Zülmətə saniyələr qalır - Ədalət Verdiyevin yazısı

// Bəşəriyyət nüvə faciəsinin astanasındadır

   Zülmətə saniyələr qalır -    Ədalət Verdiyevin yazısı
  03 Mart 2022    Oxunub:4047
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxilənin 4-cü günündə Kremldə müdafiə naziri Şoyqunu və baş qərargah rəisi Gerasimovu qəbul edərkən Qərbin sərt bəyanatlarına cavab olaraq, Rusiya ordusununu “çəkindirmə qüvvələrini xüsusi rejimə keçirmək” barədə verdiyi tapşırıq hələ uzun müddət müzakirə olunacaq bir hadisədir.
Ukraynda baş verənlər və Belarus ərazisindən Ukraynaya zərbələr endirilməsi fonunda Rusiya Prezidentinin belə bir tapşırıq verməsi barrikadanın əks tərəfində yer alan ölkələri daha sərt addımlar atmağa sövq etdi. Bütün qərb ölkələri maliyyə sanksiyaları ilə bərabər, Ukraynaya ağır silahların və aviasiya vasitələrinin təchizatı barədə qərarlar qəbul etdilər. Bolqarıstan 30 ədəd, Polşa 29 ədəd, Slovakiya isə 12 ədəd SSRİ istehsalı olan döyüş təyyarələni Ukraynaya verməyə razı oldu. Bu təyyarələrin Polşa sərhədinə yaxın hava limanında yerləşəcəyi və ukraynalı pilotların uçuşları oradan həyata keçirəcəkləri gözlənilir. Britaniya isə ağır zirehli vasitələrini Ukrayna sərhədlərinə doğru göndərib. Digər Qərb ölkələri sanksiyalarla bərabər Ukraynanın silahlanması üçün addımlar atırlar.

Yanvarın 25-də AzVision.az-da dərc olunan məqaləmdə Ukraynada baş verə biləcək hadisələrə dair ehtimallarımı yazmış və Kiyevə qarşı yürüdülən siyasəti “barıt çəlləyinə” bənzətmişdim. Məqalənin yazılmasından tam 1 ay sonra başlayan döyüş əməliyyatları cəmi 5 gündə genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinə çevrilib. “Barıt çəlləyinin” partlaması və 3-cü Dünya Müharibəsinin başlamaq təhlükəsi isə maksimuma çatıb. Əslində bu müharibə barrikadanın bir tərəfindən aktiv, digər tərəfdən isə passiv rejimdə çoxdan başlayıb. Rusiyanın Belarusun ərazisindən istifadə etməsinə icazə verməsi Qərb tərəfindən KTMT-nin NATO-nun müttəfiqinə qarşı müdaxiləsi kimi dəyərləndirildi. Son 60 ildə ilk dəfə Rusiya ordusunun çəkindimə qüvvələri döyüş növbətçiliyi rejiminə keçirildi. Bu qərar bütün dünya üçün real təhdiddir, çünki çəkindirmə qüvvələrinin silahlanmasına adi döyüş başlıqlı raketlərlə bərabər, nüvə başlıqlı silahlarının hava, dəniz və quru növləri daxildir.

Ukraynaya müdaxilə və bu müdaxilə zamanı çəkindirmə silahlarının mümkün tətbiqi yəqin ki, əvvəlcədən planlaşdırılıb. Belə qərarlar ekspromt verilə bilməz. Bunu Rusiyanın Belarus ərazisində başa çatan “Müttəfiq Qətiyyəti-2022” təlimlərindən sonra qoşunların yerində qalması, strateji çəkindirmə qüvvələrinin müharibədən 1 həftə əvvəl keçirilən genişmiqyaslı təlimləri də təsdiqləyir.

Belarus mövcud gərginliyi bir qədər azaltmaq üçün ərazisində hər iki tərəfin görüşünü təşkil etdi. Çünki nüvə silahının və sanksiyaların tətbiqi Belarusdan da yan ötməyəcək. ABŞ və Rusiyanın sərt ritorikası planeti nüvə silahlarının tətbiqi ilə müşahidə ediləcək növbəti Dünya müharibəsinin astanasına gətirib. Hazırda Ukraynadakı əməliyyatlar əvvəlki iki Dünya müharibəsinin başladığı ərazilərin yaxınlığında gedir. Nüvə müharibələrində qalib olmur, çünki zərbə və əks zərbə hər iki tərəfin potensialını yox edəcək.

