Son 10 ilin “Mi-17” qəzaları – Araşdırma

// 23 qəzanın təhlili nəyi göstərir?

   Son 10 ilin “Mi-17” qəzaları –    Araşdırma
  01 Dekabr 2021    Oxunub:6332
Azərbaycanda dünən baş verən faciəni də nəzərə alsaq, son 10 ildə dünyada “Mi-17” vertolyotları 23 dəfə qəzaya uğrayıblar. Statistikaya görə, qəzaların təxminən yarısı pilotların səhvi ucbatından baş verib. 22%-də texniki nöqsanlar, 12%-də hava şəraiti günahkardır. 9% hallarda qəzaya təxribatlar, 7%-də isə yerdəki dispetçerlərin səhvi səbəb olub.
Bəs 10 ildə 23 qəza çoxdurmu və bu rəqəm “Mi-17” vertolyotlarının etibarlığını şübhə altına almağa əsas verirmi? Suala cavab verməyə çalışacağıq, amma əvvəlcə gəlin, dünyada “Mi-17” helikopterlərinin son 10 ildə uğradığı bütün qəzaları nəzərdən keçirək.

Bu il: 4 qəza

Təxminən bir ay qabaq – oktyabrın 25-də Liviyada “Mi-17” vertolyotu pul daşıyarkən qəzaya uğramışdı. Yükün dəyərini nəzərə alaraq, “Briqada 444” adlanan elit xüsusi təyinatlı qüvvələr dərhal ərazini nəzarətə götürmüşdlər.


Bu il avqustun 29-da İraq ordusuna məxsus “Mi-17” helikopterinin Bağdadın şimalındakı Səlahəddin bölgəsində qəzaya uğraması nəticəsində 5 nəfər həlak olmuşdu. Qəzanın səbəbi dəqiqləşdirilməyib.

İraqdakı qəzadan cəmi 4 gün əvvəl, bu ilin avqust ayının 25-də Meksikanın Verakrus ştatının daxili işlər naziri Erik Sisneros Burqos başda olmaqla bir qrup “Qreys” qasırğasının vurduğu ziyanı dəyərləndirməyə gedirdilər. Amma onları aparan “Mi-17” helikopteri İdalqo ştatında qəzaya uğradı.


Meksikanın hərbi-dəniz qüvvələrinə məxsus vertolyotun qəza kadrları sosial şəbəkədə geniş yayılmışdı. Onun yerdən bir qədər yuxarıda idarəetməni necə itirdiyi kadrlarda aşkar görünürdü. Qəza vaxtı vertolyotun göyərtəsində 20 adam vardı, amma ölən olmamışdı.

Bir haşiyə çıxaraq deyim ki, bu, son 3 ildə təkcə Meksikada təkcə “Mi-17” vertolyotunun uğradığı üçüncü qəza idi. 2019-cu ilin mayında San-Luis ştatında Rusiyanın hərbi-dəniz qüvvələrinə məxsus “Mi-17” helikopteri yanğını söndürərkən qəzaya uğramış, nəticədə 7 nəfər həlak olmuşdu. Qəzanın səbəbi açıqlanmadı.

Ondan qabaq, 2018-ci ilin 20 oktyabrında isə ölkənin hərbi-dəniz qüvvələrinə məxsus digər vertolyot qanunsuz balıq ovlayanlara mane olmaq üçün havaya qalxsa da, dənizə düşmüş, nəticədə 3 nəfər həlak olmuşdu.



Qeyd edək ki, Meksika 2012-ci ildə ümumilikdə 21 “Mi-17” vertolyotu almış, 2014-2015-ci illərdə onları əsaslı şəkildə təmir etdirmişdi.

Bu ilin iyunun 21-də Əfqanıstanda, Vardak vilayətinin Caqatu rayonunda “Mi-17” vertolyotunun qəzaya uğraması nəticəsində 3 nəfər həlak olmuş, biri yaralanmışdı. Bunun qəza, yoxsa, “Taliban”ın törətdiyi təxribat olduğu sonadək aydınlaşdırılmadı.

