Canavarlar üçün “Kobra” – Ədalət Verdiyevin yazısı

   Canavarlar üçün “Kobra” –    Ədalət Verdiyevin yazısı
  17 Fevral 2022    Oxunub:6318
Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və hərbi texnikaya baxışı zamanı bir neçə yenilik diqqətimizi cəlb etdi. Xüsusilə də “Cobra II” zirehli personal daşıyıcısını (ZPD) və “Grey Wolf” markalı avtomatik tüfənglərin Daxili Qoşunlarınn silahlanmasına qəbul edildiyini gördük.
Ali Baş Komandana əvvəlki səfərlərinin birində “Corner Shot” silahının təqdim edildiyini izləmişdik. Bu silah barədə növbəti məqalələrimizin birində danışacağıq. İndi isə Türkiyənin “Otokar” şirkətinin “Cobra II” ZPD-ləri barədə oxuculara geniş məlumat verəcəyik.

Baza versiyası

“Cobra” maşınlarının istehsalına 1998-ci ildə başlanılıb. “Otokar” şirkətiinin ilk baza versiyası olan “Cobra” maşınları avtomatik sürətlər qutusuna, müstəqil asqıya, şinlərin təzyiqini nizamlama sisteminə və turbodizel mühərrikə malikdir. ABŞ-ın HMMWV şassisi üzərində qurulan çoxməqsədli üzən zirehli vasitələr ilkin versiyada 6 nəfərlik heyətin daşınması üçün nəzərdə tutulurdu.

Cobra II

İlk dəfə keçən il İstanbulda keçirilən IDEF-21 Beynəlxalq Müdafiə Sənayesi Sərgizində ictimaiyyətə nümayiş etdirilən “Cobra II” maşınları zirehli taktiki personal daşıyıcıları sinifinə aiddir.


“Cobra II” sələfi kimi 4x4 təkər formulasına malik olsa da, ilk versiyadan əsasən daha güclü mühərrik, üstün qorunma, fərqli dizayn və daha çox sayda heyətin daşımaq üçün geniş daxili həcmi ilə seçilir.

İstehsalçı

Daxildəki cəngavərlər: "Pələng", "Şahin", "Bəbir", "Əqrəb...
Türkiyənin quru sistemlər istehsalçısı olan “Otokar” şirkəti “Koç Group” şirkətlər qrupuna daxildir. Hazırda “Otokar”ın təxminən 35 minə yaxın hərbi maşınları NATO ölkələri də daxil olmaqla 35-dən çox ölkədə 55-dən çox istifadəçiyə xidmət göstərir. Onlardan biri də Azərbaycan Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarıdır. “Otokar” şirkətinin zirehli vasitələri NATO və BMT qüvvələri tərəfindən aktiv istismar edilir. Şirkət “Cobra” ailəsi ilə bərabər, APV, “Defender”, “Akrep”, “Ural”. “Kaya”, “Kale”, “Arma” və “Yavuz kimi zirehli vasitələri bir neçə versiyada istehsal edir.

İmkanları və təchizatı

Ballistik, mina və kustar partlayıcı maddə təhdidlərinə qarşı üstün qorunması sayəsində yüksək səviyyədə təhlükəsizlik təmin edən tam ötürücülü “Cobra II” daşıyıcıları, ən çətin ərazi və iqlim şəraitində yüksək texniki xüsusiyyətlər nümayiş etdirir.

Minaya qarşı zirehə malik yeni “Cobra” taktiki zirehli maşınları 10 əsgəri 700 km-ə qədər məsafəyə daşımaqla bərabər, damında müxtəlif döyüş modullarına və beş qapılı korpusa malik personal daşıyıcısı funksiyalarını yerinə yetirən zirehli vasitə kimi də istismar edilə bilər. Sifarişçiyə seçim üçün 281 və ya 360 at gücündə “Cummins” dizel mühərrikləri təklif olunur. Standart avadanlıqlar dəstinə altı pilləli avtomatik sürətlər qutusu, tam kilidlənən diferensial, müstəqil yaylı asqı, diskli əyləc, ABS, şinlərin mərkəzi doldurma sistemi, videokameralar, kondisioner və s. daxildir.


Geniş silah dəstinin inteqrasiyası “Cobra II” maşınlarından daxili təhlükəsizlik, sərhəd mühafizəsi, döyüş və ya sülhməramlı əməliyyatlar kimi bir çox vəzifələri yerinə yetirilməsinə imkan yaradır.

