Quzu cildinə girmiş qurdlar – ARAŞDIRMA

Quzu cildinə girmiş qurdlar – ARAŞDIRMA
  03 Aprel 2013    Oxunub:1852
“...Çəkinin; onlar yanınıza quzu cildində gələrlər, fəqət daxildə yırtıcı qurdlardır”
(Matta İncili 7-ci fəsil 15-ci ayə)


19 milyonluq orduyla üzbəüz

“Hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Ancaq qeydiyyatdan keçməyən, faktiki işləyən təşkilatlar da var ki, onların fəaliyyəti bir sıra suallar doğurur. Qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir... Mövcud qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bir sıra hallarda bu təşkilatların əsl hədəfləri qeyri-müəyyən qalır. Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarlar dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Bəzən həmin saxta QHT-lər diplomatik müdafiədən də istifadə etməkdən çəkinmirlər.

Aparılan təhlillər göstərir ki, hətta qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə vəsaitinin ayrılması davam etdirilir və onların barəsində məlumatlar verilmir. Vəsaitlərlə bağlı aparılan əməliyyatlar, məlumatsızlıq latent korrupsiya təzahürlərindən xəbər verir.

...Bəzi beynəlxalq QHT-lər reallıqda mandatlarına aid olmayan məsələlərlə məşğuldurlar. Onlar rəsmi olaraq müəyyən qrant layihəsi elan edir, lakin reallıqda tamamilə başqa, bir çox hallarda dağıdıcı məqsədlər üçün vəsait ayırırlar. Təhsil sahəsində ixtisaslaşan bəzi təşkilatlar qeyri-təhsil layihələrini, qaçqın və məcburi köçkünlərə yardım etməli olan beynəlxalq QHT-lər müxalifət QHT-lərini maliyyələşdirməklə məşğul olurlar. Onların donorları qrant verəndə pulun nəyə xərclənəcəyini yaxşı bilirlər. Demək, əsl məqsəd təhsilə, qaçqınlara və məcburi köçkünlərə yardım layihələri deyil, öz təsir dairələrini genişləndirməkdir. Hətta humanitar təşkilat kimi qeydiyyatdan keçən bəzi xarici QHT-lər anlaşma memorandumlarına zidd olaraq Vergilər Nazirliyində qeydiyyatdan keçməklə kommersiya fəaliyyəti ilə məşğul olurlar”.


Bu fikirləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində bildirib. Müsahibə beynəlxalq QHT-lərin fəaliyyətinə diqqəti artırır. İstər-istəməz “beynəlxalq QHT nədir və onların fəaliyyəti niyə Azərbaycanda birmənalı qarşılanmır? Və ya belə problemlər yalnız Azərbaycandamı yaranır?” kimi suallar ortaya çıxır. Məqalədə bu suallara qismən də olsa, cavab verməyə çalışacağıq.

BMT-nin İnsan İnkişafı Hesabatına görə 40 minə yaxın INGO (İnternational Non-Governmental Organisations - beynəlxalq qeyri-hökumət təşkilatı), milli sərhədlərə məhəl qoymadan fərqli sahələrdə fəaliyyət göstərir. Bu say hər il müntəzəm şəkildə artır.

Sovet İttifaqının dağılmasından sonra beynəlxalq meydanda fəaliyyət göstərən QHT sayında bir bum yaşandı. Dünyadakı bütün beynəlxalq QHT-lərın dörddə birinin 1990-cı ildən sonra qurulmasıdır. Bir tədqiqata görə - qazanc niyyəti güdməyən təşkilatlar kimi nəzərə alınanda - qlobal vətəndaş cəmiyyəti dünyanın səkkizinci böyük iqtisadiyyatı olacaq qədər maliyyə qüdrəti, yəni 1,1 trilyon dollarlıq bir gücü və 19 milyon civarında əməkdaşı olan bir sektordur. Əgər beynəlxalq QHT-lərin gücü bir dövlətdə birləşsəydi, bu dünyanın 8-ci böyük iqtisadiyyatı olardı.

