Paşinyanın 10 noyabrda gizləndiyi yer məlum oldu

   Paşinyanın  10 noyabrda gizləndiyi yer  məlum oldu
  09 Dekabr 2021    Oxunub:7348
Nikol Paşinyanın 10 Noyabr Bəyanatını necə imzalaması ilə bağlı bəzi suallar hələ də cavabını tapmayıb: o, sənədi harada imzalayıb, imzalayandan sonra niyə 3 gün gözə dəyməyib, niyə vaxtilə özünün inqilaba səslədiyi kütlənin qarşısına çıxmayıb?
Bəziləri onun Ermənistan Müdafiə Nazirliyinin yeralıtı İdarəetmə Məntəqəsində, digərləri isə Rusiyanın 102-ci aviabazasının yerləşdiyi “Erebuni” aeroportunda bir neçə gün gizləndiyini ehtimal edirdilər. Mən də ikinci versiyanı bir neçə dəfə səsləndirmişdim, çünki ehtiyac yaransa, ora Ermənistanı tərk etmək üçün daha rahat ola bilərdi.

Dünən deputatların gizlənmək barədə suallarını cavablayan Nikol həmin dövrdə tabeliyində olan qurumların birində olduğunu əsəbiliklə təsdiqləyib. Əgər onun dediklərinə inansaq, 102-ci baza versiyası aradan qalxır, əvəzində isə ilkin versiyanın – baş nazirin İrəvandan çox da uzaqda olmayan yeraltı İdarəetmə Məntəqəsinin bunkerində gizlənməsi ehtimalının həqiqət payı artır.

Noyabrın 10-na keçən gecə Nikol kapitulyasiya aktına imza atan kimi İrəvanda iğtişaşlar başladı, nümayişçilər hökumət və parlament binalarına soxulub, o vaxtkı spiker Ararat Mirzoyanın “tozunu çırpdılar”. Halbuki, bədbəxt Ararat sənədə imza atmamışdı. İndi xarici işlər naziri olan Mizoyana vaxtilə tənqid atəşinə tutduğu Sergey Lavrov zəng vuraraq, sərhədlərin delimatasiyası və demarkasiyası proseslərini sürətləndirməyi tələb edir. Ararat Mirzoyan istefa verər, amma sənədə imza atmayacaq, bunu Sergey Lavrov da yaxşı bilir, çünki 13 ay əvvəl imza atan Nikiol idi, ermənilər isə Araratı az qala öldürəcəkdilər.

Rusiyanın sərhədlərin delimatasiyası və demarkasiyası proseslərini sürətləndirmək tələbinə Ermənistandan reaksiya çıxmamış general Rüstəm Muradovun başçılığı altında sərhədlərin təyin edilməsi üzrə komissiyası İrəvan aeroportuna endi. Paşinyan isə komissiya İrəvana səfərə hazırlaşanda isti bir bəyanat səsləndirdi: “Azərbaycan Naxçıvanla, Ermənistan da İran və Rusiya ilə dəmir yolu və avtomobil əlaqəsi alacaq. Bu, Ermənistanın maraqlarına tam uyğundur”. Nikol burada Azərbaycana münasibətdə “maneəsiz” ifadəsini işlətməkdən ehtiyat edir, onu da anlamaq mümkündür: İlan vuran ala çatıdan qorxar. Bu dəfə Paşinyanın gizlənmək şansı yoxdur. Limit bitib.

Əvvəlki gizlənpaç hadisəsini unudanlara xatırladım: Müharibənin ilk yarısında Paşinyan Gorusa gələndə həmin ərazi üzərində “Harop” PUA-sı təsadüfən və ya qəsdən şığıma rejimində bir dəfə manevr etdi və uzaqlaşdı. Qulaqbatırıcı səsdən vahimələnən Paşinyan yarım gün bunkerdən çölə çıxmadı, dili batdı, həkim gəldi. Özünə gələn kimi Nikol hava məkanını yoxlatmaq üçün aviasiya tələb etdi. Odur ki, bu dəfə Nikol üçün ən yaxşısı daha əvvəl imzalanan sənədlərin yerinə yetirilməsinə başlamaqdır.

Ali Baş Komandan İlham Əliyevin Qubada səsləndirdiyi bəyanatı Ermənistan tərəfi tam ciddiyətlə qəbul etməli, sərhəd və dəhliz məsələsinə əngəl törətməməlidir. Əks halda dəhlizin Qarakilsədən keçməklə açılması üzrə fəaliyyətlər davam etdirilə bilər, bu isə İrəvanın bir neçə cənub rayonu ilə əlaqənin Azərbaycanın asılı vəziyyətə düşməsi deməkdir.

Əngəl yaratmaq üzrə yarışa girmək Ermənistanın zorlanmış vəziyyətinə heç uyğun gəlmir. Nikol şükür etməlidir ki, məğlub tərəfin təmsilçisi olsa da, onunla görüşür, normal insan kimi davranır, əvvəlki kimi təhqir etmirlər...

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti