Həyat yoldaşı: `...İsa gözümüzün qabağındaca keçindi`

Həyat yoldaşı: `...İsa gözümüzün qabağındaca keçindi`
  01 Aprel 2014    Oxunub:1068
Azərbaycanın tanınmış yazıçısı İsa Muğanna (Hüseynov) bu gecə 86 yaşında dünyasını dəyişib.
Neçə illərdir ki, bir çox xəstəliklərdən əziyyət çəkən, ona qarşı həmişə hücumda dayanan ölümün gözünə dik baxan, son nəfəsinə qədər qələmini yerə qoymayan “İdeal” yazarımız Ağstafada orta məktəbi bitirəndən sonra BDU nun Filologiya fakültəsində oxumuş, təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdi. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru , "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışmışdı.

İsa Muğannanın ”Məhşər”, İdeal” və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. O, ədəbiyyatımıza çox böyük bir irs qoyub getdi.

İsa Hüseynovun ssenariləri əsasında “Tütək səsi”, "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub.

Xalq yazışısı, “İstiqlal” ordenli İsa Muğanna 2012-ci ildə Yazıçılar Birliyinin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.Bu onun son mükafatı idi. Ən böyük mükafatı isə oxucuların və sözə dəyər verən insanların ona olan əbədi ehtiramı və məhəbbətidir. Ömrünün 86-cı baharında bizi tərk edən korifey yazıçı axıra qədər öz əqidəsinə, amalına sadiq qaldı.

İsa Muğanna şəxsiyyəti, zənginliyi, yaddaşı və xatirələri ilə əvəzsiz bir xəzinə idi. O xəzinənin açarını özü ilə apardı.

İsa Muğannanın həyat yoldaşı Firuzə xanım Aktual.az-a bildirib ki, axşam saat 6 radələrində İsanın halı birdən-birə pisləşib:

- Ona qədər yaxşı idi. Çimmişdi. Çörək yemişdi. Mətbəx tərəfə getmək üçün ayağa durdu. Kömək eləmək istədim. Gözü yaxşı görmürdü ... Qoymadı. Bir-iki addım atıb qayıtdı, divanda oturdu. Gördüm ki, çətin nəfəs alır. Tez reanimasiyalı təcili tibbi yardım çağırdıq. Həkimlərin köməyi ilə azca özünə gəldi. Nəsə dedi. Amma heç nə başa düşə bilmədik. Mərkəzi klinikaya aparmaq istədilər, qoymadım. Həkimi Əli müəllimə zəng etdim, o da evdəki həkimlərlə danışandan sonra dedi ki, qərar Sizindir. Mən fikrimi dəyişmədim. Bilirəm axı, bu vəziyyət nə deməkdir... Beləcə, İsa qəfildən, gözümüzün qabağındaca keçindi. Heyif oldu İsa, o cür insan, o cür yazıçı, o cür kişi...


Teqlər:  





Xəbər lenti