“Sanksiyalar yeni şanslar yaradacaq” – Türkiyəli keçmiş nazir (AUDİOKAST)

   “Sanksiyalar yeni şanslar yaradacaq” –    Türkiyəli keçmiş nazir (AUDİOKAST)
  14 Mart 2022    Oxunub:3689
Bülent Akarcalı Saint Joseph Fransız Liseyinin və Brüssel Universitetinin İqtisadiyyat fakültəsinin məzunudur. Həmin fakültədə İqtisadi Təhlil və İqtisadi Siyasət üzrə magistr təhsilini tamamlayıb, daha sonra eyni universitetdə elmi işçi vəzifəsində çalışıb. Türkiyəyə qayıtdıqdan sonra xarici ticarət və müqavilə xidmətləri, sığorta sahəsində işləyib. Türk Demokratiya Vəqfinin qurucusu və prezidenti, İstanbul Bilgi Universitetinin qurucusu və direktorudur.
O, siyasi həyatında 17-ci, 18-ci, 19-cu, 20-ci və 21-ci dövrlərdə ANAP İstanbul millət vəkili, səhiyyə, sosial yardım naziri və turizm naziri olub. Evlidir, iki övladı var, fransız və ingilis dillərini mükəmməl bilir.

AzVision.az -a müsahibəsində cənab Akarcalı Rusiyaya qarşı aparılan iqtisadi müharibənin səbəb və mümkün nəticələrini maraqlı aspektlərdən şərh edib.

- Rusiya və Ukrayna arasındakı müharibə dünyanın iqtisadi gündəmində qeyri-müəyyənlik yaradıb. Ekspertlər qlobal böhrandan bəhs edirlər. Siz necə düşünürsünüz?
- Dünyada bir müddətdir iqtisadi sıxıntı mövcud idi. Amerikada infliyasiya yüksəlirdi, Avropa Birliyi siyasi baxımdan zəifləmişdi. İngiltərənin ayrılması, Merkelin yerinə gələn hökumətin zəifliyi AB-nin xeyrinə işləmirdi. Makron onsuz da bacarıqlı prezident deyildi. Bu uğursuzluqlar iqtisadiyyata da təsir etməli idi, etdi də. Həmin təsir Türkiyəyə də artıq çatmışdı.



Rusiya-Ukrayna müharibəsi isə ayrı bir problemə çevrildi. Müharibə olmasaydı belə, sanki hər kəs pulunu cibində saxlamağa çalışırdı. İndi Rusiyaya bir çox sanksiyalar tətbiq edilib. Amma həmin sanksiyalar Avropa və Amerikaya da təsir edəcək. Rusiya Qərbdə xüsusi çəkisi olan bir ölkədir. Sanksiyalar ikibaşlı olacaq. Mənfi təsirlərini hər kəs hiss edəcək. Məsələn, alman şirkəti “Volkswagen” Rusiyadakı zavodunun fəaliyyətini dayandırırsa, Rusiya da pul itirir, “Volkswagen” də. Eləcə də digər şirkətlər.
Yəni ciddi şəkildə iqtisadi azalma gözlənilir. Təbii ki, Rusiya çox pul itirəcək. Ancaq gördüklərimdən gəldiyim nəticə budur ki, Putin bütün tədbirləri görüb. Fikrimcə, hər şeyi düşünüb. Özünün də qeyd etdiyinə görə, Rusiya 600 milyard dollar tədarük edib. Qazını və benzinini Qərb almasa, başqalarına satacaq. Əlbəttə ki, alacaqların arasında Türkiyə də var.
“Müharibə yeni qaydalar gətirəcək” – Turqay Türker (Müsahibə + Podkast)

Amerika və Avropanın başlatdığı bu sanksiyalar gələcəkdə “bumeranq effekti” verərək, özlərinə dəyəcək. Fikrimcə, bir müddət sonra bu sanksiyalarla bağlı yenidən düşünməyə başlayacaqlar. Elə isə sual yaranır ki, bəs bu sanksiyalara nə ehtiyac var idi? Çünki hərbi tərəfdən Rusiyaya qarşı çarəsizdirlər. Bu gün Qərbin operativ hərbi əməliyyatlar gerçəkləşdirəcək ordusu yoxdur. NATO 30 ölkədən ibarət, 25-26 dilin danışıldığı, hərbi komandanlıqların bir-birlərilə zorla dil tapdığı qurumdur. Bu səbəbdən də qərar qəbul edə bilmirlər. Ən vacibi isə, NATO-nun hansısa qərar qəbul etməsi üçün bütün üzvlərin yekdil səsi lazımdır. Yəni bir üzv “yox” deyərsə, o qərar qəbul edilmir. Bu səbəbdən, NATO Ukrayna məsələsində bol-bol sözlər dedi, ancaq icraatda heç bir şey edə bilmədi.

