxlamağa imkan verdi. Bu yüksəkliyin şərq yamacında 2666 metr yüksəklikdə Qaragöl yerləşir. Buzlaqlardan qidalan bu gölun hazırda 90-95 faizinə ordumuz nəzarəti edir. 4 dağ çayının mənbəsi İşıqlı yüksəkliyində formalaşır.

Paralel olaraq eyni zaman intervalında Kəlbəcərin Ermənistanla sərhədində yerləşən Aşağı Şorca və Yuxarı Şorca kəndləri də ordumuzun nəzarəti altına keçdi. Azərbaycan Əsgərinin bu addımları məhz Ulu Öndər Heydər Əliyevin döğum günündə həyata keçirməsini də təsadüfi hesab etmirəm.

Mayın 14-də yerli ermənilərdən ibarət silahlıların mövqelərini tərk edərək, Ermənistandan Qarabağa gedən yolu bağlamağa cəhd göstərmələri də məhz Azərbaycan Ordusunun yeni ərazilərində möhkəmlənməsi ilə əlaqədar olub. Ermənilərin bəzilərindən silahların mayın 10-dan az əvvəl polis tərəfindən yığılması sakinlərdə ərazinin Azərbaycana razılıq nəticəsində təhvil verildiyinə dair şübhələrə gətirib çıxarıb. Paşinyanın proseslərdən xəbərdar olduğuna dair iddiaları, polis reydləri zamanı sərhədyanı erməni icmalarından ov tüfənglərinin yığılması bu ehtimalı daha da gücləndirir.


Mayın 17-də isə Azərbaycan Əsgəri Ermənistanla sərhəddə daha 4 mövqeni nəzarətə götürüb. Erməni mənbələri bunun Azərbaycan tərəfi ilə 15 saatlıq danışıqlardan sonra baş verdiyini iddia edir. Bundan əvvəl isə Paşinyan bir neçə saat Gürcüstanın baş naziri vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmağa çalışıb, amma nail ola bilməyib. Azərbaycan mayın 19-da hansısa tələbləri yerinə yetirilmədiyinə görə danışıqlardan imtina edib. Bir neçə saatdan sonra isə Ali Baş Komandan İlham Əliyev məşhur “Zəngəzur dəhlizi istənilən halda açılacaq, istəsələr xoşluqla, istəməsələr zorla” bəyanatını səsləndirib.

İşğal olunmuş ərazilərdə, xüsusən də Naxçıvan istiqamətindəki Arazdəyən kəndindən ermənilərin davamlı atəşkəsi pozması fonunda Azərbaycanın atdığı adekvat addımlar Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanın mayın 20-də istefa verməsi ilə nəticələndi. Mayın 27-də Ermənistanın yeni təyin olunmuş xarici işlər naziri Ara Ayvazyan da istefa verdi. Bəli, bu istefa da məhz Azərbaycan Ordusunun ərazilərimizi ermənilərdən təmizləməsi ilə birbaşa əlaqədar olub. Kəlbəcərin qarşı tərəfində yerləşən Qarakilsənin meri Qnel Sanosyan da bu istefalara qoşuldu.

Bu hadisələri istefadan çox “batan gəmidən kapitanın qaçışı” kimi dəyərləndirmək düzgün olardı. İstənilən normal ölkədə bu istefalar fərariliyə bərabər tutulmalı idi, çünki məhz Azərbaycanın müki əhali yaşayan ərazilərini atəşə tutmaqla hədələyən Vaqarşak Arutunyanın və Azərbaycanın erməni rəsmilərinə Qarabağa getmək qadağasına məhəl qoymayan Ara Ayvazyanın nazir olduğu müddətdə erməni silahlıları yeni ərazilərdən döyüşsüz geri çəkilirdilər.
Ermənistanda isə bu istefaları Azərbaycanın hərbi uğurları ilə əlaqələndirmək istəyən iqtidar nümayəndəsi tapılmadı.

