Ermənistanla delimitasiya və demarkasiya necə aparılacaq – Qaydalar

 Ermənistanla delimitasiya və demarkasiya necə aparılacaq –  Qaydalar
  29 Noyabr 2021    Oxunub:7082
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putininin görüşü növbəti üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Bəyanatda əksini tapan iki əsas məsələdən biri nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, digəri isə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasından ibarətdir.
Nəqliyyat dəhlizlərinin açılmasına dair üzərinə düşmən öhdəlikləri Azərbaycan keçən ilin noyabrın 14-də yerinə yetirdiyi üçün bu məsələ tamamilə Ermənistan tərəfindən icra edilməlidir.

Bəyanatda qeyd olunan məsələlərin həlli, xüsusilə də dövlət sərhədinin delimitasiyası sülh sazişinin imzalanması üçün hazırlıq kimi dəyərləndirilməlidir. Münaqişə tərəfləri bir-birinin sərhədlərini tanımadan sulh sazişi mümkün deyil. Məsələn, Yaponiya ilə Rusiya 2-ci Dünya Müharibəsinin başa çatmasından 77 il keçməsinə baxmayaraq, sərhəd məsələsində ortaq məxrəci tapa bilməyiblər və təbii ki, aralarında sülh müqaviləsi də hələ bağlanmayıb. Adətən 10-20 maddədən ibarət olan sülh müqaviləsinin tərkibində və ya ona əlavə olaraq sərhədlərin qarşılıqlı tanınmasına dair ayrıca bir Akt tərtib olunur. Delimitasiya zamanı qarşılıqlı razılaşma ilə əldə olunan imzalı sərhəd xəttinin xəritəsi Akta əlavə edilir.

Sərhədlərin delimitasiyası (lat. delimitatio “qeyd”) — qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Bu prosesin tərkibinə yalnız münaqişə zonasındakı ərazilər deyil, münaqişə tərəfləri arasında mövcud olan bütün sərhəd xətlərinin keçdiyi ərazinin təyin edilməsi daxildir. Delimitasiya zamanı razılığa gələn tərəflər bir qayda olaraq, irimiqyaslı xəritə üzərində, ərazidə iş aparılmadan sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar. Xəritələrə sxemlər də əlavə edilə bilər. Dövlət sərhədi xəttinin müəyyən olunması üçün genişmiqyaslı xəritələr üzərində bütün obyekt və yaşayış məntəqələrinin yerləşdiyi koordinatların dəqiq göstərilməsi vacibdir.

Dövlət sərhədinin delimitasiyası özündə quru, su (dəniz, göl və çay), hava və yeraltı qaynaqların keçdiyi ərazilərin təyin olunmasını ehtiva edir. Quru sərhədlərinin təyin edilməsi üzərində iş yeni başlayır. Su sərhədlərinin təyin edilməsi çox az zaman tələb edəcək. Hava sərhədləri isə quru və ya dəniz sərhədlərinin tam üstündən keçən şərti xətt ilə müəyyən olunduğu üçün buna da zaman itirilməyəcək. Yeraltı təbii sərvətlərin sərhədləri isə fərqli sahədir, amma bunun da uzun zaman tələb edəcəyini düşünmürəm.

Delimitasiya prosesi zamanı Qazax və Naxçıvanın hələ də ermənilərdə qalan 8 kəndinin taleyinə aydınlıq gətiriləcək. Azərbaycanın sərhədlərinə bitişik kəndlərin qaytarılacağı şübhəsizdir, Ermənistan ərazisində anklavda olanların əvəzində isə Ermənistan ərazilərinin Azərbaycana verilməklə mübadilə ediləcəyi ehtimal olunur. Delimitasiya prosesi iki ölkə arasındakı bütün dövlət sərhəd xəttinin xəritə üzərində razılaşdırılması ilə başa çatacaq.

Delimitasiya prosesi zamanı hazırlanan və tərəflərin imzaları ilə təsdiq edilən sənədlər sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi hesab olunan demarkasiya üçün baza rolunu oynayır. Başqa sözlə desək, xəritə üzərində əldə olunan razılaşma sərhədlərin işarələnməsi və çəkilməsi üçün əsas sənəddir.

Demarkasiya (latınca “işarələmə”) adından da göründüyü kimi, müvafiq delimitasiya sənədləri əsasında qonşu dövlətlər arasında dövlət sərhədinin keçdiyi ərazilərin yerində sərhəd nişanları ilə işarələnməsi deməkdir. Daha əvvəl delimitasiya prosesinin uzun bir zaman tələb etməyəcəyi barədə fikrimi əsaslandırmışdım. Amma demarkasiya barədə eynisini demək doğru olmaz. Bu daha uzun bir prosesdir.

Sərhədin demarkasiyası prosesi delimitasiyaya dair sənədlər (müqavilə, dövlət sərhədi xəttinin xəritəsi və əlavə təsvirlər) əsasında paritet əsaslarla yaradılan birgə komissiyalar tərəfindən həyata keçirilir. Bu zaman dövlət sərhədinin keçdiyi xətt xüsusi sərhəd nişanları ilə işarələnməlidir.

Demarkasiya prosesi zamanı ərazinin topoqrafik, hava və peyk çəkilişləri aparılır. Bu məslədə müasir PUA-lar mühüm əhəmiyyət daşıyır. Həmin çəkilişlərin əsasında sərhəd zolağının irimiqyaslı topoqrafik xəritəsi tərtib edilir, sərhəd nişanları (dirəklər, tikanlı məftillər və s.) qurulur və onların topoqrafik koordinatları müəyyən edilir. Sərhədin demarkasiyası üzrə bütün tədbirlər haqqında xüsusi sənədlər tərtib olunur. Sərhəd xəttinin keçməsini və sərhəd nişanlarını təsvir edən protokollar imzalanır. Sərhəd nişanlarının yerləşmə sxemləri və fotoşəkillər protokollara əlavə olunur. Sərhəd nişanları özbaşına yerdəyişməyə məruz qala bilməz və tərəflər onların yararlı vəziyyətdə saxlanmasına nəzarət etməyə borcludurlar.

Nəticə

Delimitasiya və demarkasiya mürəkkəb və həcmli bir prosesdir. Gürcüstan dost ölkədir, Bakı ilə Tiflis arasında həll edilməyəcək heç bir məsələ yoxdur, amma iki ölkə arasında mövcud olan 428 km.-lik dövlət sərhədinin delimitasiyası prosesinin 1994-cü ildən başladığı və bu günə qədər davam etdiyini nəzərə almalıyıq. Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası isə 2013-cü ildə tam başa çatıb. İnanıram ki, Ermənistanla analoji proses daha sürətlə gedəcək.

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üçün nəzərdə tutulan ikitərəfli komissiya yaradılandan sonra ekspertlər qrupu da təşkil ediləcək. Hər dəfə ikitərəfli komisiyanın görüşündən 1-2 gün əvvəl mütləq ekspertlər qrupunun toplantısı keçiriləcək. Bu proseslərə diplomatik kanalların da qoşulması gözlənilir. Ümid edirik, Ermənistan bu proseslərdə daha səmimi olacaq, məsələni uzun zamana yaymaqdan çəkinəcək, Azərbaycan isə öz növbəsində İrəvan xanlığı, Göycə və Zəngəzur mahalı kimi tarixi əraziləri ilə bağlı sənədləri masaya qoymağa məcbur qalmayacaq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Delimitasiya   Demarkasiya  





Xəbər lenti