İlk gündən demişdim, Niksondan bu yana hər Amerika prezidentinə bir müharibə lazım olub. İraq müharibəsi də yalana söykənmiş bir müharibə idi. İraqda kimyəvi silahların olduğu deyildi, ancaq ortaya bir şey çıxmadı. Saxta sübutlar gətirməyə çalışdılar, hamısı ifşa oldu. Rusiyanın Ukraynaya hücum edəcəyi haqqında Amerikanın əlində öncədən bütün bilgilər var idi. Amerika hər şeyi bildiyi halda Ukraynaya yardım etmədi. Hətta hava məkanını bağlaya da bilərdi. Amma etmədi, çünki Amerikanın Ukraynanı Rusiyaya qurban verərək, Avropanı qorxudub, yenidən öz ətrafında birləşdirmək niyyəti var idi. Bunu Bayden prezident seçiləndə bəyan etmişdi. “Amerika geri döndü” sözlərini hər kəs yaxşı xatırlayar. Bayden bildirmişdi ki, “Avropa ilə hərbi gücümüzü birləşdirib, gücləndirəcəyik”. Budur, məqsədinə çatdı. Putin isə bilərəkdən və ya bilməyərəkdən Amerikanın bu oyununa alət oldu.

- Xəzərətrafı ölkələrin Rusiyaya tətbiq edilən sanksiyalardan təsirlənməsi mümkündürmü?
- Hər kəs sanksiyaların hansısa təsirini hiss edəcək. Ancaq fikrimcə, Azərbaycan daha az təsir görəcək. Çünki Azərbaycanın Rusiyaya ixrac etdiyi mallar o qədər də çox deyil. Bu səbəbdən, Azərbaycanın sanksiyalardan ən az təsir görəcək ölkə olacağını düşünürəm.

Xəzərətrafı ölkələrə hansısa sanksiya tətbiq edilərsə, tam əks proseslər baş verə bilər. Belə ki, bu ölkələri Rusiya ilə yaxınlaşdırmış olarlar. Əgər hansısa sanksiya qoyulsa, bu, çox böyük bir səhv olar. Həmin sanksiyaları Gürcüstan və Ermənistana da tətbiq etməli olacaqlar, bu isə mümkün deyil. Azərbaycan da, Türkmənistan da, hətta qismən Qazaxıstan da bu müharibədə tərəf tutmadıqlarını bəyan ediblər. Bu səbəbdən, hansısa sanksiyadan söhbət gedəcəyini düşünmürəm. Heç Türkiyə də buna imkan verməz. Türkiyə başda Azərbaycan olmaqla türkdilli ölkələrin bu məsələlərə qarışdırılmasına razı olmaz.



- Bəs baş verənləri hansısa müsbət tərəfə çevirmək mümkündürmü?
- Dediyim kimi, Azərbaycan çox az təsirlənə bilər. Çünki əvvəla, nefti var. İkincisi, oturuşmuş bir ölkədir. Qarabağ zəfəri ilə də xalqın əhval-ruhiyyəsi yerindədir. Sabitlik də yerindədir.
Təbii ki, Rusiyaya tətbiq edilən sanksiyalar ümumilikdə dünya iqtisadiyyata təsirsiz ötüşməyəcək. O cümlədən, Qərbin Rusiya qazına və neftinə sanksiyası səbəbindən Azərbaycanın və Orta Asiya ölkələrinin qaz və neftini Qərbə satma imkanları çoxalır. Enerjidaşıyıcılarının qiymətindəki sürətli artım isə Azərbaycan, Türkmənistan və Qazaxıstanın daha çox pul qazanmalarını təmin edəcək.
Rusiya Qərbdən daha heç bir şey idxal edə bilməyəcəyi üçün, Türkiyədən daha çox idxal edəcək. Türkiyə böyük ixracat ölkəsidir. Otuz min çeşiddə mal ixrac edir. Bu səbəblə Rusiya Türkiyədən əvvəlkindən daha çox almağa başlaya bilərlər.
Azərbaycanla da Rusiyanın ticarət əlaqələri yaxşıdır. Türkiyə Azərbaycan vasitəsilə də Rusiya ilə ticarəti inkişaf etdirə bilər. Azərbaycan və Türk iş adamları birləşib Rusiyaya yeni bir kanal, yol aça bilərlər.
Ümumən Qafqaz Rusiyanın bu sıxıntılı günlərində bir sistem qura bilər. Azərbaycanın liderliyi ilə Qafqaz iqtisadi birliyinin qurulması imkanı da yarana bilər.
Digər bir vacib məsələ də rusiyalı oliqarxların Qərblə əlaqəsinin kəsilməsidir. Həmin oliqarxlar bundan sonra hara üz tutacaqlar? Əlbəttə ki Türkiyəyə, Türkmənistana, Qazaxıstana, Özbəkistana... Bu ölkələrdə hər kəs rus dilini də bilir. Onlar üçün daha rahat olacaq.
Böhranlar həm də fürsətlər və şanslar deməkdir. Bu şans, düşünürəm ki, Türk dünyasının üzünə güləcək. İqtisadi tərəfdən daha da inkişaf etmiş bir Azərbaycan və “tək millət” konsepsiyası ilə bərabər güclənən Türkiyə və Azərbaycan birliyi olacaq.
Ən böyük mənfi təsir isə İranı gözləyə bilər.

