BMT də İlham Əliyevi təltif etməlidir – Ədalət Verdiyevin yazısı

   BMT də İlham Əliyevi təltif etməlidir –    Ədalət Verdiyevin yazısı
  13 Noyabr 2021    Oxunub:1802
Adını Türk Dövlətlər Təşkilatı olaraq dəyişən Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi böyük tarixi və mənəvi əhəmiyyətə malikdir. Bu qərar Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, liderlik fəaliyyətinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, türk həmrəyliyinə mühüm töhfə verən, Qafqazda sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymət kimi dəyərləndirilməlidir.
Regional erməni təhdidi ilə bağlı risklərin artan dinamika nümayiş etdirdiyi bir dövrdə qlobal güclərin maraqlarının kəsişdiyi Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda çoxvektorlu və uğurlu siyasət aparmaq çətin məsələdir. Erməni təhdidlərini azaltdıq, amma qlobal güclərin maraqları ilə mübarizəyə davam edirik. “7 cəbhədə yeddibaşlı əjdaha ilə savaşırıq” deyəndə, həm də bu amillər nəzərdə tutulurdu. Azərbaycan Prezidenti Ermənistanın təhdidlərini aradan qaldırmaq üçün ordunun modernləşdirilməsini başa çatdırdı, xalqı bu Müharibəyə hazırladı, Ermənistanı Qarabağ məsələsində tək qoya bildi. Onun apardığı məqsədyönlü siyasət İrəvanın müttəfiqlərinin belə, birbaşa dəstəyini məhdudlaşdırdı.

Türk Şurasına sədrliyi dövründə Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanaraq, ərazi bütövlüyünü bərpa etməsi Əsgərimizin imkanlarını həm rəqiblərimizə, həm də tərəfdaşlarımıza nümayiş etdirdi. Bu Zəfər Türk dünyasında həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynamaqda davam edir. Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinə səbəb məhz Azərbaycan Respublikasının Vətən Müharibəsindəki tarixi qələbəsidir. Bu qələbənin əldə olunması üçün dövlət başçısı Azərbaycan dövlətinin və müasir ordunun yaradılması istiqamətində ciddi siyasət həyata keçirib və keçirməkdədir.

Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, erməni yalanlarının beynəlxalq miqyasda ifşa olunması və dünyanın aparıcı beynəlxalq təşkilatlarının ərazi bütövlüyümüzü dəstəkləyən qərar və qətnamələr qəbul etməsi, ayrı-ayrı dövlətlərin və dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlərin Ermənistanın işğalçılıq siyasətini pisləməklə haqq işimizə dəstək verməsi də Prezidentimizin mühüm xidmətlərindəndir.


Ali Baş Komandan İlham Əliyevin güclü, müasir, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyə qadir Silahlı Qüvvələrin yaradılması istiqamətində fəaliyyəti Vətən Müharibəsində Ermənistan ordusunun darmadağın edilməsi və işğalçının kapitulyasiyası ilə nəticələndi. Prezidentimizin diplomatik məharəti və yürütdüyü ardıcıl, düşünülmüş siyasət güclü erməni diasporunun, Ermənistana dəstək verən Qərb dairələrinin, ayrı-ayrı tərəfdaşlarının addımlarını neytrallaşdırdı. Hazırda Ermənistan izolyasiya olunmuş bir dalan dövlətə çevrilib. Bütün bunların nəticəsində Prezident İlham Əliyev Azərbaycan xalqını vahid ideya, amal ətrafında yumruq kimi birləşdirən, xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi tarixə düşdü.

Vaxtilə tarixi və əzəli torpağımız olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb, Ermənistana birləşdirilməsi onilliklər ərzində Türk dünyasını süni olaraq iki yerə bölmüşdü. Azərbaycan Prezidentinin rəhbərliyilə Ordumuzun Ermənistan üzərindəki Qələbəsi böyük türk dünyasının təkrar birləşdirilməsini təmin etdi. Zəngəzur dəhlizinin açılması Türk dünyasının qarşılıqlı əlaqələrinə və əməkdaşlığına yeni bir təkan verəcək. TDT-yə üzv ölkələr arasında iqtisadi əlaqələrin, o cümlədən yük və sərnişin daşımalarının həcminin dəfələrlə artması, eyni kökdən olan 160 milyon türkün təmaslarının daha da intensivləşəcəyi gözlənilir.

Hazırda Azərbaycan dünyada BMT-nin qətnamələrini təkbaşına icra edən və 21-ci əsrin yeganə qalib ölkəsidir. Bütün Türk dünyası ilə bu və ya digər şəkildə çirkin ədavət aparan, qonşu Türk dövlətlərinə qarşı ərazi iddiaları səsləndirən Ermənistan isə məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl rəhbərliyi nəticəsində tarixinin ən rəzil günlərini yaşayır. Dünyada erməni faşizmini Azərbaycan qədər alçaldan və ona layiq olan yeri göstərən digər bir ölkə mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinin səbəblərindən biri də budur.


Prezidentimizin təltif olunması onun Alı Baş Komandanlıq etdiyi hər bir hərbçimizin, hər bir vətəndaşımızın təltif olunması deməkdir. Mən də öz növbəmdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Alı Baş Komandanı cənab İlham Əliyevi “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi münasibətilə təbrik edirəm, Qarabağ Qələbəsinin Baş Memarı olan Fatehimizə gələcək fəaliyyətində uğurlar arzu edirəm!

Yeri gəlmişkən, əgər BMT-də az da olsa sağlam düşüncə hakimdirsə, o zaman bu təşkilat onun qərarlarını təkbaşına icra edən və soyqırımlar törətmiş Ermənistanı cəzalandıran Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanını təltif etməlidir.

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə türk dövlətləri ilə əməkdaşlıq imkanları günü-gündən daha da genişlənir. Qardaş Türkiyə bu fəaliyyətlərdə kifayət qədər aktivdir. Özbəkistan və Macarıstan müəyyən addımlar atırlar. Məsələyə geniş prizmadan yanaşsaq, İlham Əliyevin sistemli, əhatəli və müasir tələblərə tam cavab verən siyasəti Azərbaycanı zirvələrdən-zirvələrə, uğurlardan-uğurlara aparır.

Türk Dövlətləri Təşkilatı başqa ölkələrə qarşı yönəlməyib. Onun hərbi məqsədləri də mövcud deyil. Gələcək toplantıda TDT-də müşahidəçi olan Macarıstan və Türkmənistanın üzv qəbul edilməsi hesabına genişlənməsi gözlənilir. Bu təşkilat onlarla digər türkdilli xalqalar üçün də bir güvənc yeri olacaq. Yaxın gələcəkdə dünya Türk qardaşlığının, Türk etibarının, Türk gücünün əsl mahiyyətini və imkanlarının nə qədər geniş olduğunu daha yaxından görəcək.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Türk-Dövlətləri-Təşkilatı  





Xəbər lenti