Strateji Çəkindirmə Qüvvələri nədir?

Rusiyanın Strateji Çəkindirmə Qüvvələri (SÇQ) Rusiya Federasiyasına və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq, habelə təcavüzkarı darmadağın etmək üçün nəzərdə tutulub. Strateji Raket Qüvvələri isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun növüdür. Strateji Raket Qüvvələri mümkün təcavüzün nüvə çəkindirməsi üçün nəzərdə tutulub.
Strateji Çəkindirmə Qüvvələri Rusiya Silahlı Qüvvələrinin döyüş gücünün əsasını təşkil edir. SÇQ öz vəzifələrini nüvə də daxil olmaqla, müxtəlif növ silahlardan istifadə etməklə yerinə yetirə bilər. Strateji Çəkindirmə Qüvvələrinin tərkibinə Strateji Hücum Qüvvələri (SHQ) və Strateji Müdafiə Qüvvələri (SMQ) daxildir.


Qitələrarası ballistik raket (QABR) və aviasiya sistemləri ilə təchiz edilən Strateji Hücum Qüvvələri Strateji Raket Qüvvələrinin tərkibində fəaliyyət göstərən strateji nüvə triadasının əsasını təşkil edir. Strateji Hücum Qüvvələrinin tərkibinə ikili təyinatlı qüvvələr kimi fəaliyyət göstərən strateji qeyri-nüvə qüvvələri - strateji və uzaqmənzilli bombardmançı birləşmələr və hissələr, həmçinin gəmilər, sualtı qayıqlar və Hərbi Dəniz Qüvvələrinin adi uzaqmənzilli dəqiq silahlara malik aviasiya da daxildir.

Strateji Müdafiə Qüvvələrin tərkibinə isə raket və kosmik müdafiə vasitələrinə, o cümlədən, raket hücumundan xəbərdarlıq sisteminə, kosmik idarəetmə sisteminə, raket əleyhinə müdafiə və kosmosdan müdafiə vasitələrinə malik birləşmələr daxildir. Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda göstərilir ki, bundan əlavə, hava hücumundan müdafiə qoşunlarının qüvvə və vasitələrinin bir hissəsi Strateji Müdafiə Qüvvələrin tərkibinə daxildir.

Cəbbəxanada nələr var?!

Hazırda Rusiya Strateji Raket Qüvvələrinin əsas zərbə qüvvəsi RS-24 “Yars” raket kompleksləridir. Açıq mənbələrdən əldə edilən məlumatlara görə, onların həm mobil, həm də şaxta verisyasında ümumi sayı yüzə yaxındır. 2024-cü ilə qədər Rusiyanın müvafiq hissə və bölmələrini bu silahlara tamamilə keçirəcəyi planlaşdırılırdı. “Yars” raketlərinin uçuş məsafəsi 11 min kilometrdir. Raketlərin bütün mövcud raketdən müdafiə sistemlərini yararaq keçə bildiyi iddia olunur. Raketin hər bir döyüş başlığı fərdi hədəfə yönəldilə bilir. Bu komplekslər Rusiyanın nüvə triadasının quru komponentini təşkil edir.Bundan əlavə, Rusiyanın “Avangard” hipersəs komplekslərini də döyüş növbətçiliyinə çıxarmasına dair məlumatlar mövcuddur.


Bundan başqa Rusiya Aerokosmik Qüvvələrinin “Tu-95MS” və “Tu-160” təyyarələri nüvə və adi silahlarla düşmən ərazilərinin dərinliklərində yerləşən ən mühüm hədəfləri məhv etmək üçün nəzərdə tutulub. “Tu-22M3” uzaqmənzilli səsdən sürətli raket daşıyan bombardmançıdır, idarə olunan raketlər və bombalar ilə həm dəniz, həm də yer hədəflərini məhv etmək üçün nəzərdə tutulur. Hər 3 bombardmançı uzaqmənzilli aviasiyaya aid olmaqla bərabər, Rusiyanın nüvə triadasının hava komponenti təşkil edir.

Rusiya Hərbi Dəniz Qüvvələrinin dördüncü nəsil “Borey” atom sualtı qayıqları da hazırda döyüş növbətçiliyindədir. Onların hər birində 16 ədəd “Bulava” qitələrarası ballistik raketi mövcuddur. Bu sualtılar Rusiyanın nüvə triadasının dəniz komponentini təşkil edir.