Dövlətlər, xarici siyasət əməliyyatlarını QHT-lər vasitəsilə həyata keçirirlər. İqtisadi-sosial inkişaf, bəzən infrastruktur layihələrinin həyata keçirilməsi üçün qrantlar yerli hökumətlərə deyil, orada fəaliyyətdə olan QHT-lərə verilir. Beləliklə, bu və ya digər beynəlxalq QHT güclü bir sektor kimi ölkəyə daxil olur. Fövqəlqüvvələr ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə xarakterli əməliyyatları da QHT-lərin əliylə icra edir. 2000-ci illər ərzində Serbiyada, Gürcüstanda, Ukraynada və Qırğızıstanda ard-arda baş vermiş iqtidar dəyişiklikləri QHT-lərın əl işləridir.

Qərb cəmiyyətlərinin mülki enerjisindən qidalanan və müəyyən qədər müxalif xüsusiyyəti olan beynəlxalq QHT-lərlə (Medecins sans Frontier, Greenpeace) yanaşı, birbaşa hökumətlər və böyük şirkətlər tərəfindən maliyyələşən və istiqamətləndirilən beynəlxalq QHT-lər (ABŞ Dövlət Departamentinin bir təşkilatı olan USAID (United States Agency for International Development)-in çətiri altında olanlarla, “SustainAbility” şirkəti tərəfində istiqmətləndirilən və böyük şirkətlər tərəfindən maliyyələşdirilən beynəlxalq QHT-lər (“Amnesty International”in “DuPont” və “VanCity” tərəfindən dəstəklənməsi kimi) bir-birinin içinə girmiş vəziyyətdədir. Beynəlxalq QHT-lərin idarə olunması sahəsində iki ölkə əməkdaşlıq içində ön plana çıxır:

ABŞ və İngiltərə

Beynəlxalq QHT-lərin ən mühüm dəstəkçiləri arasında transmilli şirkətlər yer alır. Özəl şirkətlərin təbii ki, böyük beynəlxalq şirkətlərin beynəlxalq QHT-lərə verdiyi dəstəyin səbəblərini belə sıralamaq olar:

Birincisi, “kapitalizmi mədəniləşdirmək”. Fövqəlqüvvələr dünyanı idarə etmək üçün yeganə etibarlı vasitə olan sərbəst bazarın hakimiyyətinə “mədəni” bir görünüş verilməli olduğuna inanırlar.

İkincisi, böyük şirkətlər tez-tez ekoloji fəlakətlərə səbəb olduğu, yerli xalqları istismar etdikləri üçün ciddi ittihamlara məruz qalırlar. Adətən, yerli ictimai fəallar, müstəqil media böyük şirkətlər əleyhinə kampaniya aparırlar. Sözügedən böyük şirkətlər maliyyələşdirdikləri QHT-lər vasitəsilə əks kampaniyalara başlayırlar.

Üçüncüsü, bütün böyük şirkətlərin müştərək mənafeyini ifadə edən, vahid bazar idealı var. Sabit və etibarlı bazar daxilində çalışmaq şirkətlərin əsas məqsədidir. Bunun üçün sərfəli hüquqi qaydalara və sözəbaxan siyasi rejimlərə ehtiyac var. Azərbaycanda bir çox beynəlxalq QHT-lərin qanunverici təşəbbüslərlə çıxış etməsini yada salmaq yerinə düşərdi.

Məhz buna görə insan hüquqları sahəsində çalışdıqları iddia olunan Amnesty International, Human Rights Watch kimi QHT-lər özəl şirkətlər tərəfindən maliyyələşdirilir.

Mərkəzi Londonda olan “SustainAbility” ilə mərkəzi Vaşinqtonda olan “CorCom” şirkətlərinin gördüyü iş də, özəl şirkətlərlə QHT-lər arasında əməkdaşlığı inkişf etdirməkdir.

“Troya atları”

Xüsusən də böyük şirkətlər qurduqları beynəlxalq QHT-lər vasitəsilə beynəlxalq əməliyyatlar həyata keçirir (Soros Fondu “Açıq Cəmiyyət” və Bill Geytsin Fondu kimi), kəsəsi, beynəlxalq QHT-lər mülki cəmiyyət təşkilatları xüsusiyyətindən uzaqlaşır, dövlətlərin və böyük şirkətlərin əməliyyatçı strukturları kimi böyük rollar oynayırlar.

Tanınmış türk tədqiqatçısı, professor Mümtazər Türkönə haqlı olaraq qeyd edir ki, dövlətlərin öz xarici siyasət fəaliyyətlərini beynəlxalq QHT-lər vasitəsilə həyata keçirdikləri və böyük şirkətlərin siyasi nüfuz və bazar mənafeləri naminə beynəlxalq QHT-ləri “Troya atı” kimi istifadə etdikləri aşkarlanar.

