Ermənistanın lənətlənmiş nazir kürsüsü

     Ermənistanın lənətlənmiş nazir kürsüsü
  16 Noyabr 2021    Oxunub:2716
Yer kürəsində və dünya okeanında insanların “lənətlənmiş yerlər” adlandırdığı ərazilərin olduğu hamıya məlumdur. Məsələn, Atlantik okeanın Saraqossa dənizindəki Bermud üçbucağı adlandırılan məkan kimi. Müəyyən dövrlərdə bir sıra ölkələrdə hətta “lənətlənmiş vəzifələr və ya məmur postları”nın da olduğu tarixdə dəfələrlə öz sübutunu tapıb. Son 5 ildə bunu Ermənistanın müdafiə naziri postu ətrafında yaşanan fantasmaqorik hadisələr bir daha təsdiqləyir.
Maraqlıdır ki, Ermənistanın müdafiə naziri vəzifəsinin “lənətlənmiş posta” çevrilməsində Azərbaycanın iştirakı danılmaz bir faktdır. Başqa sözlə desək, Azərbaycan erməni tragikomediyasının müəlliflərindən biri rolunda çıxış edir. Sübut üçün faktlara müraciət edək.

2016-cı ildə Aprel döyüşlərində Azərbaycan Ordusunun zərbələrindən sarsılan erməni silahlı qüvvələrinin “məğlubedilməz ordu” əsatiri darmadağın edildi. O cümlədən də, 2008-ci ildən müdafiə naziri vəzifəsini tutan “uğurlu” general-polkovnik Seyran Ohanyanın ulduzu öləziməyə başladı ki, bu da Aprel döyüşlərindən bir ay keçmiş həmin “ulduz”un tam sönməsi ilə nəticələndi. Acı məğlubiyyətə görə günahkar axtaran o vaxtkı prezident Serj Sarkisyan müdafiə nazirini istefaya göndərdi ki, bu da dinc azərbaycanlı qadınların, uşaqların və qocaların qətli bahasına qazanılan “hünər”lə döyüş meydanındakı rəşadət arasında çox böyük fərqin olduğunu göstərdi. Ermənistanın yeni hakimiyyəti dövründə isə ordu quruculuğundan çox maliyyə fırıldaqları ilə məşğul olmuş Seyran Ohanyana qarşı cinayət işi açıldı.



Amma Serj Sarkisyanın onun yerinə təyin etdiyi müdafiə naziri Vigen Sarqsyanın da aqibəti heç ürəkaçan olmadı. 2016-cı ilin oktyabrında prezident Sej Sarkisyanın aparatı rəhbərliyindən müdafiə naziri kreslosuna transfer olunan Vigen Sarqsyanı Ermənistanın yeni hakimiyyəti 2018-ci ilin may ayında bu vəzifədən uzaqlaşdırdı. Özü də elə uzaqlaşdırdı ki, Vigen Sarqsyan ABŞ-da lövbər saldı. Çünki onun da hərbi məsələlərdən daha çox mənzil oğurluğu, yəni fırıldaqçılığı ilə məşğul olduğu barədə ciddi faktlar ortaya çıxdı və bununla bağlı cinayət işi açıldı. ABŞ-da yuva quran Vigen Sarqsyan məsələnin mənzil dərdi yox, siyasi sifariş olduğunu bildirdi.

Yeni hakimiyyət, yəni Nikol Paşinyan hökuməti isə Ermənistanın müdafiə naziri postuna vaxtilə Seyran Ohanyanın birinci müavini olmuş David Tonoyanı təyin etdi. Vəzifədə olduğu müddətdə dəfələrlə separatçı rejimin yerləşdiyi Qarabağa səfərlərində aqressiv mövqe sərgiləyən, Nyu-Yorkdakı erməni icması qarşısında çıxışında “sülh əvəzinə ərazilər” formulunu “yeni ərazilər uğrunda yeni müharibə” prinsipinə dəyişdiyini və İkinci Qarabağ savaşında “rəşadətli” erməni silahlı qüvvələrinin “uğurlar”ı barədə saysız-hesabsız bəyanatlar verən Tonoyanın “ulduzu” 2020-ci il noyabrın 20-də söndü. Daha doğrusu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində yalnız təcavüzkar erməni hərb maşınının yox, onun lovğa nazirinin də belini sındırdı. Demək olar ki, müharibənin son gününə qədər baş nazir Nikol Paşinyanı cəbhədəki vəziyyətlə bağlı aldadan David Tonoyan ötən il noyabrın 20-də istefa ərizəsi yazdı. Bu il sentyabrın 30-da İrəvan məhkəməsi Tonoyanın həbsi barədə qərar çıxarıb və onun məhbəsdən buraxılması barədə vəsadətləri Apellyasiya məhkəməsi rədd edib. Ermənistanın təhlükəsizlik xidmətinin məlumatına görə, Tonoyan erməni ordusunun silahla təchizatı üzrə tədarükçü şirkətin başçısı “patron Davo” ləqəbli Daviq Qalstyanla əlbir olaraq 4,7 milyon dollar vəsaiti oğurlayıb. Onlar istifadəyə yarasız olan raketlərin alınması üçün dövlət büdcəsindən bu qədər vəsait alıblar. Maraqlıdır ki, keçmiş müdafiə naziri Seyran Ohanyan 2011-ci ildən anbarlarda yığılıb qalan həmin yararsız raketlərin məhv edilməsinin nəzərdə tutulduğunu, Tonoyanla şərikinin isə bunu yararlı silah kimi yenidən dövlətə sırıdıqlarını bildirib.



