Xalq artistinin 90 illiyi keçirilib

Xalq artistinin  90 illiyi keçirilib
  11 Aprel 2014    Oxunub:1465
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Filarmoniyadan verilən məlumata görə, iştirakçılar foyedə Ş. Axundovaya həsr olunan fotosərgi ilə tanış olublar.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Ş. Axundova Azərbaycan musiqisinin ustad novatorlarındandır: “Şəfiqə Axundova “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk edib. Bu əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünə həmişə layiqli yer tutub”.

Nazir müavini qeyd edib ki, bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb: “Lakin bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və digər populyar müğənnilərimizin repertuarlarında əsas yer tutub və bu gün də sevilə-sevilə ifa olunur”.

Xatirə gecəsində Azərbaycan dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.


Teqlər:  





Xəbər lenti