“Azərbaycan KTMT-də müşahidəçi ola bilər” - Aleksandr Perenciyev (Müsahibə)

   “Azərbaycan KTMT-də müşahidəçi ola bilər” -    Aleksandr Perenciyev (Müsahibə)
  23 Fevral 2022    Oxunub:2744
“Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanan Müttəfiqlik Bəyannaməsi rəsmi münasibətlərdə aydın və dəqiq qaydalar təqdim edir. Münaqişə risklərinin azaldılması mexanizmlərini təklif edir və Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının əsas istiqamətlərini göstərir”.
Bu sözləri Azvision.az -a müsahibəsində hərbi politoloq, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Bəyannamə ölkələrimiz və xalqlarımız arasında münasibətlər sferasında bütün aktorlar və institutlar, o cümlədən, Rusiyada yaşayan azərbaycanlılar üçün təlimat və anlaşma xarakteri daşıyır.

- Bəyannamə beynəlxalq həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sferalarında, ilk növbədə Cənubi Qafqaz regionunda və bütün post-sovet məkanında baş verən hadisələrin qiymətləndirilməsinin və əlaqələndirilməsinin mexanizmlərini müəyyən edir. Bundan başqa, dövlət orqanlarının, təkcə mərkəzi/federal deyil, həm də hər iki tərəfdən bir-biri ilə qarşılıqlı əlaqədə olan regional, siyasi və ictimai strukturlarının fəaliyyətinin hüquqi əsasını təşkil edir.

- Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamənin imzalanması niyə məhz indi baş tutdu?
- Hesab edirəm ki, bu, rəsmi Bakı ilə Moskva arasında münasibətlərdə dəqiq “oyun qaydaları”nın müəyyənləşdirilməsi, onları mütərəqqi şəkildə inkişaf etdirmək və müxtəlif növ pozuntuların qarşısını almaq zərurətindən irəli gəlir. Eyni zamanda, beynəlxalq hüququn digər subyektləri də bu oyun qaydaları ilə tanış olmalıdırlar ki, hərəkətlərinin Rusiya-Azərbaycan münasibətlərinə təsir edib-etməyəcəyini nəzərə alsınlar.

Cənubi Qafqazda, Dağlıq Qarabağ regionunda və Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr onları daim əlaqəli şəkildə qiymətləndirməyi tələb edir. Amma bunun üçün koordinasiya qaydaları yaradılmalıdır. Hazırda Cənubi Qafqazda və bütün postsovet məkanında gedən proseslər (siyasi, iqtisadi və s.) müxtəlif münaqişələrin və ziddiyyətlərin həllinin aktiv mərhələsinə qədəm qoyur. Ona görə də, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında aydın institusional əlaqənin formalaşdırılması zərurəti yarandı ki, onlar arasında ümumi olmasa da, heç olmasa razılaşdırılmış mövqe formalaşsın.

- Bəyannamənin bir neçə bəndi ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsini əhatə edir. Necə düşünürsünüz, bu maddələr Azərbaycanın KTMT-yə inteqrasiyasına yol açırmı?
- Bəli, Bəyannamənin bu bəndləri həqiqətən də KTMT ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq mexanizmlərinin formalaşmasına öz töhfəsini verəcək. Amma rəsmi Bakı çətin ki bu hərbi-siyasi bloka üzv olmaq istəsin. Hesab edirəm, hər iki tərəf üçün əməkdaşlığın ən əlverişli forması Azərbaycan Respublikasına KTMT-nin tərəfdaşı statusunun verilməsi ola bilər. Müqayisə üçün rəsmi Bakının Azərbaycanın üzv olmadığı və məhz tərəfdaş statusunda əməkdaşlıq etdiyi ŞƏT ilə qarşılıqlı əlaqəsini misal göstərmək olar.

Bununla belə, rəsmi Bakının KTMT-də müşahidəçi də ola biləcəyini düşünürəm. Bu status təşkilatla tərəfdaşlıqdan daha sıx qarşılıqlı əlaqə deməkdir. Azərbaycanın KTMT ilə qarşılıqlı fəaliyyəti, hətta tərəfdaş, müşahidəçi statusunda olsa belə, istənilən halda rəsmi Bakının postsovet məkanında mövqelərinin möhkəmlənməsinə, Dağlıq Qarabağda vəziyyətin yaxşılaşmasına, eləcə də Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya proseslərinin sürətlənməsinə kömək edə bilər.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   KTMT  





Xəbər lenti