Bakı + London + Ankara + 4... – Ədalət Verdiyevin yazısı

// Azərbaycanın da qoşula biləcəyi yeni formatın konturları görünür

   Bakı + London + Ankara + 4... –    Ədalət Verdiyevin yazısı
  08 Fevral 2022    Oxunub:4551
Ermənistan daim Azərbaycan-Böyük Britaniya əlaqələrinə qısqanclıqla yanaşıb. Çünki müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olan Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və işğal altındakı ərazilərini azad etmək üçün apardığı haqlı mübarizəni daim dəstəkləyib. İki tərəfdaş ölkə arasındakı əlaqələr tarixi və strateji xarakter daşıyır. Bu il diplomatik münasibətlərin yaranmasının 30-cu ildönümü qeyd ediləcək. Vətən Müharibəsindən sonra isə əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyub.
27 ildir uğurla icra edilən “Əsrin müqaviləsi” Azərbaycanın həm hərbi, həm də iqtisadi inkişafında mühüm rol oynayıb. Böyük Britaniya Azərbaycanda təhsil, tibbi xidmətlər və əlilliyi olan insanların məşğulluq imkanları üçün layihələr də həyata keçirib. Qarabağa bir neçə dəfə səfər edən britaniyalı diplomatlar erməni vəhşiliyinin nəticələrini gözlərilə görüb, qınayıb və yenidənqurma işlərində Britaniya şirkətlərinin xidmətlərini təklif ediblər. Böyük Britaniyanın “Champan Taylor” şirkətinin Şuşanın Baş planının hazırlanması üzrə tenderin qalibi olması, Azərbaycan Energetika Nazirliyi ilə BP arasında Qarabağda günəş elektrik stansiyasının tikintisinə dair saziş imzalanması, ərazilərin minalardan təmizlənməsində Britaniyadan olan mütəxəssislər ANAMA-ya dəstək vermələri, Agentliyin əməkdaşlarına təlim keçməklə mina sahələrinin xəritəsini müəyyənləşdirmək üçün innovativ dron texnologiyasından istifadə etməkdə yardımçı olmaları və s. işğalçı Ermənistanı narahat edən məsələlər siyahısına daxildir.

Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatında yaxından iştirak edən Böyük Britaniya şirkətləri bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm-təhsil və digər sahələrinə də diqqəti artırıblar. Hazırda Azərbaycan ilə Britaniya 14 müxtəlif sahədə əməkdaşlığı uğurla davam etdirir. Böyük Britaniyanın Azərbaycan hökumətinə Qarabağda yenidənqurma işlərində iştirak etməkdə maraqlı olan şirkətlərin siyahısını təqdim etməsi barədə həmin ölkənin Azərbaycandakı səfiri Ceyms Şarpın açıqlaması, gözlənildiyi kimi, Ermənistanda birmənalı qarşılanmayıb. İşğalçı ölkə Britaniyanın rəsmi səviyyədə “azad edilən ərazilər” ifadəsini işlətməsini və bu əraziləri “Qarabağ” adlandırmasını heç cür həzm edə bilmir. Hərçənd, buna etiraz etməyə çalışarkən Ermənistan hakimiyyətinin istinad edəcəyi hansısa beynəlxalq sənəd də yoxdur.

Ermənistanın təhlükəsizliyinə zəmanət verən Rusiyanın Böyük Britaniya ilə münasibətlərinin gərgin olması fonunda Türkiyənin Ukraynaya birmənalı dəstəyinə qarşı Kremlin susqunluğu da İrəvanı dərindən narahat edir. Rusiya rəsmilərinin və şirkətlərinin Britaniyadakı aktivlərinin yeni sanksiyalar haqqında qanun layihəsinə uyğun olaraq dondurulacağı da artıq aydındır. Britaniya “Ukraynaya təcavüzə” cavab olaraq Rusiyaya qarşı “ən sərt sanksiyalar rejimini” artıq hazırlayıb.

Hadisələrin sürətli inkişafı fonunda Böyük Britaniya, Türkiyə, Azərbaycan, Gürcüstan, Polşa, Macarıstan və Ukrayna arasında yeni əməkdaşlıq formatının yaradılması ehtimalı artır. Adı çəkilən ölkələr arasında ikitərəfli və üçtərəfli formatda müxtəlif sahələr üzrə, o cümlədən, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq uzun müddətdir ki, uğurla davam edir. Bu əməkdaşlığın nümunələri nəinki Ermənistan, istənilən işğalçı ölkə üçün qorxulu reallıqdır.