2020-2018-ci illər: 7 qəza

2020-ci ilin noyabrın 12-də Əfqanıstanda, Nanqarhar vilayətinin Hesarak bölgəsində ölkənin Silahlı Qüvvələrə məxsus daha bir “Ми-17” В-5 qəzaya uğramış, nəticədə iki nəfə ölmüş, iki nəfər yaralanmışdı. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilmişdi.


2020-ci il, iyulun 8-də Peruda “Mi-17” hərbi helikopteri hökumət proqramına uyğun olaraq, Çidja icması üçün ərzaq daşıyarkən partlayıb və uçuruma düşüb. Nəticə də 4 ekipaj üzvü və yerli Amazoniya sakinlərindən olan 3 sərnişin həyatlarını itiriblər. Qəzanın səbəbləri qaranlıq qalıb.

2019-cu il, oktyabrın 4-də Kəşmirdə hərbi gərginlik artarkən Hindistan ordusu səhvən özlərinə məxsus “Mi-17” vertolyotunu vurmuşdu. Bu, qəza olmadığından, siyahıya salmamaq da olar. Amma hərbi eksprtlər iddia edirdilər ki, vertolyotun raketdən aktiv müdafiə sistemləri effektiv işləməmişdi.

2018-ci il, avqustun 4-də Rusiyanın Krasnoyar diyarında “Mi-17”nin böyük qardaşı olan “Mi-8”in qəzaya uğraması son illərin ən ağır vertolyot faciələrindən biridir. Həmin qəza zamanı göyərtədə olan 17 nəfərin hamısı ölmüşdü.

2018-ci ili aprelində sosial şəbəkələrdə maraqlı bir video yayıldı: Hindistanın hərbi-hava qüvvələrinə məxsus “Mi-17” vertolyotu Himalayda, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə Uttarakhand ştatının Kedarnath kəndində eniş zamanı qəzaya uğrayır. Yerə düşəndən sonra vertolyotda yanğın başlamışdı. Maşının göyərtəsində 8 nəfər vardı, fəqət qəza aşağı yüksəklikdə baş verdiyindən, ölən olmamışdı.


2018-ci ilin martın 15-də Seneqalın Fatik əyalətinin Missira kəndi yaxınlığında “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər öldü, 14-ü yaralandı. “Rossiyskiye vetolyotı” holdinqi bəyan etdi ki, bu qəzanın səbəbi Ukraynada həyata keçirilmiş keyfiyyətsiz təmirlə bağlıdır. Çünki Rusiya ilə Ukraynanın münasibətləri korlanandan sonra daha Rusiya zavodları Ukrayna şirkətlərinə orijinal ehtiyat hissələri satmırdılar.

2018-ci il, fevralın 9-da Sudanda naməlum səbəblərdən “Mi-17” helikopteri qəzaya uğramışdı. Onun göyərtəsində olan 23 nəfərdən 3-ü ölmüş, 10-u ağır yaralanmışdı.


Sudanda əksər yollar minalanmış vəziyyətdə olduğundan, vertolyot – daha təhlükəsiz nəqliyyat vasitəsi sayılır. Amma təəssüf ki, orada artan helikopter qəzaları hava yolunun heç də az təhlükəli olmadığını göstərir. Hərçənd, vertolyotun istehsalçıları bunun günahının yerli pilotlarda və mexaniklərdə olduğunu deyirdilər.

2016-2014-cü illər: 8 qəza

2016-cı ilin oktyabrın 19-da Özbəkistanın Fərqanə vilayətində “Mi-17”nin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olur. Səbəb kimi hava şərati göstərilir.

2016-cı ilin yanvarında yenə də Əfqanıstanda, Lohar vilayətində daha bir “Mi-17” qəzaya uğradı. Texniki nöqsan səbəbindən baş verdiyi bildirilən qəzada 3 nəfər ölmüşdü.


Həmin il Kolumbiyada hərbçiləri daşıyan “Mi-17”nin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub. Paytaxt Boqotadan 180 kilometr şimalda, Kaldas vilayətində baş verən qəzanın səbəbinin pis hava şəraiti ilə bağlı olduğu bildirilmişdi.