Versiyaları

“Cobra II” maşınlarından personal daşıyıcı, MRAP, silah platforması, quruda müşahidə RLS-i, kəşfiyyat patrul maşını, komanda-idarəetmə vasitəsi və təcili yardım maşını versiyasında istehsal edilə kimi fəaliyyətləri icra edə bilər. “Cobra II” açıq arxitekturaya malikdir və sifarişlə həm üzən, həm müxtəlif vəzifələrə uyğun fərqli silahlarla və ya bütün versiyalarda dartma (vinç) qurğusu ilə istehsal edilə bilər. 5 qapılı konfiqurasiyada "Cobra II" ekipaj daxil olmaqla 11 nəfərdən, 3 qapılı konfiqurasiyada isə eyni şərtlər daxilində 9 nəfərdən ibarət şəxsi heyəti daşıya bilir.

Silahlanması

Minaya qarşı zirehlənməyə malik vasitənin damında 7.62 mm və ya 12.7 mm-lik pulemyot, 20 və ya 25 mm-lik top, 30 mm-lik avtomatik qumbaraatan və ya “Spike” tipli tank əleyhinə idarəolunan raket kompleksi yerləşdirilə bilər. Tuşlayıcının əsas silahı məsafədən, yəni maşının üstündəki silahı, vasitənin daxilindən idarə etməsi üçün sifariş əsasında əlavə avadanlıqla təchizatı da mümkündür.

İstifadəçiləri

“Cobra” maşınlarının ilk versiyada Azərbaycan təhlükəsizlik qüvvələrinin silahlanmasında istifadə olunması daha əvvəldən məlum idi, lakin “Cobra II”-nin Azərbaycana ixracı ilə bağlı əvvəllər heç bir məlumat mövcud deyildi.


Hazırda “Cobra” zirehli vasitələrindən Türkiyə, Azərbaycan, BMT, Əlcəzayir, Gürcüstan, Pakistan, Qazaxıstan, Kosova, Malayziya, Maldiv adası, Nigeriya, Sloveniya, Peru, Mavritaniya, Şimali Makedoniya, Monteneqro, Ruanda, Birləşmiş Ərəb Əmirlikləri, Bangladeş və Bahreyn aktiv istifadə edir. Banqladeşin və Pakistanın sifarişləri yerinə yetirilir. “Cobra”nın standart versiyasının təxminən 200.000 ABŞ dollarından ucuz olmadığı ehtimal olunur. Bu rəqəm konfiqurasiyaya görə dəyişə bilər. Ümumilikdə, indiyə qədər 15 ölkə üçün 3000-dən çox “Cobra” istehsal edilıb.

Döyüş tətbiqi

“Cobra” zirehli vasitələrininin ilk versiyasından Vətən müharibəsində istifadə etmişik. Bundan başqa Əfqanıstanda, Pakistanda, Gürcüstanda, Suriyada, Nigeriyada və Burkino Fasoda aparılan döyüş əməliyyatlarında “Cobra”dan istifadə edilib, bəzi ərazilərdə bu davam edir.


Taktiki-texniki xüsusiyyətləri

Heyəti:
- 3 qapılı versiyada 9 nəfər (1 sürücü, 1 komandir, 1 atıcı, 6 əsgər)
- 5 qapılı versiyada 11 nəfər (1 sürücü, 1 komandir, 1 atıcı, 6 əsgər)
Çəkisi: 13500 kq (tam ziehli MRAP versiyasında 18000 kq)
Uzunluğu: 6,4 metr
Eni: 2,5 metr
Hündürlüyü: 2,3 metr
Yerin hündürlüyü: 0,4 metr
Mühərrik: 281 və ya 360 at gücünə malik turbodizel
Maksimum sürət: 110 km/saat
Suda sürəti: 8 km/saat
Aşılan maneələrin maksimum hündürlüyü: 1 metr
Maksimum yana əyilmə: 30%
Maksimum yoxuşa dırmanma: 60%
Aşılan şaquli maneə hündürlüyü: 0,5 metr
Aşılan xəndək eni: 1 metr
Ehtiyat məsafə: 700 km
Aparıcı təkər sayı: 4 ədəd
Ekipaj: 3 nəfər.

Ədalət Verdiyev, hərbi ekspert


Teqlər:   Daxili-Qoşunlar  





Xəbər lenti