“Fars körfəzi-Qara dəniz” dəhlizi İrana nə üçün lazımdır? – Rusiyalı ekspert

    “Fars körfəzi-Qara dəniz”  dəhlizi İrana nə üçün lazımdır? –    Rusiyalı ekspert
  14 Dekabr 2021    Oxunub:2102
Bu yaxınlarda İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirəcək tranzit marşrutunun təşkililə bağlı danışıqlar aparıblar. Tərəflər 2022-ci ilin mart ayının sonuna kimi layihənin pilot versiyasını işə salmaq barədə razılıq əldə ediblər. Yüklər İran Astarasından Azərbaycana, oradan Gürcüstan vasitəsilə Bolqarıstan və Şərqi Avropa limanlarına çatdırılacaq.
İran İslam Respublikası hələ 2016-cı ildə özündən başqa Ermənistan, Azərbaycan, Gürcüstan, Bolqarıstan və Yunanıstanın da daxil olduğu “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat və tranzit dəhlizinin genişləndirilməsi üzrə regional təşəbbüs irəli sürüb. Bu məsələdə Rəsmi Tehranın maraqları nədən ibarətdir?

Rusiyali politoloq Daria Qrevtsova AzVision.az -a açıqlamasında bildirib ki, bu dəhliz Çinin yaxınlıqdan keçəcək “Bir kəmər, bir yol” təşəbbüsü ilə bir növ əlaqəli də ola bilər. Çindən gələn mallar bu dəhlizlə Avropaya keçə bilər ki, bu da İrana əlavə gəlir gətirəcək:

- Bəs İran niyə məhz indi məsələni aktuallaşdırıb?
- Çünki Vyanada aparılan nüvə danışıqları prinsipcə iflasa uğrayıb və nəticələsiz başa çatıb. İran qorxur ki, ABŞ və İsrail ona qarşı fəaliyyətə başlaya bilərlər. Bu səbəbdən digər ölkələrdən dəstək alması vacibdir. Dəstəyi digər ölkələr üçün də sərfəli olacaq iqtisadi layihələrdən ala bilər. Ona görə də İranın bu cür iqtisadi layihələri nə qədər çox olsa, təhlükəsiliyini beynəlxalq arenada bir o qədər artıq təmin edə bilər.

- İran və Ermənistan uzun müddətdir ki, İrəvanın "Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizində iştirakı ilə bağlı danışıqlar aparırlar. Lakin Ermənistanın bu layihədə rolu hələlik tam aydın deyil...
- İran hazırda Ermənistanı danışıqlar masasına oturtmayıb. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra İrəvanın iqtisadi inkişafla bağlı bir qədər fərqli planları var. Azərbaycanın parlaq qələbəsi Ermənistana hətta İranın təklif etdiyi birgə layihələrdə belə Azərbaycanla bir masa arxasında əyləşməyə çətinliklər yaradır. Ona görə də, indi İrəvanı bu layihəyə daxil etmək mümkün deyil, çünki iqtisadi cəhətdən Azərbaycandan zəifdir. Azərbaycan daha çox inkişaf edib və Azərbaycanla Ermənistan arasında birbaşa münaqişə bu layihəyə müəyyən dərəcədə ziyan vura bilər. Ola bilsin ki, İran gələcəkdə İrəvanın bu layihəyə qoşulma ehtimalını istisna etmir. Məlumdur ki, Ermənistan və İran kifayət qədər sıx əlaqələrə malikdirlər. İrəvan bu nəqliyyat layihəsində oyunçular sırasında olsa, İrana bundan ziyan dəyməyəcəyi aydındır. Ümumiyyətlə, indi biri-birinə bağlı bu cür nəqliyyat dəhlizləri nə qədər çox olarsa, onların keçdiyi ölkələrin iqtisadiyyatları da bir o qədər inkişaf edər.

- Sizcə, bu nəqliyyat dəhlizində Rusiyaya hansı rol veriləcək? Bu layihə rəsmi Moskva üçün cəlbedicidirmi?
- Rusiya böyük ehtimalla bu layihədə olmayacaq, ona heç bir rol verilməyib. Bütövlükdə bu layihə Rusiyaya heç bir cəhətdən sərfəli deyil. Digər tərəfdən, bu layihə hətta Azərbaycanla birlikdə hazırlanan Şimal-Cənub layihəsinə bir növ rəqib ola bilər. Ona görə də, Rusiya bu layihəyə xüsusi maraq göstərmir, lakin mane də ola bilməz. Çünki bunun üçün əlində hər hansı rıçaqlar yoxdur.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: İran   Nəqliyyat-dəhlizi  





Xəbər lenti