2015-ci ilin noyabrında NATO-nun “Trident Juncture” təlimlərində iştirak zamanı Çexiyanın hərbi hava qüvvələrinə məxsus “Mi-17” 10 metr hündürlükdən düşərək, böyrü üstə çevrilir. Pilot və 4 desantçı yaralanırlar.

Həmin il Slovakiyanın şərqində, Preşov şəhəri yaxınlığında hərbi “Mi-17” helikopteri qəzaya uğramış, nəticədə pilot həlak olmuş, iki nəfər yaralanmışdı. Bu qəzadan sonra Slovakiyanın müdafiə nazirliyi bildirmişdi ki, artıq 40 ilə yaxın yaşı olan bu vertolyotları NATO ölkələrində istifadə olunan analoqları ilə əvəzləməyə başlayacaqlar.

2015-ci ilin mayında Pakistanda diplomatik korpusun nümayəndələrini daşıyan “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində Norveçin və Filippinin həmin ölkədəki səfirləri həlak oldular. Onlardan başqa daha 5 nəfər, o cümlədən, İndoneziya və Malayziya səfirlərinin xanımları da qəza nəticəsində həyatlarını itirmişdilər. Polşanın Pakistandakı səfiri Ancey Ananiç ağır yaralanmışdı. Qəzanın səbəbinin texniki nöqsanla bağlı olduğu bildirildi. Hərçənd, “Taliban” vertolyotu vurduğunu iddia etsə də, bu ehtimal təsdiqlənmədi.


2015-ci il, martın 14-də isə Serbiyanın cənubundakı Raşka bölgəsindən bir xəstə uşağı paytaxtdakı xəstəxanaya apararkən “Mi-17” vertolyotu Belqradın Nikola Tesla aeroportunun yaxınlığında qəzaya uğrayıb. Səbəb kimi pis hava şəraiti göstərilir.

2014-cü ilin iyulunda iki “Mi-17 ” qəzaya uğrayıb. İyulun 7-də Vyetnamın hərbi-hava qüvvələrinə məxsus “Mi-17” vetolyotu Hanoy yaxınlığında son enişini edir. İyulun 22-də isə Çinin Siçuan əyalətində başqa bir “Mi-17” onun taleyini təkrarlayır.

2014-cü ildə Misirin silahlı qüvvələrinə məxsus “Mi-17” vertolyotunun Əl-Fayyum vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olanların hamısı – 6 nəfər həlak oldu. Qəzanın səbəbi kimi mühərrikin qəfildən dayanması göstərilmişdi. Hərçənd, bu maşınları iki mühərriki var və biri dayananda digəri avtomatik şəkildə fövqəladə rejimə keçərək, onu əvəzləməldir.

2013-2012-ci illər: 3 qəza

2013-cü il, fevralın 11-də Azərbaycanda baş verən faciəni yəqin ki, heç birimiz unutmamışıq.
Müdafiə Nazirliyinə məxsus “Mİ-17” helikopteri qəzaya uğrayaraq, Şıx ərazisində dənizə düşüb. Nəticədə ekipajın üç üzvü - kapitan Yaşar Əhmədov, baş leytenant Rüstəm Rüstəmov və leytenant Bəhruz Zeynalov həlak olmuşdular.


2013-cü ilin iyununda Hindistanda güclü yağışlar nəticəsində yaranan sel, daşqınlar, torpaq sürüşmələri böyük təbii fəlakətlərə və 822 nəfərin ölümünə səbəb olmuşdu. Bu fonda onilliyin ən ağır vertolyot qəzalarından biri yaşanıb. Faciələrin xüsusilə geniş miqyas aldığı Uttarakhand ştatında xilasedicilərə məxsus “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub. Vertolyot daşqından və torpaq sürüşmələrindən zərərçəkənlərə yardım missiyasını həyata keçirirdi.

