Əliyev və Putin nədən danışıblar? - Moskvadan baxış

   Əliyev və Putin nədən danışıblar? -    Moskvadan baxış
  20 Yanvar 2022    Oxunub:3421
“İnanıram ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı bir neçə mövzunu əhatə edib”. Bu sözləri AzVision.az-a G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, hərbi politoloq Aleksandr Perenciyev deyib.
Onun sözlərinə görə, güman ki, prezident Əliyev Putinə Kiyev səfərinin anti-Rusiya xarakteri daşımadığını, Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərə həsr olunduğunu izah edib. İkincisi, ola bilər ki, Əliyevin Kiyev səfəri zamanı Zelenski ondan müəyyən məlumatları Putinə çatdırmasını xahiş edib.
“Bakı Rusiya-Ukrayna böhranında vasitəçi ola bilər” – Nikolay Zamikula

- Üçüncüsü, İlham Əliyev Rusiya-Ukrayna münasibətlərinin nizamlanmasında xidmətlərini təklif edə, həmçinin Ukrayna ətrafında vəziyyətin yaxşılaşdırılmasında Türkiyənin imkanlarını izah edə bilər, - rusiyalı politoloq bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin cümə axşamı, yanvarın 18-də Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Putin və Əliyevin müzakirə etdiyi mövzular arasında Ukraynadakı vəziyyət də olub. “İlham Əliyevin Ukraynaya bu yaxınlarda etdiyi səfəri nəzərə alınaraq, dalana dirənmiş Ukraynadaxili nizamlanma məsələləri müzakirə edilib”, - Kremlin mətbuat xidmətinin bəyanatında deyilir.

Rusiya və Azərbaycan prezidentləri Rusiyanın ABŞ və NATO ilə təhlükəsizlik məsələləri üzrə danışıqlarını da müzakirə ediblər. Vladimir Putin Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün təminatların verilməsi məsələlərində ABŞ və onların müttəfiqləri ilə apardığı təmaslardan danışıb.

Putin və Əliyev KTMT qüvvələrinin Qazaxıstandakı sülhməramlı əməliyyatına da toxunublar. “Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi zamanı, xüsusən də KTMT sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə olunub”, - Kremlin mətbuat xidməti qeyd edib.

Məlumatda deyilir ki, Rusiya və Azərbaycan iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər:   İlham-Əliyev   Vladimir-Putin  





Xəbər lenti