“Bayraktar” üçün “kamikadze” – Araşdırma

// PUA "uçan sursat"la silahlanır

   “Bayraktar” üçün “kamikadze” –    Araşdırma
  14 Yanvar 2022    Oxunub:4100
2021-ci ilin may ayının sonunda Polşanın Türkiyədən “Bayraktar” TB2 PUA-ları alacağı məlum oldu. Bu, Türkiyənin əfsanəvi pilotsuz vasitəsinin ilk dəfə Aİ və NATO üzvü olan bir ölkəyə ixrac müqaviləsi kimi tarixə düşdü. Polşa prezidenti Anjey Dudanın mayın 24-də Türkiyəyə ikigünlük səfəri çərçivəsində Ankarada prezident Ərdoğanla imzaladığı müqavilə 67 milyon dollar dəyərində 24 ədəd “Bayraktar” TB2 PUA-sının Polşaya ixracını nəzərdə tutur.
Polşanın “Bayraktar” TB2-ləri əvvəlkilərdən fərqli olaraq, AESA radarı və IFF kimi sistemlərə sahib olacaq. İlk dəfə olaraq “Osprey 30” çoxfunksiyalı AESA radarı “Bayraktar”a quraşdırılacaq. İtaliyanın “Leonardo” şirkətinin istehsal etdiyi radarlar son sinfə aiddir. Radarlar TB2-nin kəşfiyyat, nəzarət və müşahidə (ISR) qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. “Bayraktar” TB2-lər havada axtarış rejimlərinə sahib olan “Osprey 30” çoxfunksiyalı radarı sayəsində məhdud görmə şəraitində müşahidə imkanları əldə edəcək.

“Osprey” “Leonardo” tərəfindən hazırlanmış X diapazonunda işləyən çoxrejimli SWaP (yüngül, ucuz, güclü və kiçik) tipli AESA radarıdır. Sabit və ya mobil konfiqurasiyalarda istifadə edilə bilən radar havadan quruya, dənizə və səmaya müşahidə rejimlərinə malikdir.

“Bayraktar” üçün yeni sursat

“WB Group” Polşa ordusu və ixrac üçün “Warmate” TL ailəsinin bir neçə modelini istehsal edir. “Warmate” TL pilotsuz vasitəsinin döyüş radiusu 12 km.-dir. Bu göstərici “Warmate TL 2 Loitering Munition System”də 20 km, “Warmate R”də isə 30 km.-dir. Baza modeli üçün havada qalma müddəti 50 dəqiqə, digər ikisi üçün isə 2 saata qədərdir. Hər üç versiyanın qanadları qatlana bilir, bu da dronların müxtəlif atıcı qurğularından buraxılmasına imkan verir.

Tapşırıqlardan asılı olaraq, dron 4 növ döyüş başlığı ilə təchiz oluna bilər. “WB Group” şirkəti “gəzən sursat”lardan istifadə edilməsinin “Bayraktar” TB2-nin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyini iddia edir. Bu, əsaslı iddiadır. Türkiyə pilotsuz vasitəsinin əsas silahı yüksək hündürlükdən buraxıldıqda 8 km.-ə qədər atəş məsafəsi əldə edən MAM (Mini Akıllı Mühimmat) ailəsinin idarəolunan sursatlarından ibarətdir. “Kamikadze” dronlarından PUA-da istifadə edilməsi “Bayraktar” TB2-nin atəş radiusunu bir qədər də artıracaq.

Warmate TL

Polşa Türkiyədən aldığı “Bayraktar” TB2 pilotsuz vasitələrini patrul döyüş sursatları ilə təchiz etməyi də planlaşdırır. Hazırda Polşanın “WB Group” və “Baykar Makina” şirkətləri kamikadze dronlarından Türkiyə Silahlı Qüvvələrinin pilotsuz vasitələrində silah kimi istifadə edilməsi imkanları ilə bağlı danışıqlar aparır. “Warmate” TL modeli qatlanan dizayna malik olduğu üçün “Bayraktar” TB2-də istifadəyə asanlıqla uyğunlaşdırıla bilər. Pilotsuz uçan aparat dördə qədər sursat daşıyır.

“Warmate” TL (Tube Launch) şəxsi heyətin və texnikaların məhv edilməsi üçün nəzərdə tutulan “gəzən sursat”dır. Tank və piyada əleyhinə döyüş başlığı ilə təchiz oluna bilər. Sursatın unikal xüsusiyyəti konteyner daxilində yerləşməsi və qatlanan qanadlara malik olmasıdır. Onu istənilən yerüstü nəqliyyat vasitəsinə quraşdırılan atıcı konteynerndən pnevmatik üsulla buraxmaq mümkündür.


“Gəzən döyüş başlığı”na optik (gündüz) və ya termal (gecə) kameralarının əlavə edilməsi zərbə endirməzdən əvvəl hədəfin qiymətləndirilməsinə imkan verir. Təhlükəsiz mexanizmlər kəşfiyyat məlumatlarına yenidən baxıldığı təqdirdə zərurət yaranarsa, sonrakı fəaliyyətin asanlıqla dayandırılmasına şərait yaradır.

Zərbə imkanları

Dronun hücum rejimi seçilmiş hədəfə avtonom zərbə endirməyə imkan verir. Mobil idarəetmə stansiyası döyüş başlığının ön hissəsində quraşdırılmış kameradan zərbə anına qədər videogörüntülər ötürülür. Bu görüntülərdən PUA-nı idarə etmək üçün istifadə edilə bilir.

