Dünyada iz qoyan yəhudi agent – gerçək TARİX

Dünyada iz qoyan yəhudi agent – gerçək TARİX
  03 Aprel 2014    Oxunub:8849
Dünya siyasətində gözə görünməyən kəşfiyyatın gördüyü işlər danılmazdır. Bəzən bir ölkənin sevimlisinə çevrilən siyasətçi, məmur düşmən ölkənin kəşfiyyatçısı və ya casusu ola bilər. Zaman-zaman belə faktlar üzə çıxır. Bəli üzə çıxır, amma üzə çıxmayan o qədər dərin işlər var ki...

Bu gün bir çox ölkələr tərəfindən qəhrəman, sevimli olan şəxslər bəlkə də hansısa dövlətin casusu, agentidir.

Tarixə nəzər yetirsək şahidi olarıq ki, soyuq müharibə dönəmində qarşılıqlı casusluq olayları özünün pik nöqtəsinə çatmışdı. Amma bu sırada Əli Kohen xüsusi yer tutur. Yəqin ki, onun əsl kimliyini çoxları tanımır.

Bəli, bu yazıda məhz dünya kəşfiyyatına damğasını vuran Kohendən bəhs edəcəyik. Həmin Kohen ki, ona Suriyanın gələcək prezidenti gözüylə baxılırdı və o isə bir yəhudi idi-Suriyaya ərəb və müsəlman kimi göndərilmiş kəşfiyyatçı. Bunu isə yalnız Mossad bilirdi...

Kohen 1924-cü ildə Misirdə kasıb bir ailədə anadan olub. 1950-ci illərdə müxtəlif kəşfiyyat əməliyyatlarında iştirak edib. 1959-cu ildə Nadia Majaldla evlənib və bu cütlükdən onların üç övladı dünyaya gəlib.
Misir yəhudilərindən olan Kohenin ailəsi 1956-cı ildə İsrailə köçüb. Bir çox yəhudi kimi yeni yaradılmış yəhudi dövlətində həyatını qurmaq üçün yola çıxan Koheni kəşfiyyat tarixinə silinməz bir iz qoymaq gözləyirdi.
İlk işi isə dünyanın müxtəlif yerlərinə yayılan yəhudilərin yeni yaradılmış dövlətə köçməsinə yardım etmək idi. Beləcə Fələstin torpaqlarının da bir hissəsi yəhudilər tərəfindən məskunlaşdırılırdı.



Bir işi isə nasistlərin vaxtilə Misir məmurları, əyanları ilə əlaqlərini izləmək və keçmişi üzə çıxarmaq idi. Amma çox keçmədi ki, Mossad bu yolda ifşa olundu. Kohen də digərləri kimi başqa bir kəşfiyyat işi üçün vəzifələndirildi. Bu dəfə onun görəcəyi iş isə ölümlə üz-üzə qalmaq idi. O, İsrailin müharibə etdiyi Suriya dövlətinin elitasına daxil olmalı, Suriya rəhbərliyinin etimadını qazanmalı və hakimiyyətin bütün gördüyü işləri Mossada ötürməli idi. Əlbəttə, bu təhlükəli işə başqa bir kəşfiyyatçını da göndərmək olardı, amma bunun üçün Kohendən uğurlu biri yox idi. Əvvəla, o, müsəlman ərəb dövləti olan Misirdə doğulmuşdu. Burada yaşadığına görə ərəb dilini bir çox ərəbdən daha yaxşı bilir və danışa bilirdi. O, eyni zamanda xarici görkəminə görə də ərəblərdən seçilmirdi.
Heç bir kəşfiyyatın bu sirri aça bilməməsi və şübhəyə düşməməsi üçün bir müddət ərəb kimi yaşamaq lazım idi...

Beləliklə, ona yeni bir ərəb pasportu düzəldildi. Özü isə Argentinaya suriyalı mühacir ərəblərin arasına göndərildi. O artıq yəhudi deyil, Mossad işçisi deyil, Kohen deyil, suriyalı bir iş adamı, müsəlman Kamal Əmin Taybet olmuşdu. Onun iş adamına çevrilməsi üçün Mossad pulunu əsirgəmirdi.

Qısa müddət ərzində öz mədəniyyətinə, iş bacarığına görə ərəblərin hörmətini qazana bildi. Artıq Dəməşqə getmək olardı...

1962-ci ildə Dəməşqdə idi və işin ən təhlükəli və vacib anları başlandı. Tezliklə elitanın keçirdiyi yeyib-içmək məclislərində yer aldı. Özü də kimlərinsə şərəfinə ziyafətlər verdi. Belə əliaçıq iş adamı tezliklə suriyalı məmurlar tərəfindən sevildi.

