Baydenin siyahısı, yaxud “demokratiya sammiti”nin gizli məqsədi – TƏHLİL

      Baydenin siyahısı,    yaxud “demokratiya sammiti”nin gizli məqsədi –    TƏHLİL
  13 Noyabr 2021    Oxunub:3496
Dünya mətbuatında artıq “Baydenin demokratiya sammiti” adlandırılan, Amerikanın təşkil etdiyi demokratiya məsələlərinə həsr olunmuş qlobal sammitin bu ilin 9-10 dekabr tarixlərində videokonfrans formatında keçiriləcəyi barədə məlumat yayılıb. ABŞ prezident Co Bayden hələ prezident seçkiləri ərəfəsində dünyada demokratiyanın inkişafına həsr olunmuş qlobal sammit təşkil edəcəyinə söz vermişdi. Bu səbəbdən, sammitin təşkili onun seçkiqabağı vədlərinin yerinə yetirilməsi kimi qəbul olunur.
90-a yaxın dövlətin lideri, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələrinin iştirak edəcəyi iki günlük sammitin əsas mövzuları avtoritarizmlə mübarizə, korrupsiyanın qarşısının alınması, insan hüquqlarının qorunması olacaq. Bayden bəyan edib ki, bu görüş tərəflərin bir-birini dinləməsi və mövcud problemlərin həlli üçün planların qurulmasına şərait yaradacaq. Sammit iştirakçısı olan dövlətlərin bütün dünyada demokratiyanın inkişafı və dövlət idarəetmə sisteminin möhkəmlənməsi ilə bağlı konkret öhdəliklər götürəcəkləri və 2022-ci ildə keçiriləcək növbəti demokratiya sammitində bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat verəcəkləri planlaşdırılır.

Hələ ki, Baydenin “demokratiya sammiti”ndə iştirak edəcək ölkələrin tam siyahısı açıqlanmasa da, Amerikanın “Politiko” jurnalı öz mənbələrinə istinadən bəzi adları sadalayıb. Postsovet məkanından Baltikyanı ölkələrlə yanaşı, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan dəvət alan ölkələr siyahısındadırlar. Nə Rusiya, nə Çin, nə Türkiyə, nə də Azərbaycan sammitə çağrılıblar. Dəvət olunanlar siyahısında İraq yer alsa da, qonşusu İranın adı görünmür.

Demokratiyanın inkişafının nisbi xarakter daşıdığını və demokratik inkişaf səviyyəsinin ölçülməsinin mümkünsüzlüyünü nəzərə alsaq, bunu əminliklə söyləmək olar ki, Baydenin sammitinin demokratiyanın dəstəklənməsi ilə heç bir əlaqəsi yoxdur. Bu sammitin qlobal anlamda yeni qütbləşmənin formalaşdığına işarə etməsi də inandırıcı səslənmir. Çünki siyahıda Amerikanın bu və ya digər regiondakı əsas strateji tərəfdaşları yer almayıb. Məsələn, nə Türkiyə, nə də Misirin adı dəvət olunanların siyahısında var.

Təbii ki sammit Amerikanın qlobal maraqları və dünya hegemonluğunu təmin etməsi üçün irəli sürülmüş strategiyanın tərkib hissəsidir. Sammitin demokratiyaya həsr olunduğunun bəyan edilməsi daha çox ABŞ-ın daxili auditoriyası üçün hesablanıb və əsas məqsəd Amerika ictimaiyyətinə Baydenin öz seçkiqabağı vədlərini yerinə yetirdiyini nümayiş etdirmək, “dünyada demokratiyanı yaydığını” sübut etməkdir.

Əslində isə bu sammit Amerikada hakimiyyətdə olan Demokratlar partiyasına yaxın hökumətlərin toplantısını xatırladır. Necə ki, bir vaxtlar Respublikaçılar partiyasının nümayəndəsi Corc Buş hakimiyyəti dövründə terrorizmə qarşı qlobal mübarizənin başladığını elan etmiş və bir çox dövlətlər bu mübarizədə Vaşinqtona dəstək olmuşdular, eləcə də indi Demokratlar partiyası qlobal prioritetlərinin ətrafında özünə yaxın dövlətləri toplayır.


