Təhsil Nazirliyindən jurnalistlərə xəbər

Təhsil Nazirliyindən jurnalistlərə xəbər
  27 Mart 2014    Oxunub:1107
Təhsil Nazirliyi tərəfindən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan edilmiş jurnalist yazıları müsabiqəsi başa çatıb.
Bu barədə AzVision.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilmiş müsabiqənin məqsədi ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamətlərinin, hədəflərinin, məzmun və mahiyyətinin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasına nail olmaqdan, media qurumlarının cəmiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqəyə təqdim olunmuş məqalələrdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, səriştəli təhsilverənlərin formalaşdırılması, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirmə mexanizminin qurulması istiqamətləri çərçivəsində müvafiq hədəflər əhatə olunub.

Müsabiqənin münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərin yaxın günlərdə mükafatlandırılması nəzərdə tutulub.

Müsabiqənin nəticələrinə görə, I yer üçün (5 nəfər) 1000 manat, II yer üçün (5 nəfər) 700 manat, III yer üçün (5 nəfər) 500 manat, həvəsləndirici yer üçün (10 nəfər) 200 manat mükafat müəyyənləşdirilib. Qaliblər, həmçinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti