“Avropa hər zaman yalnız özünə işləyib” – Denis Bukonkin (Müsahibə)

   “Avropa hər zaman yalnız özünə işləyib” –    Denis Bukonkin (Müsahibə)
  23 Dekabr 2021    Oxunub:3758
“Belarus-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini bu gün birmənalı şəkildə müsbət qiymətləndirmək olar. Bu, həm əhalinin rifahına, tərəqqisinə çalışan, həm də geosiyasi avantüra planları qurmayan dövlətlərimizin qarşılıqlı maraqları ilə əlaqədardır. Eyni zamanda, iki ölkə liderləri arasında müsbət münasibətlər formalaşıb və bunu əsl dostluq adlandırmaq olar”.
Bu sözləri AzVision.az -a belaruslu politoloq Denis Bukonkin deyib. Onun fikrincə, yaxşı siyasi münasibətlər iqtisadi sahədə məhsuldar qarşılıqlı fəaliyyətə aparmalıdır. Bizim ikitərəfli inkişaf üçün kifayət qədər potensialımız var:

- Belarusun Azərbaycana, Azərbaycanın isə ölkəmizə təklif edəcəyi şeylər yetərincədir. Bütün bunlar qarşılıqlı fayda və dövlətlərimizin potensialının artırılması əsasında baş verməlidir. Belarus həm Avropa bazarına, həm də xarici bazarlara yönəlmiş birgə müəssisələrin (BM) yaradılması təcrübəsinə malik ölkə kimi özünü təsdiqləyib. Belarus-Çin və Belarus-Avstriya birgə müəssisələri artıq öz yüksək potensialını nümayiş etdiriblər. Belarus və Azərbaycan iqtisadi sahədə ikitərəfli münasibətlər qurulmasında bu modeldən daha səmərəli istifadə edə bilərlər.

- Regionda bütün nəqliyyat kommunikasiyaları blokdan çıxarıldıqdan sonra Belarusun Cənubi Qafqazın nəqliyyat sisteminə inteqrasiyası perspektivi necə olacaq? Minsk regionun nəqliyyat infrastrukturunun inkişafında iştirak etməyə hazırdırmı?
- Tranzit ölkə kimi Belarus Respublikası üçün nəqliyyat dəhlizlərinin, xüsusən də birbaşa yolayrıcında yerləşən dəhlizlərin normal fəaliyyəti son dərəcə vacibdir. Cənubi Qafqaz “Şimal-Cənub” nəqliyyat dəhlizinin ayrılmaz elementidir, bundan əlavə, Belarusun bilavasitə iştirak etdiyi “Kəmər və Yol” kimi irimiqyaslı layihənin halqalarından hesab olunur. Regionunuzda kommunikasiyaların tam blokdan çıxarılması Avrasiya İqtisadi Birliyi inteqrasiya layihəsinə çox müsbət təsir göstərəcək. Belarus Bakının bu məsələni həll etmək arzusunda olduğunu görür və yardım təklif etməyə hazırdır. Minsk kommunikasiya xətlərinin yaradılmasında dəyərli təcrübəyə malikdir və həm yeni nəqliyyat arteriyalarının çəkilişində, həm də onların yaradılması üçün lazımi nəqliyyat və texnologiyaların təchizatında kömək etməyə hazırdır.

- Qərbin təzyiqləri, Amerikanın Belarusa qarşı sanksiyaları Azərbaycan-Belarus münasibətlərinə necə təsir edir?
- Qərbin təzyiqləri Belarusla Azərbaycan arasındakı münasibətlərə sözsüz ki, təsir edir. Minskin Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirakını dayandırmaq məcburiyyətində qaldığı bir şəraitdə bu çərçivədə qarşılıqlı fəaliyyət təbii olaraq məhdudlaşdırıldı. Eyni zamanda, məhdudiyyətlər Belarusu AB-yə alternativ regionlardan olan tərəfdaşlarla münasibətləri daha fəal inkişaf etdirməyə vadar etdi. Bu, Belarus-Azərbaycan əməkdaşlığı, o cümlədən Belarus bazarında Avropa mallarınının əvəz olunması baxımından yeni imkanlar açır.

- Belarusun xarici işlər naziri Vladimir Makey “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyanatında Belarusla bağlı tutduğu mövqeyə görə Azərbaycana minnətdarlığını bildirib. Bunu necə qiymətləndirirsiniz? Şərq Tərəfdaşlığı ölkələrinin AB-yə qoşulma perspektivi varmı?
-
Belarusla bağlı açıq-aşkar siyasiləşdirilmiş bəyanata qoşulmaqdan imtinaya rəsmi Minsk gözlənilən müsbət reaksiyanı verib. Belarusluların nəzərində Azərbaycan müstəqil siyasət yürüdən, xarici təsirlərə qarşı çox yüksək immunitetə malik suveren dövlətdir. Hesab edirəm ki, beynəlxalq məkanlarda bir-birini dəstəkləmək, geosiyasi avantüralarda iştirakdan imtina etmək ölkələrimizin maraqlarına uyğundur.

Şərq Tərəfdaşlığı ölkələrinin AB-yə üzv olmaq perspektivi yoxdur, bu, təşəbbüsün nizamnamə sənədlərində öz əksini tapıb və Avropa liderləri tərəfindən dəfələrlə səsləndirilib. Hazırda bir sıra Balkan ölkələrinin Avropa İttifaqına qoşulması imkanları nəzərdən keçirilir. Ancaq bu, min səhifədən çox sənəddə göstərilən bütün şərtləri yerinə yetirmək üçün çox uzun və zəhmətli bir prosesdir. Eyni zamanda, AB-yə üzvlük bir sıra dövlətlərin hökumətlərini manipulyasiya etmək məqsədi güdür.

Gəlin realist olaq. Avropa hər zaman yalnız özünə işləyib. Onlar bizdən yalnız insan, təbii və intellektual resurslar umurlar. Bizim ərazimiz onlara məhsullarının satış bazarı kimi lazımdır. Lakin Brüsseli Bakının, Kişinyovun və ya digər hər hansı Şərq Tərəfdaşlığı ölkəsi paytaxtının AB-də səsvermə hüququna malik olması maraqlanmır.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Belarus   Avropa  





Xəbər lenti