Rusiya-NATO: Dalandan çıxış görünmür – TƏHLİL

// Brüssel və Moskva ayrı-ayrı dillərdə danışırlar

      Rusiya-NATO:    Dalandan çıxış görünmür –    TƏHLİL
  12 Yanvar 2022    Oxunub:1961
Rusiya-NATO əlaqələri SSRİ dağıldıqdan dərhal sonra, yəni 1991-ci ildə qurulub. Həmin tarixdən etibarən Moskva Şimali Alyansın Avroatlantik Əməkdaşlıq Şurasına qoşulub, 1994-cü ildən isə digər postsovet respublikaları ilə yanaşı “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edib. 1997-ci ildə Rusiya ilə NATO arasında imzalanan münasibətlər, təhlükəsizlik və əməkdaşlıq haqqında Akta əsasən Birgə Daimi Şura yaradıldı və növbəti il Rusiyanın bu təşkilatda daimi nümayəndəliyi fəaliyyətə başladı.
ABŞ-da 11 sentyabr 2001-ci il tarixdə baş vermiş terror hadisələrindən sonra NATO ilə Rusiyanın əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldi. Rusiya ABŞ-ın elan etdiyi terrorizmə qarşı mübarizə üzrə koalisiyaya qoşuldu və bu əməkdaşlığın nəticəsi kimi, 2002-ci ildə Romada imzalanmış bəyannaməyə əsasən Rusiya-NATO Şurası yaradıldı.

Əgər əvvəlki dövrdə Rusiya ilə münasibətlər “NATO+1” formatında qurulurdusa, bundan sonra, Rusiya-NATO Şurası “29+1” formatında fəaliyyət göstərməyə başladı. Faktik olaraq, Rusiya NATO-nun üzvü kimi bütün qlobal layihələrin hazırlanması və icrasında fəal yer alırdı. Rusiya NATO qüvvələri ilə birgə aməliyyatlar hazırlamaqla yanaşı, hərbi təlimlər həyata keçirir, ayrı-ayrı üzv ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığa dair müqavilələr imzalayırdı. Rusiyanın NATO ilə əməkdaşlığının dərinləşməsi postsovet respublikalarının da bu quruma fəal inteqrasiyasına şərait yaradırdı. Rusiya ilə digər MDB ölkələri NATO-nun proqramlarında demək olar ki, paralel qaydada iştirak edirdilər.

Rusiyanın NATO və ümumiyyətlə Qərblə münasibətlərinin korlanması 2008-ci ilin əvvəlində Ukrayna və Gürcüstanda rəngli inqilablar nəticəsində hakimiyyətə yiyələnmiş hökumətlərinin tam hüquqlu üzv olmaq məqsədilə Alyansa müraciət etmələri və həmin il Buxarestdə keçirilən sammitdə Brüsselin bu müraciətlərə müsbət cavab verməsilə başladı. Ardınca, 2008-ci ilin avqust ayında Gürcüstanla Rusiya arasında münaqişənin baş verməsi NATO-Rusiya münasibətlərində gərginliyi daha da artırdı və hadisələrin məntiqi nəticəsi kimi “Rusiya-NATO şurası” fəaliyyətini dayandırdı. Bu hadisələrdən sonra Qərb anladı ki, postsovet məkanındakı donmuş münaqişələri yaradan və qalmasında maraqlı olan qüvvə elə Kremlin özüdür, Rusiya isə NATO-nun “MDB dövlətlərilə tərəfdaşlıq” adı altında əslində şərqə doğru irəliləmək istədiyinə əmin oldu.

2009-cu ildən “Rusiya-NATO Şurası”nın fəaliyyəti bərpa olunsa da, 2014-cü ildə Ukraynada baş verən hadisələr və Krım yarımadasının Rusiya tərəfindən ilhaqı yenidən münasibətləri korladı. NATO Rusiya ilə demək olar, bütün əməkdaşlığı dayandırdı və əvəzində Ukraynaya hərbi dəstək göstərməyə başladı. Həmin il Rusiya prezidenti Vladimir Putin ölkəsinin hərbi doktrinasında dəyişiklik edərək, əsas təhlükələrdən biri kimi NATO-nun şərqə doğru genişlənməsi və həmsərhəd respublikalarda hərbi qüvvələrini yerləşdirməsini göstərdi. NATO isə 2016-cı ildə keçirilən sammitində Rusiyanı alyans ölkələrinin əsas təhlükə mənbəyi elan etdi.

