Rusiya və Türk birliyi: Hansı gələcək realdır?

   Rusiya və Türk birliyi:    Hansı gələcək realdır?
  28 Noyabr 2021    Oxunub:5157
Şəlalə Göytürk

Kremlin sözçüsü Dimitri Peskovun Türk Birliyi barədə fikirləri ötən həftə sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu. Mən isə təəccübənmədim. Niyə? Ona görə ki, SSRİ dağılandan sonra Rusiyada Avrasiyaçılıq ideologiyasının yenidən dirçəlməsi barədə məlumatsız deyilik. Geopolitikanın banisi Makkinder hələ 1900-cü illərdə yazırdı ki, Avrasiyanı idarə edən dünyanı idarə edir. Bəs avrasiyaçılıq nədir?
Bu ideya 1917-ci il oktyabr inqilabından sonra Avropaya səpələnmiş Trubetskoy, Savitski, Florovski, Suvçinski və digər rus mühacir fikir adamları tərəfindən ortaya atılmışdı. Avrasiyaçıların fikrincə, Rusiya bütünlüklə nə Şərqdir, nə də Qərb. Rusiyanın gələcəyi yalnız slavyan-türk birliyindən keçir.
Klassik avrasiyaçılığın “ata”sı knyaz N.S.Trubetskoy 1920-ci illərdə öz mülahizələrində etiraf edirdi ki, Çingiz xan hələ 700 il bundan qabaq Avrasiyanın bütövlüyünü təmin edən geopolitik əsasları yaratmışdı. Onun yazdığına görə indiki tarixi perspektivdə Rusiya və ya SSRİ adlandırılan dövlət Çingiz xanın təməlini qoyduğu Böyük Türk-Monqol imperiyasının bir hissəsini təşkil edir. Və Rusiyanın coğrafi ərazisi bu imperiyanın özək hissəsi ilə üst-üstə düşür.

Beləliklə, Trubetskoyun timsalında rus hakimiyyətinin idarə edəcəyi Avrasiya imperiyası qurmaq istəyən millətçi ideoloqlar, indiki Rusiya ərazilərinin vaxtilə türk səltənətinin tərkib hissəsi olduğunu dolayısı ilə etiraf edirlər.
N.S.Trubetskoy iddia edirdi ki, Moskva knyazı Qızıl Orda xanının varisi olduğu kimi, Avrasiya ərazisindəki rus dövlətçiliyi də Çingiz xan dövlətinin varisi və davamçısıdır. Rus ideoloqunun fikrincə, Avrasiya dövləti o zaman öz tarixi simasını tapacaq ki, Rusiya böyük Çingiz xanın varisi və davamçısı olduğunu dərk edəcək.

Məqsəd aydındır: deməli, siyasi məqsədlərə çatmaq naminə rus düşüncəsinin və siyasətinin ən tanınmış simaları belə lazım gəldikdə, özlərini əsrlər boyu vuruşduqları türklərlə eyniləşdirməkdən və onların varisi elan etməkdən belə çəkinmirlər.
Knyaz Trubetskoydan da əvvəl rus ideoloqu Konstantin Leontyev isə bir dövlət kimi Rusiyanın gələcəyini Asiya ilə bağlayır və yazırdı ki "Rusiya slavyan dünyasından daha çox, Turan dünyasına məxsusdur”. Deməli, “Turan dünyası” elə rus düşüncəsində də Avrasiyanın özünə bərabər tutulan məkan anlayışıdır.


Bu arada fikrimcə, rus nasionalizmini “panslavizm”, “slavyanofiliya” kimi anlayışlarla eyniləşdirmək də doğru olmaz. Çünki Rusiyadakı millətçi hakimiyyətlər başqa slavyan xalqlarına da daim öz təbəəsi kimi baxaraq, onların müstəqil olmasına mümkün qədər əngəl olub. İmperiyanın xarakteri budur. Ona görə rusların məsələn, ukraynlara münasibəti türklərə münasibətindən çox da kəskin fərqlənmir.
Hazırda Rusiyanın hakim dairələrində neoavrasiyaçılıq ideologiyası dəbdədir.

Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü A.Duqinin başçılığı altında hazırlanmış Avrasiyaçılığın yeni konsepsiyası materikdəki müstəqil dövlətlərin Rusiyanın rəhbərliyi altında mərkəzləşdirilməsini nəzərdə tutur. Rusiyanın keçmiş SSRİ-ni diriltmə cəhdləri region dövlətləri tərəfindən təbii ki, dəstəklənmir. Rusiya sadəcə, dünyadakı qloballaşma tendensiyasını imperiyanı genişləndirmək, Avrasiyada hegemonluq etmək kimi dərk edir və bunun uğrunda çalışır.

Bu cəhdlər nə ilə nəticələnəcək? Zaman göstərəcək.
Cənab Peskova gəldikdə isə deməliyik ki, o, öz fikirlərində haqsız deyil. Turanın böyük bir hissəsi - Altaylar Rusiya ərazisidir. Burada sual doğuran məsələ Türk Birliyində Rusiyanın hansı şəkildə təmsil olunmasıdır. Düşünürəm ki, Rusiyaya Türk Birliyinə girmək üçün müəyyən şərtlər qoyula bilər, məsələn, federasiya daxilindəki türk respublikalarına geniş hüquqlar vermək. Çox güman ki Moskva bu şərtlərlə razılaşmayacaq və Avrasiyada liderlik uğrunda mübarizə getdikcə qızışacaq.

Hazırda sual budur: Avrasiyanın hakimi kim olmalıdır? Rusiya, ya Türkiyə? Yoxsa regionun tarixində yeni dönəm başladacaq Türk Dövlətləri Birliyi?

Şalalə Göytürk
AzVision.az üçün



Teqlər: Türk-Birliyi   Rusiya   Avrasiyaçılıq  





Xəbər lenti