Ziyafətlər üçün Mossad əlindən gələni edir, Koheni pulsuz qoymurdu. Kohen isə Bəəs partiyası ilə də əlaqələrini gücləndirirdi. Partiyanın rəhbərliyi ona böyük etimad göstərdi. Tez-tez Suriya radiosunda çıxışlar edir, bütün suriyalıların sevgisi qazanırdı. Belə günlərdən birinə Bəəs partiyasının liderlərindən olan polkovnik Əmin Əl Hafizin ( Suriyanın indiki prezidenti Bəşər Əsədin atası –red) dostluğunu qazandı. Hafiz isə daha sonra baş nazir vəzifəsinə yiyələndi. Gələcəkdə isə Suriyanın prezidenti olacaqdı.



Hafiz prezidentlik kürsüsünə qalxmadan öncə də nüfuzlu, SSRİ-dən böyük dəstəyi olan şəxs idi. Beləliklə Kohenin qarşısında bütün qapılar taybatay açıldı. Belə bir dostluq fürsətindən istifadə edən Kohen İsraillə Suriya arasında həmişə müharibə ocağına çevrilmiş Holan təpəlikləri haqqında məlumatları, ətrafında gedən hərbi dəyişiklik məlumatlarını Mossada ötürürdü.

O, Holan təpəliklərinə özü gedərək canlı izləyir və bütün məlumatları radio vasitəsilə Təl-Əvivə çatdırırdı. Çox önəmli əhəmiyyət daşıyan Holan təpəliklərinin bəzi nöqtələrinə çox adamın girməsi qadağan idi. Lakin, bu qadağının Kohenə aidiyyatı yox idi. Çünki, o, Hafizin yaxın dostu idi və onun etimadını çoxdan qazanmışdı.

Kohenin bu xidməti heç zaman unudulmayacaq. Məhz onun Suriyanın hərbi və siyasi planları haqqında verdiyi məlumatlar nəticəsində 1967-ci ildə baş verən 6 günlük müharibədə İsrail qalib gələcəkdi. O zamandan bugünə kimi Holan təpəlikləri İsrailin işğalı altında qalacaqdı.

Heç də hamı Kohenin rəhbər məmurlarla dostluğunu həzm edə bilmirdi. Bəziləri qısqanclıqdan, bəziləri isə şübhələndiyinə görə. Xüsusən, Suriya kəşfiyyatı onu araşdırıb üzə çıxarmaq istəyirdi. Amma bütün kəşfiyyat bunun qarşısında aciz idi. Çünki, işlər o qədər təmiz görülmüş, yəhudi ərəbə elə çevrilmişdi ki, hansısa sübut tapmaq yox dərəcəsində idi. Daha çox kəşfiyyatçı Əhməd Südani ona etibar etmirdi. Suriyalı kəşfiyyatçılar dövlət daxilində casusların olmasından şübhələnmişdilər. Hətta bundan əmin idilər. Amma bu casus kim ola bilərdi? Günün müəyyən saatlarında radiolar yüklənir, xüsusi siqnallar ötürülürdü. Amma şifrələr çözülə bilinmir və kimin, haradan bu siqnalları göndərdiyini tutmaq olmurdu.

Soyuq müharibə zamanı bölünmüş cəbhələrin hər biri öz dostlarına hamilik edir, hər sahədə dəstəyini göstərirdi. Suriya da bu zaman SSRİ-nin hamiliyi altında idi. SSRİ-nin çoxlu sayda kəşfiyyatçısı Dəməşqdə fəaliyyətdəydi. Belə bir casusluq olayının olmasından daha çox onlar şübhələnmişdi. KQB-nin o zaman ki, kəfiyyat gücünü hesaba alsaq, hər halda hər şey aydın olar.

Suriyalı kəşfiyyatçılar casusluq olayını açmaqda aciz olduğundan KQB kömək əlini uzatdı. Kohen Suriya radisounun siqnallarına daxil olaraq məlumat ötürərkən iş üstündə yaxalandı. Belə bir olay hakimiyyət üçün də, siyasi elita üçün də biabırçılıq idi. Bunun qisası ağır olmalı idi. Dövlətin rəhbərinə kimi etimadını qazanmış bir adamın düşmən ölkənin-MOSSAD əməkdaşı olması böyük qəzəb doğurdu.