2016-cı ildən bu yana NATO müxtəlif proqramlar və layihələr adı altında Şərqi Avropa və Baltikyanı ölkələrində öz hərbi qüvvələrinin sayını artırmaqla yanaşı, birgə təlimlər keçirməkdədir. Həmçinin, Baltik və Qara dənizdə üzv ölkələrin hərbi donanmalarının iştirakı ilə müxtəlif manevrlər keçirilir. Buna cavab olaraq Rusiya Ukrayna ilə sərhəddə hərbi qüvvələrinin sayını artırmaqla yanaşı, təlimlər keçirir və vaxtaşırı NATO-ya üzv ölkələrin hava sərhədini pozur.

“Rusiya-NATO Şurası”nın fəaliyyəti bu müddətdə azala-azala gedərək, 2021-ci ilin oktyabrında tam dayandırılıb. Amerika ilə Rusiya prezidentlərinin 2021-ci il ərzində iki dəfə görüş keçirmələri münasibətlərin nisbətən də olsa mülayimləşməsinə gətirib çıxarsa da, Qərb ilə Rusiya arasında gərginlik qalmaqdadır.

“Rusiya-NATO şurası” çərçivəsində yenidən dialoqun bərpa edilməsi əslində Vaşinqtonun təşəbbüsüdür. Bu gün keçiriləcək “Rusiya-NATO şurası”nın növbəti Sammitində ölkələr xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar.

Qərb görür ki, Rusiyanı özündən təcrid etməsi daha böyük fəsadlara yol açır. Məhz bu səbəbdən gərginliyin nisbətən də olsa azaldılması üçün NATO dialoqun yenidən bərpa edilməsini vacib sayır. Ancaq bu heç də, planlarından geri çəkilmək fikrində olduğu anlamına gəlmir.
Öz növbəsində Rusiya sammiti özünün Qərbə olan tələblərini irəli sürmək və bu tələblər ətrafında müzakirələrin aparılmasına nail olmaq üçün vasitə sayır.

Aydındır ki, müzakirənin əsas mövzusu Ukraynadır. Qərb Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalından ehtiyatlanır və bu mənada Moskvanın irəliləməsinin qarşısını almağa çalışır. Moskva isə, ənənəvi olaraq Ukraynadakı hadisələrə görə məsuliyyəti öz üzərinə götürməsə də, dolayı yolla izah etməyə çalışır ki, onun sərhədlərinə yaxın ərazilərdə NATO-nun hərbi qüvvələrinin yerləşdirilməməsi üçün həmin respublikada münaqişələr yaradır.

Rusiya NATO-ya tələblərini açıq şəkildə elan etdiyinə görə Moskvanın sammitdə səsləndirəcəyi fikirləri indidən bilmək olar. Bu tələblər ondan ibarətdir ki, NATO Rusiya ilə sərhəddə hərbi qüvvələr yerləşdirməsin, orta və uzaq mənzilli raketlərdən istifadə qarşılıqlı şəkildə qadağan olunsun və postsovet respublikalarını alyansa üzv qəbul etməsin.

Təbii ki, NATO Rusiyanın bu şərtləri ilə razılaşmayacaq. Rusiyanın da Ukrayna ilə bağlı mövqeyinin yumşalacağını gözləmək olmaz. Sadəcə, həm Rusiya, həm də Vaşinqtona dialoq formatının bərpa olunması lazımdır ki, gərginlik qaynar fazaya keçməsin. Görünən odur ki, tərəflərin heç biri bu mərhələyə keçmək istəmir və ümumiyyətlə, buna hazır deyillər. Odur ki, sammitdə hansısa diqqətçəkən irəlilləyişin əldə olunacağını gözləmək olmaz. Hazırki gərgin vəziyyətdə dialoqun qorunub saxlanması belə mühüm bir nailiyyət hesab oluna bilər.

Tofiq Vahid
AzVision.az



Teqlər: NATO   Rusiya  





Xəbər lenti