"Qazaxıstanda Suriya ssenarisi təkrarlana bilərdi" - Yuri Şevtsov (Müsahibə)

   "Qazaxıstanda Suriya ssenarisi təkrarlana bilərdi" -    Yuri Şevtsov (Müsahibə)
  07 Yanvar 2022    Oxunub:2541
“Qazaxıstandakı kütləvi etirazların ilkin səbəbləri ölkədəki müxtəlif təsir qrupları arasındakı daxili ziddiyyətlər idi. Ancaq xarici təsir olmasaydı, adi daxili ziddiyyətlər bu qədər radikal qarşıdurmaya çevrilməz, bu miqyasda böyüməzdi. Qiyamçıların koordinasiya və təşkilatlanma dərəcəsi o qədər yüksəkdir ki, onun yalnız Qazaxıstan daxilindən baş qaldırması mümkün deyil”.
Bu sözləri Azvision.az-a müsahibəsində belaruslu politoloq, Avropaya İnteqrasiya Mərkəzinin direktoru Yuri Şevtsov deyib. Onun sözlərinə görə, qiyamçıların radikal İslam ruhunda tələblər irəli sürməməsi də diqqət çəkir. Bu, göstərir ki, təşkilatçılar Qazaxıstanda mövcud olan islamçı şəbəkələr deyil.

- Qazaxıstanın daxili böhranının xaricdən stimullaşdırılmasında gözlənilməz heç nə ypxdur. Hibrid müharibələr dövrümüzün reallığıdır. Beynəlxalq miqyasda az-çox nəzərə çarpan bütün qüvvələr indi bunu etməyə qadirdir.


- Kasım-Jomart Tokayevin KTMT-dən yardım istəməsini necə qiymətləndirirsiniz?
- Tamamilə düzgün qərardır. Qazaxıstan təhlükəsizlik qüvvələri baş verən güclü hücumun öhdəsindən təkbaşına gələ bilmədilər. Zərbə bütün ölkə miqyasında vuruldu. Döyüş çox sürətlə inkişaf etdi. Bir-iki gün ləngimə olsaydı və qətiyyətli cavab verilməsəydi, Suriyadakı uzunmüddətli və dağıdıcı hadisələr Qazaxıstanda da təkrarlana bilərdi.

- KTMT sülhməramlılarının məsuliyyəti nədən ibarət olacaq?
- Ümumiyyətlə, Qazaxıstan təhlükəsizlik qüvvələrinə və bütövlükdə hakimiyyətə kənardan birbaşa hərbi dəstəyə ehtiyac yox, tək olmadığına əminlik lazımdır. Çevriliş vətəndaş müharibəsinə keçə bilmədi və onu Qazaxıstan ordusunun gücü ilə dayandırmaq mümkün idi. Qazaxlara sadəcə öz qələbələrinə inanmaq lazımdır. KTMT-nin Qazaxıstana yardım etmək qərarı belə bir inam yaradır. Nizam-intizamı isə ümid edirəm ki, özləri qaydaya sala biləcəklər.

Reallıqda sülhməramlılar bəzi mühüm infrastruktur obyektlərini mühafizə edə bilərlər: Baykonuru, uran sənayesi obyektlərini, bəzi nəqliyyat qovşaqlarını və s. Həm də Qazaxıstan təhlükəsizlik qüvvələrinə bəzi dar hərbi ixtisas sahələrində dəstək olmaq və dəqiq funksiyaları yerinə yetirmək üçün məsləhətçilər lazımdır. Ancaq bütövlükdə ölkədə hər şeyi qazaxlar özləri qaydasına salacaqlar. Qazaxıstan nəhəngdir, sülhməramlıların sayı isə çox olmayacaq. Söhbət xarici qoşunların ölkəni işğal etməsindən yox, antiterror əməliyyatına yardımdan gedir.

- Sizcə, Qazaxıstanda vəziyyət bundan sonra necə inkişaf edəcək?
- Bu vəziyyətdən asan və sürətli çıxış gözləmirəm. Silahlı müqaviməti tez bir zamanda yatırmaq mümkün olsa belə, qəsdin köklərini qoparmaq çox vaxt aparacaq. Qəsdin genişmiqyaslı və mütəşəkkil olduğu ortaya çıxdı. İndi əsas məsələ irimiqyaslı hərbi qarşıdurmanın alovlanmasının qarşısını almaqdır.

Qəsdçilər polis və digər təhlükəsizlik qüvvələrinin atıcı silahlarını ələ keçirə biliblər. Ancaq onların ağır silahları, nəzərəçarpacaq miqdarda hərbi texnikası və uzunmüddətli döyüşlər üçün lazımi təchizatı yoxdur. Qazaxıstan güc strukturlarının bütün bölmələrinin onların tərəfinə keçməsi halı da yoxdur. Ona görə də, dövlət çevrilişinə cəhdin vətəndaş müharibəsinə çevrilməsinin qarşısını almaq şansları böyükdür. Ancaq bunun həqiqətən belə olması aydınlaşana qədər gözləməliyik. Proqnoz bundan asılı olacaq.

- Region ölkələrinin davranışları ilə bağlı nə demək olar?
- Onlar özlərini yaxşı apardılar: Tacikistan və Qırğızıstan KTMT-nin Qazaxıstana bütün hərbi blok adından yardım göndərilməsi qərarını dəstəkləyiblər. Özbəkistan və Türkmənistanın Qazaxıstanda sülh arzuladıqlarına zərrə qədər şübhə yoxdur. Hətta Əfqanıstandakı “Taliban” da Qazaxıstan böhranı günlərində özünü mənfi cəhətdən göstərmədi.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti