Gizlənən dəhşət: “Sürpriz” minalar nədir – Ədalət Verdiyevin yazısı

      Gizlənən dəhşət:    “Sürpriz” minalar nədir –    Ədalət Verdiyevin yazısı
  20 Yanvar 2022    Oxunub:8959
Vətən Müharibəsinin başa çatmasından aylar keçməsinə baxmayaraq, hələ də Azərbaycan vətəndaşları Ermənistanın ərazilərimizdə basdırdığı minalarda sağlamlıqlarını və ya həyatlarını itirməkdə davam edirlər. Ermənistan hökuməti dəqiq mina xəritələrinə malik olduğunu etiraf etsə də, bu məsələni siyasi şantaj predmetinə çevirib. İrəvan Azərbaycan vətəndaşlarının minada həlak olmasından zövq aldığını, mina terrorunu dövlət səviyyəsində dəstəklədiyini çəkinmədən nümayiş etdirir.
Ölümcül “sürpriz”

ANAMA-nın verdiyi məlumatlardan aydın olur ki, ermənilər “sürpriz” minalardan daha çox istifadə ediblər. “Sürpriz” minalar tank əleyhinə və digər minaların zərərsizləşdirilməsini mümkünsüz edən qurğu kimi nəzərdə tutulur. Bundan başqa, onlardan “əlavə yükdən azad olunma zamanı işə düşən mina tələsi” kimi istifadə edilməsi mümkündür. Bu metod əvvəlcə tank əleyhinə, onyn üzərində isə piyada əleyhinə minanın basdırılmasını nəzərdə tutur. Təlimatlar “sürpriz” minaların təmizlənməsini qadağan edir, çünki minatəmizləyənin həyatı üçün çox təhlükəlidir. Bu halda tank əleyhinə (və ya digər) minanı quraşdırıldığı yerdən çıxarmağa cəhd edəndə ilk növbədə alt hissədə yerləşdirilən “sürpriz” mina partlayır, bu da öz növbəsində üst tərəfdə yerləşdirilən əsas minanın partlamasına və ikiqat zərərin yaranmasına səbəb olur.


Tələ kimi istifadə edildikdə isə mina görünməyən yerdə - məsələn, açıq çuxurda quraşdırılır və onun üzərinə rəqibin marağına səbəb ola biləcək əşya qoyulur. Bu əşyanı (silahı, qutunu, sursat yeşiyini və s.) qaldıran və ya ondan (avtomobildən, rabitə vasitəsindən, nərdivandan və s.) istifadə edən zaman şəxsi heyət xəsarət alır.

Ermənistanın “sürpriz” mina istehsal etmədiyi məlumdur, buna görə də əvvəlcə onun istifadə etdiyi Rusiya minaları ilə tanış olaq. Hazırda Rusiya ordusu SSRİ zamanı hazırlanan “MS-3” minalarından istifadə edir. Onların istehsalı davam edir.

“MS-3” minasının yuxarı müstəvisinin mərkəzindəki çıxıntı və iş prinsipi istisna olmaqla, piyada əleyhinə “PMN” minasından heç bir fərqi yoxdur. PMN minası üzərindəki qapağa yük düşəndə partlayırsa, “MS-3” əksinə, üzərindən yük götürüldükdə partlayır. “MS-3” döyüş vəziyyətində daim yük altında olmalıdır.

“MS-3” sürpriz minasının quraşdırılması

“MS-3” minaları həm torpaqda, həm də qarda əl ilə quraşdırılır. Onun mexaniki minaquraşdırma vasitələrilə yerləşdirilməsi mümkün deyil. Minların aktiv döyüş müddətinə məhdudiyyət yoxdur. Mina özünü zərərsizləşdirmək üçün qurğu ilə təchiz olunmayıb. Çıxarıla və zərərsizləşdirilə bilməz.


MS-3 ilə birlikdə tank əleyhinə mina quraşdırarkən qazılan çuxurun dərinliyi əsas minanın sürprizin üstündəki çıxıntıya təzyiqlə basmasını və hər ikisinin görünməzliyini təmin etməlidir.

Döyüş vəziyyətinə gətirilməsi

Əsas minanın döyüş vəziyyətinə gətirilməsi üzrə bütün hərəkətlər yerinə yetirildikdən sonra əvvəlcə “MS-3”dən döyüş qoruyucusu çıxarılır, onun üzərinə əsas mina qoyulur, hər ikisi basdırılır və maskalanır. “MS-3”dən qoruyucu çıxarıldığı andan onun təhlükəsiz vəziyyətə qaytarılması mümkün olmur. Yavaşlama müddəti başa çatdıqdan sonra “MS-3” mütləq döyüş vəziyyətinə keçir. Əgər bu anda onun üzərində heç bir yük olmasa, “MS-3” partlayır.

“MS-3” sürpriz minasının üzərindəki yükün (əsas minanın) minimum kütləsi 3 kq. olmalıdır. MS-3-ün partlaması yükün (əsas minanın) 3-5 mm. yuxarı qaldırılması zamanı baş verir.
Ətraf mühitin +40 dərəcə temperaturunda döyüş qoruyucusunun çəkildiyi andan minanın döyüş vəziyyətinə keçməsinə 3 dəqiqə, -40 dərəcədə isə 59 saat tələb olunur.

Daşınması və tətbiqi

“MS-3” minaları hər qutuda 25 ədəd olmaqla qablaşdırılır. Qutunun ümumi kütləsi 22 kq. təşkil edir. Minanın “MD-9” partlayıcıları ayrıca daşınır. Döyüş şəraitində minalar partlayıcılarla təchiz olunaraq standart qutularında nəql edilə bilər.


“MS-3” minalarından SSRİ ordusu Əfqanıstanda geniş istifadə edib. Ermənistan tərəfindən Azərbaycan ərazilərində istifadəsi rəsmən təsdiqlənməyib, lakin hər şey göz önündədir…

“MS-3” minasının texnik xüsusiyyətləri

Minanın növü: yükdən azad olma nəticəsində işə düşən fuqas;
Korpusu: plastik;
Kütləsi: 550 qr;
Partlayıcının kütləsi (TNT): 200 qr;
Diametri: 11 sm;
Hündürlüyü: 5.3 sm;
Yük həssaslığı: 3 kq-dan az;
Tətbiq temperaturunun diapazonu: -40 ilə + 50 dərəcə arasında.

Ottava Konvensiyasındakı boşluq

Maraqlıdır ki, “MS-3” minaları heç bir şəkildə Ottava Konvensiyasının yurisdiksiyası altına düşmədiyi üçün qadağan olunmur. Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndində deyilir: “Piyada əleyhinə mina” dedikdə yaxınlıqdan, iştirakdan və ya insanın bilavasitə təsiri ilə yaranan partlayışdan eyni zamanda bir və ya bir neçə nəfərin fəaliyyət qabiliyyətini itirməsinə, şikəst olmasına və ya ölümünə səbəb olan mina başa düşülür”. Zərərsizləşdirilməsi mümkün olmayan və daha çox insan itkisinə səbəb olan “sürpriz” minaların qadağan olunması haqqında Konvensiyada heç nə yazılmayıb, buna görə də “sürpriz” qurğular piyada əleyhinə minalar kimi təsnif edilmir.

Başqa sözlə desək, Konvensiyaya görə, “MS-3” piyada əleyhinə mina deyil, zərərsizləşdirilməsi mümkün olmayan qurğu kimi dəyərləndirilir. Belə çıxır ki, “MS-3” “sürpriz” minasından piyada əleyhinə mina kimi istifa olunması Ottava Konvensiyanın pozulması sayılmır. Bu isə tamamilə absurddur və sağlam məntiq bu uyğunsuzluğun aradan qaldırılmasını tələb edir.

Ermənistan ödəməlidir

Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə müxtəlif konfiqurasiyalarda basdırdığı minalar vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıltmasına mane olmaq məqsədi daşıyır. Ermənistan minalı ərazilərin xəritələrni təqdim etsə də, böyük məbləğdə vəsait tələb edən təmizləmə əməliyyatını Azərbaycan dövləti öz vəsaiti hesabına həyata keçirir. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Döyüş meydanında məğlub olan Ermənistanın dinc sakinlərə qarşı müharibəni hələ də davam etdirir. Mövcud faktlar əsasında Ermənistanın məsliyyət daşıması üçün hüquqi prosedurlara başlamalı, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya və müavinət ilə bərabər, minaların təmizlənməsinə xərclənən vəsaiti də İrəvandan tələb etməliyik.

Nəticə

Tank əleyhinə minanın partlayıcı elementinin piyada əleyhinə mina ilə əvəz edilməsi onu həm texnikaya, həm də canlı qüvvəyə qarşı tətbiqinə imkan verir. Ermənistan 40 tonluq ağır texnikanı sıradan çıxarmaq qabiliyyətinə malik minalardan canlı qüvvəyə qarşı istifadə etməklə əsl cinayətkar simasını bir daha nümayiş etdirdi. “Sürpriz” metodu ilə basdırılan minaların partlaması zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı sıfıra bərabərdir. “Sürpriz” minaya düşənin hətta tikələrini toplamaq da çox vaxt mümkün olmur…


ANAMA-nın təqdim etdiyi statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. İstənilən halda minalı əraziyə giriş gec-tez ölüm və ya xəsarətlə nəticələnir. Xəsarət alan, həyatını itirən şəxlərın minalı ərazidən çıxarılması isə bəzən on saatlarla zaman tələb edir. Çünki onun yerləşdiyi əraziyə qədər cığır təmizlənməlidir, bunun üçün ANAMA-ya məlumat verilməlidir. Onlar da planlı fəaliyyətlərini dayandırmalı, müvafiq heyəti avadanlıq və nəqliyyatla təmin etməli, əraziyə gəlməlidir, baxış keçirib, hadisə yerinə qədər keçidin (çığırın) açılmasına başlamalıdır.

“Sürpriz” minaya düşən şəxsin tikələrini toplamaq isə daha geniş ərazinin təmizlənməsini tələb edir. Bu qədər müddət ərzində yaralı şəxsin sağ qalma ehtimalı da azalır. Onun ərazidən qarmaqla çıxarılması isə növbəti mina partlayışı ilə nəticələnə bilər, odur ki, keçidin açılmasından başqa çıxış yolu mövcud deyil.


Beləliklə, inşaat şirkətində çalışan sürücünün 1 dənə nar yemək və ya yaxın kənd sakininin dəmir qırıntısı toplamaq üçün yol verdiyi səhlənkarlıq həmin şəxslərin həlak olması, ən yaxşı halda ömürlük əlil qalması ilə nəticələnir. Odur ki, 1 ədəd nara və ya 5-10 manata görə yaxınlarımızı gözüyaşlı qoymalı deyilik.

Qanunsuz minalı ərazilərə giriş bir neçə dövlət qurumunu işdən ayırmaqla bərabər, ümumilikdə mina təmizləmə prosesini də ləngidir. Bu isə Qarabağa qayıdışı ən qısa müddətdə təmin etməyə çalışan Azərbaycan dövlətinin maraqlarına da ziddir.

Bir şeyi unutmaq olmaz: Ermənistan tərəfindən minaların fərqli kombinasiyada basdırılmasının əsas məqsədi daha çox insanın öldürülməsini təmin etmək üçün partlayış dalğasının gücünü maksimum artırmaqdan ibarətdir. Vətəndaşlarımız da Ermənistanın mənfur niyyətinin həyata keçməsinə imkan verməmək, yaxınlarını üzməmək və sağlamlıqlarını qorumaq üçün minalı ərazilərə daxil olmamalıdırlar.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Mina   Sürpriz-Mina  





Xəbər lenti