2012-ci il avqustun 22-də Qazaxıstanın paytaxtı Astananın yaxınlığında təlim zamanı “Mi-17” hərbi vertolyotu eniş zamanı qəzaya uğrayaraq, alışır və parçalanır. 4 hərbçi həlak olur.

Nəticə

Adətən hər dəfə rus vertolyotlarının qəzaya uğraması ilə bağlı qalmaqal yaşananda istehsalçı şirkət bildirir ki, problem maşınlarda deyil, onları istismar edənlərdədir. Bu, bir tərəfdən, məsələnin siyasiləşdirilməsidir. Amma digər tərəfdən, həqiqətən də, Rusiyanın vertolyotlarını “qara siyahı”ya salmaq düzgün və mümkün deyil. Müəyyən mənada onlar hətta alternativsizdirlər. ABŞ-ın özü də Rusiyadan helikopter alıb. Məsələn, təxminən 13 il əvvəl Amerikanın “Aeronautical Radio Incorporated” şirkəti Rusiyadan 22 ədəd “Mi-17” alaraq, İraqa göndərmişdi. Hərçənd, biri 2,4 milyon dollara alınan həmin maşınları Amerika özünün zavodlarında modernizasiyadan da keçirmişdi.
“Mi-17” necə helikopterdir: Texniki xarakteristika

Amerika 2012-ci ildə Rusiyadan “Mi-17”lər alaraq, Əfqanıstana da göndərməyi planlaşdırırdı. Hətta 2003-2005-ci illərdə NATO-nun Əfqanıstandakı kontigentinə başçılıq edən general-leytenant Devid Barno bildirmişdi ki, “Bu vertolyot fermer traktoru kimidir: İdarə edilməsi, təmiri və saxlanması ucuz başa gəlir”. 2011-ci ildə “RosOboronEksport” ilə Pentaqonun arasında müqavilə də imzalanmışdı. Yeri gəlmişkən, bu, tarixdə onların arasında bağlanmış ilk müqavilə idi. Amma əvvəlcə Suriyaya dəstək verdiyinə, sonra isə Kırımın ilhaqına görə Rusiyaya qoyulan sanksiyalar bu planı pozdu. Bir neçə il sonra isə, dolayı yolla da olsa, hər halda, Əfqanıstana “Mi-17”lər çatdırıldı. Amerikalılar onu doğrudan da, alternativsiz hesab edirdilər.

Bu faktlar təsdiqləyir ki, ilə təxminən 2,3 qəza faktının düşməsinə baxmayaraq, “Mi-17” pis maşın deyil. Amma hər halda, alternativlərə baxmaq lazım gəlsə, deyə bilərik ki, Meksika bu il baş verən qəzadan sonra “Airbas” şirkətinin 2005-ci ildə təqdim etdiyi “Eurocopter EC725 Caracal” helikopterlərini alternativ kimi nəzərdən keçirdiyini və zamanla vertolyot parkını onlarla əvəzləyəcəyini bildirdi.

Amerikada isə nəqliyyat helikopteri kimi əsasən hollivud filmlərindən hamımıza yaxşı tanış olan “CH-47 Chinook” maşınlarından istifadə olunur. Əlbəttə ki, bu helikopterlərin qiymətini və istismar xərclərini “Mi-17” ilə müqayisə etmək mümkün deyil, üstəlik, ABŞ “Chinook”ları çox vaxt heç müttəfiqlərinə də satmır. Vyetnam müharibəsinin qəhrəmanları, sadə dildə “Huey” adlandırılan “Bell UH-1 Iroquois”lər isə “Mi-17”dən 20 yaş böyük olmaqla, heç də ondan çox etibarlı sayılmırlar. Oxşar fikirləri “Bell 206A JetRanger”lər haqqında da demək olar.

Dünyanın 100-dən çox ölkəsində 12 mindən artıq “Mi-17”-nin uçmasının səbəblərindən biri də budur: o, müəyyən mənada alternativsizdir. Qəzalar və faciələrdən isə təəssüf ki, heç yerdə heç kim tam sığortalanmayıb. Bu, həyatın acı reallığıdır.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:   Mi-17   Qəza   Helikopter  





Xəbər lenti