Yay cavabı

Ordumuz qar əriyənə qədər Qubadlı və Zəngilanın 100-ə yaxın kəndini, Şurnuxu, Xınzirək və Dığ kəndlərini düşməndən təmizləyib. Qar əriyəndən sonra Qaragöl istiqamətində təxminən 7 km.-ə qədər, Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd istiqamətlərində bunun yarısı qədər irəliləyərək, sərhədlərimizi bərpa edib.
Erməni hərbi ekspert Karen Vartanesyan da Azərbaycanın 3 istiqamətdə irəlilədiyini təsdiqləyib.

Ermənistanın geri çəkilmələri bununla da bitmir. Laçın ərazisində Azərbaycan-Türkiyə XTQ-sinin birgə döyüş atışlı təlimləri başa çatandan dərhal sonra, yəni sentyabrın 12-dən Qaragöl yaxınlığında yerləşən 3112 metr yüksəkliyindəki Qılncdagda (Yuxarı Uxtasar, Qara gölə yaxın, Mıxtökən dağ silsiləsində) Azərbaycan Bayrağı dalğalanmağa başladı. Erməni əsgərləri XTQ həmin yüksəkiyə qalxana qədər silahsız müqavimət göstərməyə cəhd etsə də, 30 dəqiqə sonra “canavarlar” həmin ərazidə görünən kimi düşmən acı taleyilə barışaraq, geri cəkildi. Həmin yüksəklikdə yerləşən mövqelərimiz Ermənistanın Qarakilsə rayonuna vizual müşahidəni tam təmin edir. Oktyabrın 5-də Qaragölün 90-95 faizlik hissəsinə Ordumuzun nəzarət etdiyi görüntülərlə təsdiqləndi.


Yeni azad edilən ərazilərimizdə Ordumuzun mövqelərinin sayı düşməndən 3 dəfə çoxdur. Bu, düşməni “qara fikirlərə” düşməkdən çəkindirmək məqsədi daşıyır. Qaragöl ətrafında mövcud olan erməni mövqeyinə gedən yolun Azərbaycan mövqelərindən keçməsi, orada xidmət edən ermənilərin öz mövqelərinə gedərkən belə bizim mövqelərdə yoxlamadan keçməsi, yalnız fərdi silah ilə hərəkət etməsinə icazə verilməsi və s. real faktlardır. Hazırda burada yerləşən erməni mövqelərində düşmən ölkənin bayrağının qaldırılmasına icazə verilmir.

Payız cavabı

Proses hələ başa çatmayıb. Qarabağın rus sülhməramlılarının nəzarətində olan əraziləri ilə Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin azad edilməsi xəbərini hamı səbirsizliklə gözləyir. Əsgərimiz də istənilən vəzifələri icra etməyə tam hazırdır. Azərbaycanın növbəti “qarın əriməsini” gözləyəcəyi real görünmür, cünki yuxarıda adı çəkilən 8 kənd ərazisində Laçın və Kəlbəcər dağlarının 2 metrlik qar örtüyü rast gəlinən hadisə deyil. Belə olan halda seçim Ermənistanın üzərinə düşür.


Oktyabrın 27-də Xocalının Daşkənd yaşayış məntəqəsində seperatçı rejimin 100-ə yaxın hərbi texnika və ağır silah toplaması barədə peyk görüntüləri bəzi erməni rəhbərlərin hələ də Vətən Müharibəsinin nəticələrindən düzgün dərs çıxarmadıqlarını nümayiş etdirir. Həmin şəxslər bir məqamı unutmalı deyillər ki, Zəngəzur dəhlizində olduğu kimi, “Ermənistan sərhədlərin təyin edilməsinə, silahlıların və silahların Azərbaycan ərazisindən çıxarılmasına istənilən halda gedəcək, sərhədlərimizi də mütləq tanıyacaq. “İstəsələr xoşluqla, istəməsələr zorla”.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Sərhəd   Ordu  





Xəbər lenti