“Ukraynada müharibə başlasa, dünya acından öləcək” - Muhammed Kutlu (Müsahibə)

   “Ukraynada müharibə başlasa, dünya acından öləcək” -    Muhammed Kutlu (Müsahibə)
  16 Fevral 2022    Oxunub:4452
“ABŞ və müttəfiqləri müharibənin başlaması üçün əllərindən gələni ediblər”. Bu sözləri AzVision.az-a müsahibəsində “Yeni Akit” qəzetinin Ankara xəbər müdiri Muhammed Kutlu deyib. O bildirib ki, ABŞ və NATO azı 5 ildir Ukraynaya silah göndərirlər. Bu da Rusiyanı sərhəd boyu toplaşmağa məcbur və təhrik edir.
-Ukrayna ilə Rusiya arasında baş verəcək müharibə kimə sərf edəcək?
- Rusiya-Ukrayna böhranı qərb ölkələrinin, xüsusilə ABŞ, İngiltərə və Almaniyanın regionun inkişafının qarşısını almaq üçün yeni intriqasıdır. Sovet İttifaqı dağılandan sonra tələm-tələsik ayrılan ölkələrin arasında müxtəlif sərhəd münaqişələrinin yaranması normaldır. Bu problemlər Rusiya ilə Ukrayna arasında da mövcuddur. Ancaq bunun müharibə ilə həlli region ölkələrinin, xüsusən də əsas aktorların fəlakəti olacaq. Birinci və ikinci Körfəz müharibələri region ölkələrini viran qoyduğu kimi. Bu müharibələr Türkiyənin ticarət və sənaye inkişafını ən azı 20 il gecikdirmişdi. Bu səbəbdən, Rusiya ilə Ukraynanın genişmiqyaslı müharibəyə girişməsi heç bir ölkəyə fayda verməyəcək. Bundan yalnız ABŞ və Aİ-də yerləşən silah şirkətləri faydalanacaqlar.

- Müharibə baş verərsə, region və dünya hansı təhlükə ilə üzləşə bilər?
- Ukrayna münbit torpaqları və əlverişli iqlim şəraiti ilə kənd təsərrüfatı sahəsində dünyada ən yüksək istehsal potensialına malik ölkələrdən biridir. Ukrayna təkcə Avropa deyil, həm də dünya üçün "çörək səbəti" sayılan bir ölkədir. Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin son məlumatlarına görə, 7,6 milyon hektar yazlıq taxıl olmaqla, 2021-ci ildə 15,5 milyon hektar taxıl əkilib. Kənd Təsərrüfatı Nazirliyi ötən mövsüm 45,4 milyon ton olan taxıl ixracını 2021/22 mövsümü üçün 50-53 milyon ton səviyyəsində qiymətləndirir. Lazımi infrastruktur və mexanizasiya sərmayələri qoyularsa, Ukraynanın taxıl istehsalında təkbaşına 100 milyon ton kimi böyük bir rəqəmə çatmaq potensialı var.


Rusiyada 2021-22-ci illərdə buğda istehsalının 75,5 milyon ton, ixracının isə 36 milyon ton olacağı gözlənilir. ABŞ Kənd Təsərrüfatı Departamentinin araşdırmalarında 2021-22-ci ilərdə Ukrayna buğda istehsalının 33 milyon tona çatacağını və bunun təxminən 24,2 milyon tonunun xaricə göndəriləcəyini təxmin edilir. Beləliklə, 2021-22-ci illərdə Ukraynanın buğda istehsalı və ixracı müvafiq olaraq 30 faiz və 44 faiz artacaq.

Bütün bunları nəzərə aldıqda, kənd təsərrüfatı sahəsində mühüm rola malik iki ölkənin müharibəsi sözsüz ki, bölgəyə və bütün dünyaya mənfi təsir göstərəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu faktları gözardı etməyərək, vasitəçi rolunu üzərinə götürdü. Məhz bu məqsədlə öncə Ukraynaya səfər etdi. Ardınca da Rusiya prezidenti Vladimir Putini İstanbula dəvət etdi.

Türkiyə həm də sülhsevər təşəbbüslərini nümayiş etdirir. Madam ki, Qərb dövlətləri müharibə istəyirlər, biz region ölkələri dayanmadan sülhə can atmalıyıq. Çünki bölgədə müharibə başlasa, dünya əvvəlcə acından öləcək, sonra isə batacaq. Amerikalıların özlərinin məsəlində deyilir ki, “Bir dərədə iki balıq döyüşürsə, demək, oralardan uzunayaqlı ingilis keçib”.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   ABŞ  





Xəbər lenti