Qarabağı "dezo" səviyyəsinə endirməyin!

      Qarabağı "dezo" səviyyəsinə endirməyin!
  13 Mart 2022    Oxunub:4317
Ədalər Verdiyev, hərbi ekspert

Sosial şəbəkələrdə Xankəndinin, Xocalının və Xocavəndin Azərbaycan Ordusu tərəfindən azad olunması ilə bağlı yayılan görüntülər, səs yazıları həqiqətə uyğun deyil. Bu barədə mən də çoxlu sorğular alıram. Hazırda Qarabağda və Şərqi Zəngəzurda əməliyyat şəraitində dəyişiklik yoxdur.
Doğrudur, atəşkəsin ermənilər tərəfindən pozulması intensivləşib və buna görə də erməni silahlılarının mövqelərinə cavab atəşi açılır. Düşmən artıqlaması ilə cavabını alır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlılarının bəzi mövqelərindən geri çəkildiyini istisna etmirəm.

Kimsədən çəkinəcəyimiz yoxdur - nə ermənidən, nə də onları himayə edən general Volkovdan. Ortada üçtərəfli birgə Bəyanat var: rusu da, ermənisi də ərazimizdən çıxarılacaq. Kimisi tez, kimisi gec, amma bu, 2025-ci ilin sonuna kimi olacaq. Heç kimin ağlı Ukraynaya, Gürcüstana və ya Moldovaya getməsin. Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və adı çəkilməyən digər yaşayış məntəqələri tamamilə Azərbaycana məxsusdur, bu ərazilər mütləq azad olunmalıdır, olunacaqlar da. Amma bu barədə məlumat təsdiqlənəndən sonra paylaşılmalıdır.

Rusiya sayəsində erməni silahlılarının hələ də gəzdiyi torpaqlarımıza qayıtmaq hamımızın arzusudur, amma bu mövzuda 18 ay əvvəlin videosunu paylaşaraq, spekulyasiya etmək yanlış addımdır. Nəzərə almalıyıq ki, həmin ərazilərdə minlərlə hərbçimiz xidmət edir və onların valideynləri də vəziyyətin bu dərəcədə gərginləşməsindən narahat olurlar.

Hazırda əməliyyat şəraiti Ordumuzun tam nəzarəti altındadır. Əvvəllər olduğu kimi, düşmənə qarşı müəyyən hərbi təzyiqlərimiz davam edir. İtkimiz yoxdur. Qarabağdakı seperatçı rejim və təmas xəttində yerləşən erməni silahlaları isə dərin sarsıntı keçirirlər. Hər şey gözlədiyimizdən də yaxşı olacaq.

Allah qəhrəman Ordumuzu qorusun!



Teqlər: Qarabağ  





Xəbər lenti