Strateji Müdafiə Qüvvələrinin əsasını isə S-400 “Triumf” divizionları təşkil edir. S-500 “Prometey” zenit raket sistemləri 6 il əvvəl silahlanmaya qəbul edilməli olsa da, hələ də sınaq mərhələsindədir.

Beləliklə, hazırda Rusiyanın nüvə triadasının quru komponenti 1022 nüvə başlıqlı qitələrarası ballistik raketə malikdir, onlardan 292 ədədi yeni “Yars-24” sinifinə aiddir.


Rusiyanın nüvə triadasının dəniz komponenti 704 nüvə başlıqlı qitələrarası ballistik raketə malikdir, onlardan 288 ədədi yeni PSM-56 sinifinə aiddir.

Rusiyanın nüvə triadasının hava komponenti 808 nüvə başlıqlı qanadlı raketə malikdir, onlardan 292 ədədi yeni sinifinə aiddir.

1 sentyabr 2018-ci il tarixinə Rusiyanın strateji nüvə qüvvələri 517 strateji buraxılış qurğusunda 1420 nüvə başlığına malik idi, yerləşdirilmiş və yerləşdirilməmiş buraxılış qurğularının ümumi sayı isə 775 ədəd idi.

Açıq mənbələrdəki rəqəmlər arasında fərq bu barədə rəsmi məlumatların olmaması və ya mövcud mənbələrdə bu məlumatlarının fərqli olması ilə əlaqədardır. Bütün bunlara baxmyaraq, mövcud nüvə silahlarının çox kiçik hissəsinin tətbiqi bəşəriyyət üçün böyük fəlakətlər vəd edir.

Ciddi suallar

Əslində “Kalibr” və “İskəndər” raketlərini Ukraynaya qarşı tətbiq etməklə Rusiya nüvə başlığı daşımayan çəkindirmə silahlarından aktiv istifadə edir. Lakin konvensional başlıqlar Rusiyaya 2014-cü ildə Krımın ilhaqı zamanı maneəsiz və sürətli müdaxiləni təmin etmədi. Digər tərəfdən isə Qərbin Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etməsi Putinin Strateji Çəkindirmə Qüvvələri barədə məlum qərarı verməsinə səbəb oldu.


Belə çıxır ki, kim bundan sonra Putinin ünvanına sərt söz desə, biz Rusiyanın Çəkindirmə Qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçidini müşahidə edəcəyik? Birdən belə bir sərt ifadəni Moskvada yaşayan rus vətəndaş işlətdi? Məsələn Ümumrusiya Zabit İttifaqının sədri, general-polkovnik Leonid İvaşov Putinin idarəetməsinə qarşı çox sərt çıxış edib. Ona qarşı da nüvə silahı döyüş vəziyyətinə gətiriləcək? Rusiya KİV-ləri və rəsmiləri oponentlərinə və rəqiblərinə qarşı daha çox halda etikadan kənar fəaliyyətlərə yol veriblər. Odur ki, sərt bəyanat barədə deyilənlər inandırıcı deyil.

Digər tərəfdən, daha əvvəl qeyd etmişdim ki, Strateji Çəkindirmə Qüvvələri (SÇQ) “Rusiya Federasiyasına və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq, habelə təcavüzkarı darmadağın etmək” üçün nəzərdə tutulur. Diqqət etdinizmi: burada təcavüzün qarşısının alınmasından bəhs edilir. İndi sual yaranır: Rusiya və ya onun müttəfiqlərinə qarşı kim və nə vaxt təcavüz edib? Rusiya KTMT-ni yaradanda və NATO sərhədində olan Belarusu və ya Ermənistanı bu təşkilata üzv qəbul edəndə ABŞ və ya Türkiyə ölü Ermənistana müdaxilə edə bilməzdi?

Əgər NATO tərəfindən aşkar müdaxilə olmayıbsa, Rusiyanın dünyanı nüvə silahı ilə təhdid etmək zərurəti haradan yaranıb? Siyasi liderlər baş verən hadisələrə dünyanın təhlükəsizliyi, beynəlxalq konvensiya və qanunlar kontekstindən baxmalıdırlar, imzasına və verdiyi sözlərə hörmət etməlidirlər, qonşuların seçiminə, rəqib olsalar belə, adekvat yanaşmalıdırlar, belə olmadıqca nəinki dünyamız qeyri-sabit qalacaq, hətta getdikcə daha ciddi təhdidlərə qarşı mübarizə aparmalı olacağıq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Nüvə  





Xəbər lenti