Böyük Britaniya, Türkiyə, Azərbaycan, Gürcüstan, Polşa, Macarıstan və Ukrayna əməkdaşlığı sayəsində yaradılması ehtimal olunan “yeddilik” formatı gələcəkdə sülh və təhlükəsizliyə töhfə verən digər ölkələr üçün də açıq olacaq.

Türkiyə hazırda bu ölkələrin hər birilə sıx əlaqələrə malikdir və formatın yaradılmasında daha maraqlı görünür.
Yeni Türkiyə silahlarına digər ölkələrin daha ciddi maraq göstərməsi, əməkdaşlığın hərb-texniki platformasında Ankarının aparıcı rol ala biləcəyini ehtimal etməyə əsas verir. Türkiyənin Ukrayna ilə azad ticarət sazişini imzalaması və Ukraynada Türkiyə PUA-larının yerli istehsalına başlanması da proseslərin sürəti inkişafını göstərir. Yeni format Türkiyə ilə bəzi fikir ayrılıqlarına baxmayaraq, ABŞ tərəfindən də birmənalı şəkildə dəstəklənir.

Azərbaycan və Türkiyə əlaqələndirilmiş şəkildə məqsədyönlü fəaliyyətləri ilə həm ciddi potensiala malik ölkələrlə əməkdaşlığı genişləndirir, həm də Ermənistana qonşularla münasibətlərini normallaşdırması üçün şans verirlər. Bu şansdan ən qısa zamanda yararlanmaq isə Ermənistanın seçimidir, çünki bu təkliflər uzun müddət masada olmayacaq. 30 il Rusiyanın yanında yer alan Ermənistanın bundan sonra da eyni mövqedə qalması orta perspektivdə onun iqtisadi cəhətdən tükənməsinə gətirib çıxaracaq. Odur ki, Ermənistanın qonşularla normal münasibətlər qurmaqdan başqa çıxış yolu yoxdur.

Hələlik Ermənistan prosesləri kənardan qısqanclıqla izləyən əlacsız müşahidəçi rolundadır. O, strateji müttəfiqini gözləyən yüz milyardlarla dollarlıq iqtisadi itkiləri hesablamaqla məşğuldur. Hesablama prosesinin davam edəcəyi müddətdə Ermənistan dalandan çıxmayacaq. Sanksiyalar Rusiyadan asılı olan Ermənistan üçün də ziyansız ötüşməyəcək.

Başqa sözlə desək, Ermənistan qonşularına qarşı əsassız iddialarına görə hələ də bütün regional və beynəlxalq platformalardan kənarda qalmaqda davam edir. 30 illik işğalın və “qonşu ərazisinin mina tarlasına çevrilməsi planının” müəllifi olan Ermənistanın kapitulyasiya aktını imzaladıqdan 15 ay sonra Azərbaycan ilə sərhədlərin təyin olunması yönündə yeni təklif irəli sürməsi İrəvanın dalandan çıxmaq niyyətində olmadığını göstərir. Böyük Britaniya, Türkiyə, Gürcüstan, Polşa, Macarıstan və Ukraynadan başqa, Türk Dövlətləri Təşkilatı, İƏT, Qoşulmama hərəkatı kimi qurumlardan biri və ya bir neçəsi Ermənistanı imzaladığı bəyanata əməl etməyə çağırsa, İrəvanın cavabı nədən ibarət olacaq?

Yaxud Azərbaycan birgə Bəyanatın şərtlərinə uyğun olaraq, Ermənistanla sərhədləri bərpa etməyə başlasa fərari erməni ordusu buna nə ilə qarşılıq verəcək? Ümumiyyətlə Ermənistandan reaksiya olacaq, yoxsa Qarabağda, Zəngəzurda və ya son dəfə Qarakilsədə olduğu kimi yenə fərari ordusu quyruğunu qısıb, geri çəkiləcək?
Ermənistanın bu süallar üzərində düşünməsi vacibdir. Amma ən qısa müddətdə və real addımlarla cavab vermək şərti ilə...

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Geosiyasət  





Xəbər lenti