“3+3”: Cənubi Qafqazda unikal əməkdaşlıq formatı

   “3+3”: Cənubi Qafqazda unikal əməkdaşlıq formatı
  10 Dekabr 2021    Oxunub:5284
Bu gün Moskvada Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. Əksər ekspertlər regionda çoxtərəfli əməkdaşlığa böyük töhfə verəcək bu platformanın perspektivlərini yüksək qiymətləndirirlər.
Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin yaradılması, onun qorunub-saxlanması və çoxtərəfli əməkdaşlıq əsasında iqtisadi inkişafa nail olunması üçün yeni unikal “3+3” əməkdaşlıq platforması təklif etdilər. Rusiya prezidenti Vladimir Putin bu təşəbbüsü birmənlaı şəkildə dəstəkləməklə Moskvanın öz geosiyasi-geoiqtisadi maraqlarını Ermənistanın təcavüzkar siyasətinin girovuna çevirmək istəmədiyini nümayiş etdirdi. Regionda öz maraqlarını qoruyub-saxlamağa çalışan Tehran da belə səmərəli təklifi dəstəkləyərək, çoxtərəfli əməkdaşlığın İrana verə biləcəyi dividendlərin səviyyəsini düzgün qiymətləndirib.

Azərbaycanla Türkiyənin təklif etdiyi və Rusiya ilə İranın dəstəklədiyi “3+3” formatı çox ciddi geosiyasi paradiqmaya da söykənir. Əgər “yaxın qonşu uzaq qohumdan yaxşıdır” və ya “kirayənişinin ev yiyəsinə canı yanmaz” müdrik kəlamları prizmasından baxsaq, həqiqətən də son 30 ildə Cənubi Qafqazda yaşanan hadisələrin regiondan kənar aktorlar üçün yalnız və yalnız geosiyasi maraqlar kontekstində məna kəsb etdiyini, özü də buradakı problemlərin onlar üçün əhəmiyyət dərəcəsinə görə ən son pillələrdə dayandığının şahidi olarıq. Bu reallıq ən azı Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunun ABŞ və Fransa kimi regiondan kənar həmsədr dövlətlərin fəaliyyətsizliyində, bir çox hallarda isə qərəzli yanaşmasında özünü göstərdi. Təəssüflər olsun ki, hələ indinin özündə belə biz vaxtaşırı regiondan xeyli uzaqda yerləşən ölkələrin qərəzli mövqeləri və bəyanatları ilə üzləşirik. Bu isə bir daha sübut edir ki, Cənubi Qafqaz adlı evin problemlərini və gündəliyində duran məsələlərini məhz region ölkələri və bölgə ilə birbaşa həmsərhəd olan dövlətlər çoxtərəfli əməkdaşlıq formatında həll etməlidirlər.

Bu baxımdan, Moskvada keçirilən iclasda Gürcüstanın təmsil olunmamasına rəsmi Bakı loyal münasibət bəsləyir. Çünki Moskva-Tbilisi münasibətlərindəki gərginliyin belə məsələlərə təsiri düzgün anlaşılır. Amma orası da var ki, “3+3 formatı” Rusiya-Gürcüstan münasibətlərindəki bir sıra mövcud problemlərin, o cümlədən Abxaziya və Sxinvali regionunun reinteqrasiyası məsələlərinin detallı müzakirəsi və həlli üçün effektiv platforma rolunu oynaya bilər. Bu müstəvidə Azərbaycanın artıq neçə illərdir ki, bir çox qlobal və regional problemlərin müzakirəsi və həlli məsələsində çox uğurlu platformaların təşəbbüskarı və ev sahibi olması öz ciddi töhfəsini verə bilər.

Sözsüz ki, “3+3” formatının uğuru çox yaxın gələcəkdə Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsinə və onların arasında bir şox hallarda süni şəkildə şişirdilən problemlərin həlli yönündə də effektiv platforma rolunu oynaya bilər. İlk növbədə ona görə ki, bu formatın yarandığı geosiyasi reallıq 2009-cu ilin oktyabrında Qərbin təzyiqi ilə imzalanmış Sürix protokollarının ərsəyə gəldiyi reallıqdan köklü şəkildə fərqlənir. Əgər Sürix protokollarının Cənubi Qafqaza heç bir aidiyyəti olmayan Qərbin maraqlarına xidmət göstərməsi nəzərdə tutulurdusa, “3+3” formatı müstəsna dərəcədə region ölkələrinin maraqlarını özündə ehtiva edir.

Bu baxımdan, Benilüks və Skandinaviya, bir sıra Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinin regional əməkdaşlıq platformaları çərçivəsində uğurlu birgə fəaliyyətinin gətirdiyi dividendlər məhz belə təşəbbüslərin dəstəklənməsi zərurətini aktuallaşdırır.
Uzun müddət öz həllini tapmayan Qarabağ münaqişəsi və regionda suyu bulnadırmaqla balıq tutmağa çalışan qüvvələrin destruktiv siyasəti üzündən iqtisadi, nəqliyyat və logistika əlaqələrinin sıradan çıxarıldığı Cənubi Qafqaz inteqrasiya olunmuş vahid məkan kimi beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən böyük mənada kənar düşüb. İndi ilk vəzifələrdən biri bu fraqmentləri bərpa etməklə regionun ümumi mozaikasını yenidən qurmaqdır. Özü də əvvəlkindən daha mövkəm və daha tutumlu formada. Məhz “3+3” platforması çərçivəsində atılacaq addımlar bu bölgəni ziddiyyətlər ərazisindən ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirməklə bu vəzifənin öhdəsindən gəlməyə imkan verir. Bu mənada, Ermənistan ərazisindən keçən “Zəngəzur dəhlizi”nin açılması, Azərbaycan üzərindən reallaşıdırlacaq “Şimal-Cənub” layihəsinin Cənubi Qafqazın qlobal nəqliyyat və logistika sferasında beynəlxalq əhəmiyyətinin möhkəmləndirəcəyinə və regionun hər üç ölkəsinə dividendlər gətirəcəyinə heç bir şübhə yoxdur. Həmin dividendlərin böyük həcmini şərtləndirən əsas amillərdən biri də “3+3” əməkdaşlıq formatında iştirak edən Türkiyə, Rusiya və İranda ümumilikdə, 300 milyon nəfərdən çox əhalinin yaşamasıdır. Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarı olacaq belə böyük məkanla ticarət əlaqələrinin möhkəmlənməsi və inkişafı sözsüz ki, “3+3” formatının yaratdığı ən əlverişli imkanlardan biridir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Cənubi-Qafqaz   "3+3"  





Xəbər lenti