Döyüş başlıqları

“Warmate“ TL dronu bir-birini əvəz edə bilən və missiya məqsədlərindən asılı olaraq, ərazidə dəyişdirilə bilən müxtəlif növ döyüş başlıqları (təlim, qəlpəli, fuqas və tank əleyhinə) daşıya bilir.

İdarəetmə stansiyası

“Warmate” TL dronu istifadəsi asan olan və operatora real zaman rejimində video axını təmin edən mobil yerüstü idarəetmə stansiyasından (GCS) idarə olunur. Dron bir neçə avtonom uçuş rejiminə malikdir. Avtomatik rejim uçuşdan əvvəl istifadəçi tərəfindən proqramlaşdırılan əsas uçuş rejimidir. Bu rejim zamanı dron havaya qalxaraq, uçuş planına uyğun təyin edilən obyekti (marşrutu) izləyir. Bundan başqa, dron konkret hədəfə kilidlənmə, koordinasiya, kreyser, axtarış, müşahidə və hücum reimlərində vəzifələrini icra edə bilir.

“Warmate” TL dronunun havaya qalxması tam avtomatlaşdırılıb. Platforma istənilən avtomobilə quraşdırılan atıcı konteynerdən də buraxıla bilər. Bu konteynerin daşıyıcı PUA-ya quraşdırılması mümkündür. Yerüstü idarəetmə stansiyası ilə əlaqəni təmin etmək üçün uçuş öncəsi sınaqlardan sonra dron havaya buraxılır. Uçuş tam avtomatlaşdırılıb. Seçilmiş uçuş rejiminə keçməzdən əvvəl dronun 500 m.-ə qalxması təmin edilir.

Missiyanın dayandırılması

Dronun yerə endirilməsi fövqəladə vəziyyətdə, mexaniki enmə rejimindən istifadə etməklə mümkündür. Hava vasitəsi istifadəçi tərəfindən müəyyən edilən istənilən açıq sahəyə endirilə bilər. Bundan əlavə, dron uçuşda olarkən döyüş başlığı uzaqdan partladıla bilər.

Texniki xüsusiyyətləri:
Qanad açılımı: 1,7 m;
Uzunluğu: 1,1 m;
Sursatın kütləsi: 4.5 kq;
Havada qalma müddəti: 50-120 dəqiqə (modelə görə dəyişir);
Döyüş radiusu: 12-30 km (modelə görə dəyişir);
Sürəti: 120 km/saat.

Özəllikləri:
Yüksək zərbə dəqiqliyi;
Bir-birini əvəz edə bilən döyüş başlıqları;
Aşağı akustik göstəricilər;
Digər “WB Group” sistemləri (Mini BSP FLYEYE, U-GATE) ilə uyğunluğu;
Modul tipli atıcı konteyner.

Nəticə

Türkiyənin PUA-ları 2020-ci ildə Suriya, Liviya, eləcə də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçirilən hərbi əməliyyatlar zamanı səmərəli istifadə edildikdən sonra beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Hazırda bu PUA-ların Azərbaycan, Ukrayna, Polşa, Qətər, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tunis, Liviya, İraq, Efiopiya və Suriyaya ixrac edildiyinə dair məlumatlar mövcuddur. Bu ölkələrdən Azərbaycan, Ukrayna, Polşa, Mərakeş və Efiopiyada “Bayraktar TB2”-dən istifadə olunması təsdiqlənib. Suriyaya ixrac barədə məlumatlar şübhəlidir. Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Latviya, Albaniya, Macarıstan, Bolqarıstan, Çexiya, Serbiya, Litva, Bosniya və Herseqovina, Pakistan, İndoneziya, Nigeriya, Oman, Anqola və Qətər isə Türkiyə istehsalı olan müxtəlif PUA-larla yaxından maraqlanırlar. Bü ölkələrin bəzilərilə artıq satınalma üçün müqavilə imzalandığı ehtimal olunur.

Türkiyə PUA-ları qiymət-keyfiyyət baxımından çox sərfəlidir. Döyüş əməliyyatlarında geniş istifadə edildiyi üçün potensial müştərilər onların artan xüsusiyyətlərini daim diqqətdə saxlayırlar. PUA-nın fasiləsiz olaraq daha üstün xüsusiyyətlər əldə etməsi və yalnız yerli komponentlərdən hazırlanması müştərilərin sayının durmadan artmasına səbəb olur.

Polşa ordusunun həm Ukrayna-Rusiya, həm də NATO-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Türkiyə PUA-larına etibar etməsi təsadüfi deyil. Türkiyə ilə Polşanın münasibətiləri müsbət dinamika üzrə inkişaf edir. Bunu həm “Bayraktar” PUA-larının alınması, həm də Türkiyənin “F-16” qırıcılarının Polşa səmasının qorunmasında iştirakının razılaşdırılması ilə izah etmək olar. “Bayraktar” TB2 PUA-larının Polşa ordusunun potensialını artıracağı və NATO-nun şərq sərhədlərinin gücləndirilməsinə kömək edəcəyi şübhə doğurmur.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində Ermənistana məxsus yüzlərlə SSRİ/Rusiya istehsalı HHM, artilleriya, zirehli və yüngül zirehli texnikaların “Bayraktar” TB2 PUA-ları tərəfindən uğurla məhv edilməsi təsdiqləyir ki, Kreml ilə gərginlik yaşayan Polşa və Ukrayna üçün bu silah kifayət qədər uğurlu seçimdir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Bayraktar   PUA  





Xəbər lenti