Beynəlxalq QHT-lərin şirkətlərlə əməkdaşlığı şirkətin gördüyü işlərə legitimlik qazandırır. Şirkətlər sərmayə qoyduqları bir çox sahədə beynəlxalq QHT-lər vasitəsilə yerli xalqla ünsiyyətə girməyə üstünlük verir. Məsələn, “Amnesty International”ın Norveçdəki şöbəsi, “Statoil” işçilərinə şirkətin Üçüncü Dünya ölkələrində fəaliyyətləri zamanı ortaya çıxa biləcək insan hüquqları pozuntularının qarşısının alınması üçün təlim verir.

Buşu təriflə, pul al

Dövlətlərin öz strukturlarında yaratdıqları akreditə olunmuş qurumlar vasitəsilə beynəlxalq QHT-lər üzərində idarəedici təsirləri var. Aradakı maliyyə asılılığı dövlətlərin tələblərini də artırır. Bu baxımdan ABŞ-da son dövrdə gedən mübahisələr olduqca maraqlıdır. 2003-cü il iyunun 13-də USAID direktoru Endryü Natsios “Amerikan QHT-ləri qrant və inkişaf fondlarından pul almaq istəyirlərsə, Buş iqtidarı ilə əlaqələrini vurğulamalıdırlar” deyə bəyanat verib. Natsiosa görə, QHT-lər Amerika hökumətinin bir qolu olduqlarını vurğulamalıdırlar. İraqlı və əfqan uşaqlar onlara verilən ərzağın Corc Buş tərəfindən göndərildiyini bilməlidirlər”.

Qısaca, dövlət QHT-ləri verdiyi maliyyə dəstəyi qarşılığında hökumətin təbliğatını aparmağa borclu edir.

Xatırlatmağa zərurət var. Bir zamanlar ən “bərkgedən” -Qərb qrantlarından ən çox istifadə edən yerli QHT-miz ADİF (Azərbaycanda Demokratiyanın İnkişafına Yardım Fondu) hesab olunurdu. O zaman mətbuatda ADİF-in sədr müavini (əslində faktiki rəhbəri) fəal (artıq sabiq) AXCP-çi Fuad Mustafayevin öz başının üstündən Corc Buşun portretini asdığı, portretin də üzərində“Şef vseqda prav”sözləri yazıldığı haqda məlumatlar getmişdi. O illər bu məlumatı AXCP-nin islahatçılar qanadına rəqib olanların dezinformasiyası sayanlar olmuşdu. Amma F.Mustafayev bunu təkzib etmədi, sadəcə bir zarafat olduğunu söyləməklə kifayətləndi. İndi aydın olur ki, nə dezo, nə də zarafat imiş - ADİF vasitəsilə maliyyələşənlərə xatırlatma imiş - kimə işlədiyinizi unutmayın. Çünki bu tələb qrant ayıranların özündən - ta USAİD-dən gəlirmiş.

R.Mehdiyevin yazının girişində iqtibas etdiyimiz müsahibəsində “Bu günlərdə yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumat yayıldı. Əgər orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq”- deyə vurğulanır.

Artıq bu istiqamətdə ilikin addımlar da atılıb. Azərbaycan Respublikasının baş prokuroru ABŞ səfirliyinə sorğu göndərib. Səfir Riçard Morninqstar isə şimal bölgəsinə səfəri zamanı Azadlıq Radiosuna verdiyi müsahibədə deyib ki, Milli Demokratiya İnstitutu Azərbaycanda uğurlu fəaliyyət göstərir: “Bu fəaliyyətin məqsədi icmaların inkişafından və vətəndaş cəmiyyətini irəliyə daşımaqdan ibarətdir. Əminəm ki, bütün bu məsələlər aydınlaşandan sonra Milli Demokratiya İnstitutunun Azərbaycanda necə şəffaf və uğurlu fəaliyyət göstərməsi bir daha sübuta yetiriləcək”.

Beynəlxalq QHT-lərin fəaliyyəti ilə bağlı yaranmış narahatlıqlar Rusiya, Qazaxıstan, hətta Türkiyədə aktiv şəkildə müzakirə olunur. Rusiya bu təşkilatların fəaliyyətinə məhdudiyyətlər qoyulması, bəzilərininsə fəaliyyətinə sadəcə xitam verilməsi istiqamətində real addımlar da atıb. Bu barədə istər türk, istər rus, istərsə də Azərbaycan mediasında kifayət qədər informasiyalar verildiyindən, bu məsələyə geniş yer ayırmayacağıq. İş ondadır ki, həmin QHT-lərin fəaliyyətləri ABŞ-ın özündə də suallar doğurur.

