“Moskva ABŞ-a və müttəfiqlərinə hərbi təzyiq göstərməyə məcbur olacaq” – Müsahibə

   “Moskva ABŞ-a və müttəfiqlərinə hərbi təzyiq göstərməyə məcbur olacaq” –    Müsahibə
  17 Yanvar 2022    Oxunub:3117
Rusiya Federasiyası Qərb və Şərq sərhədlərinin təhlükəsizliyini gücləndirir. Qərb istiqamətində Ukrayna ilə sərhəddə hərbi təlimlər keçirmək üçün 100 minlik qoşun toplayıb, Şərq istiqamətində isə ordusunun döyüş hazırlığını yoxlayır. Nəyə hazırlıq gedir?! AzVision.az mövzu ilə bağlı G.V.Plexanov adına RİU-nun politologiya və sosiologiya kafedrasının dosenti, hərbçi-politoloq Aleksandr Perenciyev ilə söhbətləşib.
- Rusiya Müdafiə Nazirliyi qəflətən döyüş hazırlığının yoxlanmasını elan edib. Bu, nə ilə bağlıdır?
- Yeni il tətilindən sonra Rusiya ordusunun döyüş hazırlığının qəfil yoxlanılması Rusiya Federasiyası Silahlı Qüvvələrinin döyüş hazırlığı sistemində adi haldır. Bu cür yoxlamalar mövcud təhlükələrlə bağlı deyil, mümkün və gözlənilməz təhlükələri dəf etmək üçün qoşunların hazırlanması ilə əlaqədar həyata keçirilir. Yoxlamanın Şərq hərbi dairəsində aparılması onun Ukrayna, Rusiya ilə NATO arasındakı gərginliklə heç bir bağlılığı olmadığını aydın şəkildə göstərir. Qazaxıstandakı hadisələrlə də heç bir əlaqəsi yoxdur, çünki bu ölkə ilə RF Silahlı Qüvvələrinin Mərkəzi hərbi dairəsi həmsərhəddir.

- Niyə döyüşə hazırlığın yoxlanılması məhz Şərq hərbi dairəsinin qoşunlarında aparılır?
- Çünki qəfil yoxlamanın Qərb hərbi dairəsində aparılması dərhal Qərbə aid və digər KİV-də ajiotaj yaradacaq, onlar Rusiyanın yenidən Polşa və Baltikyanı ölkələrə qarşı təhdidindən danışmağa başlayacaqdılar. Cənub hərbi dairəsini yoxlamağa başlasalar, onda informasiya hay-küyü “Rusiya Ukraynaya hücuma hazırlaşır” şüarı altında yüksələcəkdi. Mərkəzi hərbi dairədə yoxlamalar başlayacağı təqdirdə dünya mediasındakı hər cür şərhçi və ekspertlər dərhal Rusiyanın Qazaxıstanın daxili işlərinə qarışmaq niyyətindən danışmağa başlayacaqdılar. Beləliklə, məlum oldu ki, RF Silahlı Qüvvələrinin Baş Qərargahı bütün bu uydurmaların qarşısını almaq üçün məhz Şərq hərbi dairəsini qəfil yoxlamağın ən yaxşı variant olduğuna qərar verdi. Üstəlik Arktikada, Kuril adalarında, Kamçatkada və Saxalin adalarında Rusiya sərhədlərinə qarşı olan təhdidləri heç kim aradan qaldırmayıb. Bizdə bütün yoxlamalar Suvorov prinsipinə uyğun aparılır: "Təlimdə çətindirsə, döyüşdə asandır!"

- ABŞ 100 min rus əsgərinin Ukrayna ilə sərhəddə cəmləşməsindən narahatdır. Amerikalılar deyirlər ki, Rusiya onlara təlimin növü və onu nə vaxt başa çatdırmağı planlaşdırdığı barədə məlumat vermir. Ona görə də düşünürlər ki, bunlar adi təlimlər deyil, nəsə Ukraynaya zərər verə biləcək başqa bir şeydir. Bunu necə şərh edərdiniz?
- Məncə, bu, ABŞ-ın problemidir. Qoy istədikləri kimi düşünsünlər. Rusiya öz ərazisində təlimlər keçirir. Bu halda ABŞ-ın hansısa narahatlığının olması qəribədir. Qoy daha çox öz ölkələri daxilində vətəndaş müharibəsinin başlamasından narahat olsunlar! Xəyali deyil, real təhlükələri dəf etmək məsələləri ilə məşğul olmaq lazımdır! Pentaqon isə bunun əksini edir - təlimlərini öz ərazisində deyil, Rusiya sərhədləri yaxınlığında keçirir və Rusiyanın bu təlimlərlə bağlı narahatlığına əhəmiyyət vermir. Rusiya indikilər də daxil, öz ərazisindəki bütün təlimləri bir məqsədlə həyata keçirir - ölkəmizi və onun vətəndaşlarını təhlükələrdən qorumaq üçün.

- Rusiya Ukraynanı işğal etməyi planlaşdırmadığı barədə dünya ictimaiyyətinə hansı təminatları verə bilər?
- Bu təminatlar ondan ibarətdir ki, Rusiya Ukraynanın bütövlüyünü, o cümlədən, DXR və LXR-i onun tərkib hissəsi kimi tanıyır. Rəsmi Moskva Donbasdakı münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarının müddəalarına əməl edir və onların əzmlə yerinə yetirilməsini tələb edir. Belə olduğu halda başqa hansı zəmanətlərə ehtiyac var?

- Hazırda ABŞ və Rusiya arasında danışıqlar gedir və tərəflər mühüm məsələlərdə razılığa gələ bilməyiblər. Məsələn, NATO-nun genişlənməməsi məsələsində. Ən kritik məsələlərdə irəliləyiş əldə olunmasa, Rusiya-Amerika münasibətləri nə qədər irəli gedə bilər? Danışıqların dalana dirənməsi tərəflər arasında silahlı toqquşmaya səbəb olacaqmı?
- Silahlı qarşıdurma olmayacaq. Amma rəsmi Moskva ABŞ-a və müttəfiqlərinə hərbi təzyiq göstərməyə məcbur olacaq. Yeri gəlmişkən, ABŞ-la həmsərhəd olan Şərq hərbi dairəsində qəfil yoxlama da bu təzyiqi reallaşdırmaq üçün aparılır!

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: Rusiya   ABŞ   NATO  





Xəbər lenti