Bu qəzəb elə güclü idi ki, Kohen qısa zamanda gizli yolla mühakimə olundu və edam hökmü kəsildi. Dünyanın bir sıra siyasi və dini rəhbərləri Suriyaya müraciət edərək onun edamını ləğv etməyə çağırdı. Onlarla ölkənin prezidentinin müraciəti Suriya rəhbərliyi üçün artıq heç bir əhəmiyyət kəsb etmirdi. Onlar məhz bu məsələni şərəf, ləyaqət məsələsinə çevirmiş, kimsəni dinləmək istəmirdi. Hətta sonra Roma papası da Suriya rəhbərliyinə müraciət edərək edam hökmünün ləğv edilməsini xahiş etdi. Amma...

Kohen Şəhidlik meydanında böyük bir xalq kütləsinin qarşısında asılaraq öldürüldü. Hətta Suriya televiziyası da bu edamı canlı olaraq nümayiş etdirdi.

BƏƏS partiyasını daha çox SSRİ himayə edir və onlara hər bir dəstək göstərirdi. Regionda ABŞ-ın bir nömrəli dostu İsrailin yerləşməsi və Ərəb-İsrail savaşlarının baş verməsi SSRİ-ni və onun əsas silahı KQB-ni burada hər an aktiv vəziyyətdə saxlayırdı. Hətta iş o qədər uğurlu alındı ki, BƏƏS-çilik regionadakı ərəb dünyasına yayıldı. Suriya və İraqda BƏƏS partiyaları hakimiyyətə gəldi. İraqdakı rejim ABŞ tərəfindən 2003-cü ildə devrilsə də , Suriyada hələ də Kohenin dostu Hafizin oğlu Bəşər Əsəd hakimiyyətdədir. On illərə dayanan rus-BƏƏS etibarlı dostluğundan sonra niyə Bəşər Əsədin devrilə bilmədiyi gün üzünə çıxır.

Kohen məsələsi edamdan sonra da həmişə gündəmdə oldu. Suriya prezidentinə kimi məsələyə hazırda da münasibət bildirilir, Kohenin ailəsi və jurnalistlər bunun unudulmasına imkan vermir. Kohen ailəsinin bu məsələnin üzərində inadla qalmasının səbəbi isə 50 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də onun cəsədini Suriyadan ala bilməməsidir.

2001-ci ildə Suriya prezidenti Hafiz Əsəd Əl-Cəzirə kanalına verdiyi müsahibədə dostluqlarını inkar etmişdi. Bucür inkar etmə başa düşülən idi.



Kohenin qardaşı Mauris Kohen də Mossad əməkdaşı olub. Mossad-çılar Kohenin Suriyadan ötürdüyü məlumatlara əsasən bildirirlər ki, o zaman Suriya siyasi elitası Koheni prezident təyin etmək hazırlığında olublar və bunu istəyiblər. Eyni zamanda Suriyanın gələcək prezidentləri arasında bir çoxları əsas iddialı kimi Koheni görürdü. Hətta ifşa olunmadan öncə Hafizin baş nazirlik dövründə onu Xarici İşlər Naziri təyin edəcəyi də verilən məlumatlar sırasındadır. Amma Kohenin və Mossadın ifşa olunması bütün planların üstündən xətt çəkdi. Əlbəttə ki, bütün bunlardan sonra Suriya səlahiyyətliləri belə bir ehtimalları rədd etdi...

Hazırda da Kohen məsələsi üstündə iki dövlət arasında soyuq müharibə getməkdədir. Onun meyiti hər iki dövlət arasında şərəf məsələsinə çevrilib. İsrail tərəfi hər bir danışıqlarda onun nəşini gətirmək üçün müəyyən cəhdlər edir. 40 il sonra 2006-cı ildə İsrailin tələbinə baxmayaraq Suriya höküməti onun meyitini qaytarmaqdan imtina etdi. 2000-ci illərdə İsrail bu məsələdə Türkiyənin vasitəçilik etməsini də istəmişdi. Amma bütün bunlar da nəticəsiz qaldı.

Hafiz Əsədin keçmiş silahdaşları isə bildirib ki, yəhudi kəşfiyyatçılar Kohenin meyitini tapmasın deyə edamdan sonra onun qəbri üç dəfə dəyişilib. Onların bildirdiklərinə görə, qəbirdəyişmə hadisəsi o qədər gizli və təhlükəsiz görülüb ki, hətta Suriya rəhbərliyi də artıq onun qəbrinin harada olduğunu bilmir.

Hazırladı: Emin Piri


Teqlər:  





Xəbər lenti