- Dünyanın yeni iqtisadi düzəninin yaranması haqqında fikirlərə necə yanaşırsınız?
- Amerika İkinci Dünya Müharibəsindən sonra qurduğu sistemi dəyişməyə qoymaz. Daha ətraflı desək, ikinci dünya müharibəsindən sonra qurulan hərbi sistem NATO idi, siyasi sistem Birləşmiş Millətlər Təşkilatı, iqtisadi sistem isə dolların bütün dünyada hakimiyyətini quran BVF ilə Dünya Bankı. Amerika bu sistemlərə zərbə vurulmasına icazə verməz. Bu sistemlərə nəsə olsa, dünyadakı hakimiyyətini itirər.
Dünya Ticarət Təşkilatı da, Dünya Səhiyyə Təşkilatı da Amerikanın əlindədirlər. Məsələn, Dünya Səhiyyə Təşkilatının fəaliyyəti Amerikanın dərman sənayesinin dünyaya hakim olmasını təşkil etməkdir. Eləcə də Dünya Ticarət təşkilatının fəaliyyəti Amerikanın maraqlarına uyğun qurulur. Əgər bu sanksiyalardan sonra Çin hərəkətə keçərsə, o zaman Rusiya, Çin, Uzaq Şərq ölkələri birlikdə yeni sistem qurmağa çalışa bilərlər. Bu da çox çətin məsələdir. Çünki istər Rusiyanın, istərsə də Çinin beynəlxalq maliyyə-bank sferasında o qədər də böyük çəkisi yoxdur. Pulları var, ancaq heç bir sistemin içində yoxdurlar. Bu gün Amerikanın ən çox borclu olduğu ölkə Çindir. Çinin əlində 3 trilyona yaxın ABŞ xəzinə vekselləri var, bunları sata bilər. Ancaq o zaman da bu veksellərin qiyməti düşəcək. Bu da Çin üçün ziyandır. Diqqət etsək görərik ki, Çin uzaq şərqdə olan ölkələrin az qala hamısını ticarətlə ələ keçirmiş vəziyyətdədir. Bu vəziyyətdə ən son istədiyi şey Amerika ilə üz-üzə gəlməkdir. Çünki Uzaq Şərqdə ürəyi istəyəni edir. Qabağında heç bir maneə yoxdur. Əgər Amerika ilə arası pisləşsə, o zaman Yaponiya başda olmaqla Tayvan, Cənubi Koreya, Avstraliya, hətta Filippin və İndoneziyanı da qarşısında görmək ehtimalı var. Niyə bunu etsin?

Bu işdən ən karlı çıxan ölkə Amerikadır. Türkiyənin Amerika ilə bəzi münaqişələri həll etmək imkanı yaranacaq. Türkiyə Amerikaya deyə bilər ki, “mənim NATO-da böyüməyimi, güclü olmağımı istəyirsənsə, Suriyada terrorçulara silah satışını dayandır. Əgər bunları etmirsənsə, o zaman mən Rusiya ilə əlaqələrimi inkişaf etdirirəm. Suriya ilə də problemləri həll edərəm”.

Digər tərəfdən, Rusiyanın Ukraynaya hücumunun başlıca səbəblərindən biri NATO-nun Ukraynanı silahlandırmasıdır. Biz də neçə müddətdir Yunanıstana deyirik ki, adalardakı silahları yığışdırsın. Lozanna müqaviləsinə görə adalarda silah yerləşdirilməsi qadağandır. Yunanıstan isə qadağalara baxmayaraq, adaları silahlandırıb. Biz Amerikadan bu silahların çıxarılmasını tələb edə bilərik.

Bu hadisələrdə ikiüzlülük edə ölkələrdən biri də Ermənistandır. Həm Avropadan, Amerikadan dəstək istəyirlər, həm də Rusiyanın yanındadırlar.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:   Sanksiya   Rusiya   Türkiyə   Qərb  





Xəbər lenti