Qlobal vətəndaş cəmiyyəti vasitəsilə bəslənən beynəlxalq QHT -lərın əhəmiyyəti ABŞ-ın Əfqanıstan və İraqa qarşı apardığı müharibədə daha qabarıq şəkildə ortaya çıxdı. İraq müharibəsi zamanı Buş hakimiyyətinə yaxınlığıyla tanınan və ölkənin ən nüfuzlu “think tank” (beyin mərkəzi) təşkilatlarından biri olan American Enterprise Institute (AEI) ABŞ-ın uzun müddətdir xarici siyasət hədəfləri naminə vasitəyə çevirməyə çalışdığı beynəlxalq QHT-lərın artıq bu hədəflərə xələl gətirə biləcək tərzdə davranmağa başladıqları haqda xəbərdarlıq etdi. AEI və layihə tərəfdaşı - “The Federalist Society For Law and Public Policy Studies” əsas narahatlıqlarını mütərəqqi, liberal, BMT və digər beynəlxalq təşkilatların dəstəklədiyi beynəlxalq QHT -lərın inkişafında olduğunu qeyd etmişdilər.

Azərbaycan standartı

Prezident İlham Əliyev ötənilki çıxışlarının birində dünyaya ibrət olası Azərbaycan standartlarından bəhs etmişdi. Bu standartların yalnız quruculuq-abadlıq işləri ilə bağlı olmadığına diqqət çəkən prezident vətəndaşlara sosial qayğı, ölkədaxili sabitliyin və təhlükəsizliyin qorunması baxımından da nümunə sayıla biləcək Azərbaycan standartları olduğunu qeyd etmişdi.

Deyə bilərik ki, artq Azərbaycanın dünyaya təqdim etdiyi beynəlxalq QHT standartları da var. Biz belə nümunələrdən ikisinə ötəri toxunacağıq. Heydər Əliyev Fondu Pakistanda, Yəməndə, Balkan ölkələrində həyata keçirdiyi, qarşılığında heç bir ard niyyət güdülməyən layihələri ilə belə bir nümunə, belə bir standart sərgiləyir. Azərbaycan vergiödəyicilərinin vəsaiti ilə fəaliyyət göstərən və təşkilati xarakterinə görə USAİD-i xatırladan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) agentliyi də diqqətçəkici işlər görməkdədir.

Agentlik tərəfindən 2012-ci ildə Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına maliyyə yardımı göstərilib. Həmçinin, Suriyada yaşanan məlum hadisələr nəticəsində bu ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti maliyyə yardımı ayırıb.

AİDA və İslam İnkişaf Bankı arasında Afrikanın 9 ölkəsində görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyasının aparılması barədə razılıq əldə olunub. Qeyd edilən humanitar aksiya çərçivəsində Burkina Fasonun paytaxtı Uaqaduqada və Çadın paytaxtı Encamenada ödənişsiz əsasda göz-katarakt əməliyyatları keçirilib, ümumilikdə görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 1258 insan əməliyyat olunub...

BMT-nin İnkişaf Proqramı və AİDA tərəfindən inkişaf etməkdə olan ölkələrin Dövlət Müəssisələrində Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində Əfqanıstanda Elektron hökumət sisteminin qurulmasına maliyyə ayrılıb. Sözügedən layihə BMT-nin İnkişaf Proqramı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AİDA-nın sıx əməkdaşlığı çərçivəsində həyata keçiriləcək və Əfqanıstan hökumətinin nazirliklərində qeyd olunan sahə üzrə kadrların hazırlanması və hökumətin ümumilikdə səmərəli fəaliyyətinin təşkilinə xidmət edəcək. Və təbii ki, AİDA bunun qarşılığında “əfqan uşaqları bilməlidir ki, onların qarnını doyuracaq bu yardımı ... filan iqtidar edir” kimi minnət qoymur... Bu, Azərbaycan standartlarından uzaq bir yanaşmadır.

Cəmaləddin Həsənoğlu / “Teleqraf”


Teqlər:  





Xəbər lenti