“Rusiya KTMT-ni Ukraynaya çəkmək istəyir” – Qırğız politoloq

   “Rusiya KTMT-ni Ukraynaya çəkmək istəyir” –    Qırğız politoloq
  08 Mart 2022    Oxunub:3678
Martın 3-də Rusiya prezidenti Vladimir Putin KTMT-nin sülhməramlı fəaliyyətinə dair dəyişikliklərlə bağlı protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib. Sənəd “Əlaqələndirici dövlət” konsepsiyasının tətbiqini nəzərdə tutur. Belə ki, BMT-nin sülhü təmin etmə əməliyyatlarında iştirak etmək üçün kollektiv qüvvələr “Əlaqələndirici dövlət”in nəzarətilə formalaşdırılmalıdır.
Rusiyanın KTMT-nin sülhməramlı fəaliyyətinə “əlaqələndirici dövlət” statusunun daxil edilməsi təşəbbüsü nədən xəbər verir? Qırğızıstanlı politoloq Murat Beyşenovun AzVision.az -a dediyinə görə, KTMT-də “əlaqələndirici dövlət” anlayışı BMT-nin əməliyyatlarında iştirak etmək üçün kollektiv qüvvələri öz rəhbərliyi altında formalaşdıran dövlət deməkdir:

- Bu, Moskva üçün çox vacibdir. Düşünürəm ki, bu addım Rusiyaya əlindəki qüvvələri müəyyənləşdirməyə imkan verəcək. Söhbət müttəfiqlərdən gedir. Onların fəaliyyətini qanuni çərçivəyə salmaq lazımdır ki, Rusiyanı dəstəkləsinlər. Moskva gözləyir ki, bu statusun tətbiqi olunması reaksiyaları qat-qat sürətləndirəcək. Ümid edək ki, reaksiyalar təsirli olacaq və öz bəhrəsini verəcək. Çünki Rusiya təcrid olunaraq tək qalır. Müttəfiqlərdən dəstək yoxdur. Odur ki, bu prosedur, yəni “əlaqələndirici dövlət” anlayışının tətbiqi müttəfiqliyi hüquqi baxımdan möhkəmləndirəcək. Bu isə o deməkdir ki, Qazaxıstan, Qırğızıstan, Belarus, Ermənistan və Tacikistan kimi dövlətlər NATO formatında olduğu kimi, müəyyən əməliyyatlarda iştirak etməli olacaq, heç bir “bəhanə” tapa bilməyəcəklər. Ona görə də bu, Rusiya üçün çox vacib qərardır.


Beyşenovun sözlərinə görə, Qazaxıstanda qismən sülhməramlı əməliyyat keçirilməsi təcrübəsi var. “Bu təcrübədən istifadə olunacaq. Onsuz da bu münaqişə, Rusiyanın hərbi əməliyyatı gec-tez bitəcək. Sülhün necə olacağı bəlli deyil, amma mütləq fərqli olacaq: gərgin, kövrək. Belarusdan başqa KTMT-yə üzv olan ölkələrin heç biri Ukrayna ərazisində hər hansı fəaliyyətlə məşğul olmağa razılaşmayacaq. Amma hərbi əməliyyatlardan, hər şey bitəndən, danışıqlardan və saziş imzalanandan sonra “DXR” və “LXR” ərazilərində ola bilərlər və olacaqlar. BMT və bütün Qərb ölkələri KTMT-nin Ukrayna ərazisində sülhməramlı missiyasına razı olmayacaqlar, bu, əlbəttə ki, çətin olacaq”, - politoloq qeyd edib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: KTMT   Rusiya  





Xəbər lenti