Müəllifin əvvəlki yazıları:
“Bayraktar” labirinti – TƏHLİL
Rusiya bazasının ətrafında çevriliş: Sudanda baş verənlərin pərdəarxası – TƏHLİL
Qaynar dəniz: Cənubi Çin sularında hərbi gərginlik niyə artır – TƏHLİL
Regionda böyük gizli anlaşmanın izləri – TƏHLİL
Rusiyanın dini ekspansiyası bölgəmizə hansı təsiri göstərə bilər – TƏHLİL
“Xəngəl məhbusu”: Saakaşvili oyunu “3+3” formatı ilə bağlı ola bilərmi – TƏHLİL

Həmin dövrdə hətta Rusiya belə terrorizmlə mübarizə məqsədilə ABŞ-la tərəfdaşlığa qoşulmuş, birgə Rusiya-NATO sammiti yaradılmışdı. Həmçinin Türkiyə, Azərbaycan, Gürcüstan və s. ölkələr də Vaşinqtonun bu təşəbbüsünü dəstəkləmişdilər. Əslində həm demokratlar, həm də respublikaçıların təşəbbüsləri son nəticədə Amerikanın qlobal hegemonluğunu təmin etməyə hesablansa da, partiyaların hədəflərə nail olma yolları bir-birindən fərqlənir. Əgər respublikaçılar regionlarda Amerikanın iştirakının hərbi yolla təmin edilməsini daha məqbul sayırdılarsa, demokratlar bunun əksinə siyasi-diplomatik vasitələrə üstünlük verirlər.

Odur ki, əminliklə “Demokratların sammiti” adlandıra biləcəyimiz bu konfransın əsas hədəfinin prezident Bayden dəfələrlə açıqladığı kimi, Çinin qlobal liderliyinin qarşısını almaq və Rusiyanı çilovlamaq olduğunu deyə bilərik.

Demokratların ənənəvi olaraq, “məxməri inqilab”lar ssenarilərini hazırladıqlarını nəzərə alsaq, budəfəki əsas hədəf ölkənin Rusiya olduğuna heç bir şübhə yoxdur. Rusiyada Amerikanın “demokratiya” pərdəsi ilə yürütdüyü siyasətini dəstəkləyən qurum və institutların fəaliyyətinin qarşısı alındığına görə, ehtimal etmək olar ki, Rusiya ilə sərhədboyu postsovet respublikalarında bu institutlar fəaliyyətə başlayacaq. Söhbət ondan gedir ki, Rusiya hazırda yarı-qərbli, yarı-şərqli vəziyyətində olan postsovet respublikalarını geriyə - öz təsirinə qaytarmaq üçün onların ictimaiyyəti arasında təbliğat işini qurmağa çalışdığı kimi, Amerika da Moskvanın hədəflədiyi həmin o sosial qrupların vasitəsilə Rusiyanın daxili ictimai rəyinə təsir etməyə çalışacaq. Faktiki, Rusiya ilə inteqrasiyaya can atmaq adı altında ona sığınmağa çalışan postsovet ölkələrinin vətəndaşları əslində Amerikan missiyasını yerinə yetirəcəklər. Bu mənada hər bir respublikanın qarşısında konkret təlimatlar qoyula bilər.

Eyni ssenarinin Çinin ətrafındakı ölkələrdən Çinə qarşı, İranın qonşuluğunda olan İraqdan Tehran rejiminə qarşı tətbiqi gözlənilə bilər. Məlum olduğu kimi, Çin də ətraf ölkələri özünün siyasi-iqtisadi asılılığına salmaq üçün siyasi strategiya yürüdür. Eləcə də, İran İraqdakı hakimiyyəti öz təsirində saxlamaq üçün ənənəvi ideoloji xəttinin bu ölkədə təbliğatı məqsədilə geniş iş aparmaqdadır.

Azərbaycan ilə Türkiyənin konfransa dəvət olunmaması heç də ABŞ-ın Bakı və Ankara ilə strateji tərəfdaşlıqdan imtina etdiyi anlamına gəlmir. Burada Vaşinqtonun incə siyasi oyun qurduğunu sezmək olar. Qərb üçün Türkiyə və Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlığının pozulması heç bir halda arzuolunan deyil. Çünki bu halda ümumilikdə Şərq-Qərb ticarət marşrutu təhlükə altına düşə bilər. Odur ki, Vaşinqton Rusiya ilə Türkiyənin tərəfdaşlığına xələl gətirəcək addımlara yol verməyəcək.

Tofiq Vahid
AzVision.az


Teqlər: Demokratiya-sammiti   Bayden   ABŞ  





Xəbər lenti