“3-4 ildən sonra Ermənistanda revanşistlər hakimiyyətə gələ bilər” - Dmitri Qalkin (Müsahibə)

   “3-4 ildən sonra Ermənistanda revanşistlər hakimiyyətə gələ bilər” -    Dmitri Qalkin (Müsahibə)
  18 Noyabr 2021    Oxunub:3226
“Ermənistanda revanşist əhval-ruhiyyəli siyasi qüvvələr hələ ki hakimiyyətdən uzaqlaşdırılıb. Ermənistan rəhbərliyinin nümayəndələri davakar bəyanatlar verə bilərlər, lakin eyni zamanda münaqişənin yenidən alovlanmasına səbəb ola biləcək addımlardan çəkinəcəklər”.
Bu sözləri Azvision.az-a müsahibəsində ukraynalı politoloq Dmitri Qalkin deyib. Onun fikrincə, 3-4 ildən sonra Ermənistanda daxili siyasi vəziyyət dəyişə və revanşistlər hakimiyyətə qayıda bilərlər. Bu halda Rusiya strateji müttəfiqini güc yolu ilə cilovlamalı olacaq.

- Belə bir vəziyyətdə Rusiya kontingentinin hərbi münaqişənin qızışdırılmasına yönəlmiş təxribatçı hərəkətlərinin qarşısını tamamilə ala biləcəyinə müəyyən şübhələrim var. Ona görə də ümid edək ki, Ermənistanda revanşistlər yaxın gələcəkdə hakimiyyətə gələ bilməyəcəklər. Bu halda Rusiya kontingenti öz funksiyalarının öhdəsindən uğurla gələcək.

- Müstəqilliyin ilk illərində Ukrayna Azərbaycanın hərbi-texniki əməkdaşlıq sahəsində əsas tərəfdaşlarından biri olub. Bu əməkdaşlığın ən fəal dövrü 2000-ci illərə təsadüf edib. Amma bu gün hərbi-texniki əməkdaşlıq yoxdur. Nə baş verir?
- Ukrayna ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın azalmasının əsas səbəbi, fikrimcə, Ukrayna Silahlı Qüvvələrinin 2014-cü ildən əvvəlki dövrə nisbətən daha çox silaha ehtiyac duyması və almasıdır. Ukrayna istehsalçılarının imkanları əvvəlki kimi qalır, amma onlar əsasən daxili sifarişləri yerinə yetirməyə məcburdurlar.
Təəssüf ki, Ukrayna ümumiyyətlə post-sovet məkanında heç bir aktiv fəaliyyət göstərmir. Ona görə də, heç bir post-sovet dövləti ilə əməkdaşlığı inkişaf etdirmək strategiyası yoxdur və keçmiş sovet respublikaları ilə dostluq əlaqələri qurmaqdan imtina, mənə elə gəlir ki, Ukraynanın xarici siyasətində zəifliyin mühüm səbəbidir. Bu baxımdan ümid etmək istərdim ki, Ukrayna Azərbaycanla əməkdaşlığın inkişafının vacibliyini dərk edəcək. Lakin bunun nə vaxt baş verəcəyini söyləmək çətindir.

- Kiyev Bakıya hansı yeni silah növləri təklif edə bilər?
- Mənə elə gəlir ki, sualı başqa cür qoymaq lazımdır. Azərbaycanın Dağlıq Qarabağdakı hərbi münaqişədə qələbəsindən sonra Ukrayna Bakını maraqlandıra biləcək silahlar istehsal edirmi? Bu sualın cavabı iki amildən asılıdır. Birincisi, Azərbaycanın hərbi komandanlığı Ermənistanla genişmiqyaslı hərbi münaqişə ehtimalını nə dərəcədə yüksək qiymətləndirir? Əgər bu təhlükə davam edərsə, o zaman Ukrayna tanklar və piyadalar üçün döyüş maşınları (PDM) təklif edə bilər.
İkincisi, Azərbaycanın mövcud artilleriya və raket sistemlərini gücləndirməsi hərbi məğlubiyyətə uğrayan Ermənistanın revanş cəhdlərinin qarşısını ala biləcəkmi? Əgər hərbi gücün artırılması həqiqətən məntiqlidirsə, o zaman Ukrayna Azərbaycana raket sistemləri verə bilər. Onlardan bəziləri hələ ki hazırlanma mərhələsində olduğu üçün Azərbaycan, yəqin, prosesə qoşula və razılıq əldə olunsa, bu növ silahların istehsalını öz ərazisində təşkil edə bilər.

- Ukrayna və Türkiyə hərbi-texniki əməkdaşlığı gücləndirir. Donbasdakı əməliyyat zamanı Ukrayna ordusu türk PUA-larından istifadə edib. İki ölkə arasında hərbi əməkdaşlığın güclənməsinin arxasında nə dayanır?
- Türkiyə ilə hərbi-texniki əməkdaşlıq Donbasda hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə rusiyayönlü qüvvələrin ciddi itkilərə məruz qalacağına Rusiyanı inandırmağa hesablanıb. Buna görə, Ukrayna nümayiş etdirməyə çalışacaq ki, Türkiyənin yardımı sayəsində Azərbaycanın Dağlıq Qarabağdakı uğurunu təkrarlaya bilər.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Ermənistan   Ukrayna   Azərbaycan  





Xəbər lenti