Tonoyanın yerini isə ötən ilin avqustunda Nikol Paşinyanın baş müşaviri təyin olunmuş Vaqarşak Arutyunyan tutdu. 1999-2000-ci illərdə artıq bu vəzifədə olmuş general-leytenant Arutyunyan 1999-cu ilin sentyabrında Ermənistan parlamentində yaşanmış güllə-boranla bağlı o vaxtkı prezident Robert Köçəryanla toqquşduğuna görə, vəzifədən uzaqlaşdırılmış və hərbi rütbəsindən məhrum edilmişdi. Yalnız indiki prezident Aram Sarkisyan 2019-cu ildə onun hərbi rütbəsinin bərpa olunması barədə fərman imzaladı. Amma Vaqarşak Arutyunyanın da “nazirlik ömrü” uzun sürmədi. Cəmi 8 ay müdafiə naziri kreslosunu isidən Arutyunyan bi il iyulun 20-də vəzifəsində azad edildi. Onunla bərabər Baş qərargah rəisinin birinci müavini Arşak Karapetyan da istefaya göndərildi. Maraqlıdır ki, elə Arşak Karapetyan da yeni müdafiə naziri təyin edildi.



Daha çox revanşist əhval-ruhiyyəsi ilə seçilən Karapetyan KTMT-nin baş katibi general-mayor Stanislav Zasla İrəvanda görüşü zamanı təşkilatın Ermənistana köməyinə gəlmədiyindən gileyləndi, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdə isə İrəvanın Moskvadan daha müasir silahlar almaq niyyətində olduğunu diqqətə çatdırdı. Karapetyan hətta Rusiyanın erməni silahlı qüvvələrini modernləşdirməyə hazır olduğnu da açıqladı. Lakin sonradan onun arzu ediləni həqiqət kimi cəmiyyətə sırımağa çalışdığı üzə çıxsa da, sərt ritorika nümayiş etdirən Arşak Karapetyan avqustun əvvəllərində yeri gələrsə Azərbaycan Ordusuna qarşı hətta güc tətbiq oluna biləcəyini də söylədi. Təhdidinin boş söz olmadığını sübuta yetirməyə çalışan Karapetyan hətta Qarabağın rusiyalı sülhməramlıların nəzarəti altındakı ərazisinə qanunsuz səfər də etdi. Əslində elə bununla da nazirlik taleyinin üstündən qalın qara xətt çəkdi. Belə ki, son bir neçə gündə Qara Göl ətrafında təxribat cəhdlərinə, Şuşanın Daşaltı kəndində erməni terrorçunun azərbaycanlıların qumbara atmasına Azərbaycanın Müdafiə nazirliyi “buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq” xəbərdarlığını ünvanlamışdı. Karapetyanın Azərbaycanın Qarabağ bölgəsinə səfəri ilə bağlı rəsmi Bakının sərt reaksiyası isə həm Moskvada, həm də İrəvanda düzgün başa düşüldüyündən dünən Ermənistanın növbəti müdafiə naziri istefaya göndərildi.

Onun yerinə hələ hərbi xidmətdə olarkən öz komandirini bıçaqladığına görə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş Suren Papikyan təyin olundu. Bu nazirin öz sələflərinin aqibətini təkrarlayıb-təkrarlamaycağı ilk növbədə onun Azərbaycana münasibətdə hansı xətti tutacağından asılı olacaq. Bu baxımdan Papikyanın çox maraqlı bir statistikaya nəzər salması yetərlidir. Son 5 ildə Ermənistanda 5 müdafiə naziri dəyişib ki, onların taleyində də Azərbaycanın oynadığı rol birmənalıdır. Həmin nazirlər ya Azərbaycanın hərbi qüdrətinin, ya da ki, diplomatik-siyasi nüfuzunun qurbanı olublar. Özü də bu nazirlərin 4-nün təyinatı Nikol Paşinyanın 3 illik hakimiyyəti ərzində, 3-nün təyinatı isə Ermənistanın kapitulyasiyasından sonrakı cəmi 1 ilə təsadüf edir. Bu mənada vur-tut 6 aydan bir qədər çox Ermənistanın xarici işlər naziri olmuş Ara Ayvazyanın da Qarabağa qanunsuz səfərinin onun karyerasında hansı neqativ rolu oynaması bütün erməni məmurlar, o cümlədən də yeni müadfiə naziri Suren Papikyan üçün ibrət dərsi olmalıdır. Əks-təqdirdə Papikyan da Ermənistanın “lənətlənmiş nazir kürsüsü”nün növbəti qurbanı olacaq.

Çünki regionda sülhün və sabitliyin qorunmasında, hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olan və hamını buna çağıran Azərbaycan belə qüvvələrin hətta Ermənistanın özündə belə neytrallaşdırılması məsələsində əhəmiyyətli söz sahibinə çevrilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti